BURADA REKLAMINIZ OLA
BİLƏR

Əminə Məlikova: “Kəlağayının soyuq gündə də bizi isitməsi onun heyrətamiz xüsusiyyətlərindən biridir”

“Kəlağayı Azərbaycanda 350 ildən artıq tarixə malikdir. Ötən əsrin 30-cu illərinədək Azərbaycan ərazisinin, təxminən, 70 faizində baramaçılıqla məşğul olunurdu. Bu gözəl sənət növü bir neçə ustanın birgə əməyinin bəhrəsidir. Kəlağayının hazırlanması mürəkkəb və çoxmərhələli bir prosesdir. Bu proses ipəkqurdu baramalarının toplanmasından başlayır, baramadan ipək sapın alınması, həmin saplardan zərif ipək parçanın toxunması, boyanması və üzərinə naxışların vurulması ilə davam edir. Kəlağayının mahiyyətində onun sakral naxışları dayanır. Bu naxışlar əcdadlarımızın bizə ötürdüyü bir növ ismarıcdır. Onlarda xalqımızın dünyagörüşü, yaddaşı və mənəvi dəyərləri yaşayır. Bu gün Azərbaycanda kəlağayı istehsalı ilə əsasən Şəkidə çalışan, sənətin sirlərini nəsildən-nəslə ötürən ustalar məşğul olurlar. Tarixi İpək Yolunun mühüm məntəqələrindən biri olan Şəki əsrlər boyu ipəkçilik ənənələri ilə tanınıb. Burada artıq bir əsrə yaxın tarixə malik, regionun ən böyük ipək kombinatlarından biri fəaliyyət göstərir. Bu gün həmin müəssisə “Azərxalça”nın tərkibində fəaliyyət göstərən “Azəripək”dir. Bildiyimə görə, İsmayıllı rayonunun özünəməxsus tarixi və sənətkarlıq ənənələri ilə seçilən Basqal kəndində də bir neçə emalatxana fəaliyyət göstərir. Burada irsi kəlağayı ustaları bu qədim sənəti yaşadır, onun incəliklərini yeni nəsillərə ötürürlər...”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova deyib.

 

Direktor bildirib ki, ənənəvi olaraq, hər bir qadının qarderobunda müxtəlif rəngli kəlağayılar olub: “Çünki kəlağayı sadəcə gözəl və əlvan bir aksessuar deyil, həm də yaddaşdır. Qadın ilk kəlağayısını — qırmızı və ya moruq rəngli kəlağayını gələcək həyat yoldaşından, qayınanasından və ya yeni ailəsinin gəlinlərindən birindən hədiyyə alır. Bu kəlağayını ömrü boyu qoruyub saxlayır, sevincli və xoşbəxt günlərində örtür. Qırmızı, moruq rəngli və al kəlağayılar Azərbaycan qadını üçün hər zaman bayramın, sevincin rəmzi olub. Qırmızı rəngin sanki sehrli bir enerjisi var. Bəzən əhvalımız yaxşı olmasa belə, qırmızı kəlağayı örtəndə qəlbimizdə bir bayram ovqatı yaranır. Elə günlər də olur ki, tünd rənglərə üstünlük veririk. Kəlağayının birrəngli nümunələri də var. Bu gün rəng çeşidlərinin zənginliyi qadınlara hər geyiminə uyğun kəlağayı seçmək imkanı verir. Kəlağayı milli geyimimizin ayrılmaz hissəsidir. Onun gözəlliyi ilə yanaşı, gündəlik rahatlığımız üçün də əhəmiyyəti var. Təbii ipək isti havada sərinlik hissi verir, soyuq havada isə istiliyi qorumağa kömək edir. İpəyin bu qədər nazik və zərif olmasına baxmayaraq, kəlağayının soyuq gündə də bizi isitməsi onun heyrətamiz xüsusiyyətlərindən biridir. Bu yaxınlarda televiziyada səhər proqramlarından birində kəlağayı haqqında danışırdım. Gənc aparıcı söhbət zamanı etiraf etdi ki, bir qadını, bir gənc qızı kəlağayıda görəndə ona münasibəti dəyişir — ona daha böyük nəvaziş və hörmətlə yanaşır. Çox səmimi deyilmiş bu sözlər məni sevindirdi. Bu, kəlağayının bu gün də insanların duyğularına təsir etdiyini, nəsillər arasında mənəvi bir bağ yaratdığını göstərir. Rəssamlarımız və digər yaradıcı insanlarımız da müxtəlif dövrlərdə qadınlarımızın ləyaqətini, gözəlliyini və mənəvi zənginliyini kəlağayılı obrazlarda ifadə ediblər. Nə xoşdur ki, bu gün muzeylər vasitəsilə ənənələrimizi düzgün və mənalı şəkildə təqdim etməklə onların dəyərini yenidən kəşf edirik. Ən çətin, qeyri-sabit dövrlərdə belə bir çox sualın cavabını öz ənənələrimizdə tapırıq. Çünki Azərbaycan xalqının ənənələri əsrlərin və nəsillərin müdrikliyini özündə yaşadır”.

 

Aytəkin Qardaşova

Tarix: 14 Oktyabr 2026, 18:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin