BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəbrayılda yük avtomobili ilə piyadanı vuraraq öldürən sürücü ilə bağlı QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Akif Hüseynovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 2025-ci il tarixdə saat 18:35 radələrində Laçın-Cəbrayıl-Füzuli avtomobil yolunda baş verib.

 

Akif Hüseynov müvafiq sürücülük vəsiqəsi əsasında və yol vərəqəsi ilə idarə etdiyi “MAN TGS 19.360 yük” markalı yarımqoşqulu yük avtomobili ilə Füzuli istiqamətində hərəkətdə olub.

 

Məlumata əsasən, həmin yol sahəsində 3.24 nömrəli, maksimum hərəkət sürətini saatda 60 kilometrədək məhdudlaşdıran yol nişanı olsa da, sürücü yük avtomobilini saatda 65–70 kilometr sürətlə idarə edib.

 

Bununla da o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozub.

 

İttihamda bildirilib ki, sürücünün yol hərəkəti qaydalarına əməl etdiyi halda qəzanın qarşısını almaq üçün texniki imkanı olub. Akif Hüseynovun idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə yolu soldan sağa orta yeriş tempi ilə keçən piyada Təbriz Maşıyevi vurub. Hadisə nəticəsində piyada ölüb.

 

Hadisədən sonra Akif Hüseynov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Cəbrayıl Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Məhkəmə Akif Hüseynova 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Hökmə əsasən, təqsirləndirilən şəxs məhkəmə iclası zalından dərhal həbs edilib.

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 15 Oktyabr 2026, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin