BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşusuna bir yumruqla ağır xəsarət yetirdi, 6 il 6 ay həbs cəzası aldı, qərar ləğv edildi

Ali Məhkəmədə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Ümid Şahverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

İttihama görə, hadisə 2024-cü ildə axşam saatlarında paytaxt ərazisində yerləşən küçələrdən birində baş verib.

 

Belə ki, Ümid Şahverdiyev həmin gün saat 21:00 radələrində yaşayış binasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan "Eşqin" adlı şəxslə yüksək səslə danışarkən nalayiq ifadələr işlədib. Səs-küyə etiraz edən qonşusu zərərçəkmiş Xalid Fərəczadə (adı, soyadı şərtidir) ona irad bildirib və ictimai yerdə bu cür davranışa son qoymasını istəyib.

 

Təqsirləndirilən şəxs bu iradı qəbul etmək əvəzinə mübahisəni daha da gərginləşdirib. O, "Eşqin" adlı şəxslə birlikdə bir qrup şəxs halında hərəkət edərək ictimai qaydanı kobud şəkildə pozub, ətrafdakı insanlara açıq hörmətsizlik nümayiş etdirib, zərərçəkmiş şəxsi nalayiq ifadələrlə təhqir edib və münaqişəni fiziki zorakılığa çevirib.

 

Məhkəmə araşdırmaları zamanı müəyyən edilib ki, əvvəlcə "Eşqin" adlı şəxs zərərçəkmişin ağız nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə Xalidin üst dodağının selikli qişasında əzilmiş yara əmələ gəlib və bu xəsarət sağlamlığa yüngül zərər kimi qiymətləndirilib.

 

Bundan sonra Ümid də zərərçəkmişə hücum edərək onun baş nahiyəsinə yumruqla güclü zərbə vurub.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin zərbə nəticəsində zərərçəkmiş qapalı kəllə-beyin travması alıb. Onda baş beyninin sol alın, təpə-gicgah və ənsə paylarında hematomalar, sol alın payında lövhəvari subdural hematoma, eləcə də ənsə sümüyünün xətti sınığı aşkarlanıb. Ekspertiza bu xəsarətləri insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vuran xəsarətlər kimi qiymətləndirib.

 

İttihama əsasən, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirilməsi və zor tətbiqi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri kimi qiymətləndirilib.

 

Araşdırmaların yekununda Ümid Şahverdiyevə qarşı Cinayət Məcəlləsinin xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma maddələri ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən edib. Hökmdən narazı qalan müdafiəçi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Kamal Məmmədov

 

 

Tarix: 15 Oktyabr 2026, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin