BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Türkiyə Prezidentinə vəzifəcə yaxın şəxslər Azərbaycana qarşı məsələdə canfəşanlıq edirlər, peşman olacaqlar”

“Türkiyədə müəyyən qruplaşmaların hicab məsələsi ilə manipulyasiya etmələri Azərbaycan-Türkiyə münasibətlərinə təsir göstərməməlidir. Milliyyətçi Hərəkat Partiyasının rəhbəri hörmətli Dövlət Baxçalı da bu barədə çox gözəl fikirlər söylədi. Axı Azərbaycanda hicab qadağası yoxdur. Gəlsinlər, Azərbaycanı - Bakını, Bakı kəndlərini, rayonları gəzsinlər. Nə qədər hicab bağlayan qadınlarımız, qızlarımız var. Söhbət vahid məktəbli formasından gedir. Yəni məktəbdə uşaqlarımız vahid məktəbli formasında olmalıdırlar. Qərar budur, heç də hicabın Azərbaycanda qadağan olunması deyil! Farspərəst, mollapərəst müəyyən qüvvələrlə yanaşı, Türkiyədəki bir sıra qruplaşmaların da tərkibində kimlər iştirak edir, hansı millətin nümayəndələridirlər, hara qulluq edirlər... Bunların məqsədləri Türkiyə-Azərbaycan münasibətlərini, dostluğunu, qardaşlığını pozmaqdır - qəsdən, bilərəkdən! Nazirlər Kabinetinin qərarını oxusunlar, görsünlər ki, orada “Azərbaycanda hicab qadağan olunur” deyə hansısa bir cümlə var? Qətiyyən belə bir şey yoxdur. Biz Azərbaycan tərəfi olaraq bilirik ki, məsələni körükləyənlər kimlərdir, məqsədləri nədir. Ancaq heç bir şey əldə edə bilməyəcəklər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, Orta Asiya və başqa müsəlman dövlətlərində bu cür qadağalar var, tətbiq də olunur: “Niyə onlara qarşı bu kampaniyalar aparılmadı? Niyə onlara bu cür reaksiyalar yoxdur, amma Azərbaycana qarşı var? Deməli, bu, məqsədlidir. Azərbaycandan nə isə istəmək, Azərbaycanı öz bildikləri kimi idarə etməyə çalışmaq, Azərbaycana nələrisə diktə etmək... Bu fikirlərə düşənlər yanılırlar. Azərbaycan müstəqil, dünyəvi, inkişaf etmiş dövlətdir və inkişaf etməkdə, güclənməkdə davam edirik. Bizə kimsə öz iradəsini zorla qəbul etdirmək istəyirsə, çox səhv edir. Kimsə o iddiaya düşübsə ki, “Biz böyük qardaşıq, biz deyən olmalıdır!” - çox səhv edir! Heç vaxt unutmasınlar, biz də unutmuruq ki, Abdullah Güllə Ermənistan Prezidentinin futbol məsələləri, sülh protokolları, nə bilim, nələr, nələr... 1990-cı illərdə, 2000-ci illərin əvvələrində AKP iqtidarı hakimiyyətə gələn ilk dövrlərdə bizə olan münasibətlərin də heç biri yaddan çıxmır. Belə məsələlərdə iddialı olmaq səhvdir. Qardaşlıqda hamı bərabərhüquqlu olmalıdır. Qardaşlıq kiminsə kimdənsə asılı olması, birinin digəri üzərində hökm verməsi demək deyil”.

 

E.Məmmədov vurğulayıb ki, qarşılıqlı münasibətlər bərabərhüquqlu olmalıdır: “Kimsə sultanlıq iddiasına düşübsə, kiminsə başqa iddiaları varsa, yanlış mövqedədir. Çox təəssüflə qeyd edirəm ki, bugünkü Türkiyə iqtidarına yaxın dairələr, hətta Türkiyə Prezidentinə vəzifəcə yaxın adamlar bu məsələlərdə yaman canfəşanlıq edirlər. Yanılırlar! Və peşman olacaqlar! Azərbaycan Türkiyəyə qarşı münasibətlərində səmimidir, təmizdir və dostluq, qardaşlıq mövqeyində səmimiyyətlə dayanır. Türkiyədən də biz bunu gözləyirik. İnanırıq ki, belə də olacaq. Sadəcə, Türkiyədə müəyyən qüvvələr fars-molla rejiminin hakiminə, təxribatlarına uyublar. Yaxın gələcəkdə Türkiyə özü şahid olacaq ki, bu gün Türkiyə daxilində Azərbaycana qarşı kampaniyaları körükləyən qruplaşmalar sabah həm də Türkiyə daxilində Türkiyəyə qarşı bundan da betər şeylər edəcəklər. Türkiyə bəri başdan öz başına çarə qılsın, bu qruplaşmaların ipini yığsın. Həmin qruplaşmalar iqtidara yaxındırlar, ya uzaq, dəxli yoxdur, fakt Türkiyədə bunlar var. Müxtəlif xarici qüvvələr tərəfindən istiqamətlənirlər. Həmişə deyildiyi kimi, biz bir millət, iki dövlətik. Dostluğumuz, qardaşlığımız sarsılmazdır. Bu, belə də olacaq. Sadəcə, müəyyən yanlış yollara düşənlərə ciddi nəzarət olunmalıdır. Azərbaycanda din, etiqad azadlığı var. Bu gün ölkəmizdə dörd minə qədər məscid fəaliyyət göstərir. Həmin məscidlərdə altı yüz mindən çox insan ibadət edir. Bütün dinlərdən olan insanlar azad, sərbəst yaşayırlar. Elə şişiriblər ki, “hicab qadağası...” Hamısı təxribatdır”.

 

Aytəkin Qardaşova

Tarix: 15 Oktyabr 2026, 11:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin