BURADA REKLAMINIZ OLA
BİLƏR

Yadigar Məmmədli Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən getməsindən danışdı – “Ağır missiyadır...”

“Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyünə namizədliyimi irəli sürməklə bağlı tərəddüd edirdim, amma iki gün öncə qərara gəldim ki, bu dəfə namizədliyimi verməyim. Qoy başqaları təmsil olunsun. Çünki həmişə Mətbuat Şurasının İdarə Heyətinə xeyli namizədlər olur. İndi də elədir. Yerimizi gənclərə verək. Görün, neçə illərdir, Şuradayıq...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Yadigar Məmmədli deyib.

 

O bildirib ki, bundan sonra da Mətbuat Şurasına mütəxəssis kimi dəstəyini göstərəcək: “Yəqin ki, bu sahədə bildiklərimizdən, təcrübəmizdən yenə istifadə olunacaq. Şurada müxtəlif komissiyalar fəaliyyət göstərir. Mətbuat Şurasının İdarə Heyətinin üzvü olmayan mütəxəssisləri həmişə dəvət etmişik. Yenə də bu və ya digər formada Mətbuat Şurası ilə media sahəsində ekspert kimi fəaliyyətimi davam etdirəcəyəm. Yeni seçiləcək İdarə Heyətinə uğurlar arzulayıram. Bu, yeni bir məsuliyyətdir. Mətbuat Şurası digər bütün qurumlardan fərqli olaraq yarandığı gündən - 2003-cü ildən ictimai əsaslarla fəaliyyət göstərir. Hər kəs həm vaxtını, həm də pulunu xərcləyib ki, tədbirlər keçirilsin, başqa yerlərdə tədbirlərə, iclaslara getsin, ictimai fəaliyyətini apara bilsin. Buna görə də indiki dövrdə Şuranın İdarə Heyətinin fəaliyyəti ağır missiyadır. Ümid edirəm ki, yeni üzvlər də Mətbuat Şurasının Azərbaycanin mətbuat tarixindəki missiyasını uğurla davam etdirəcəklər”.

 

Aytəkin Qardaşova

Tarix: 15 Oktyabr 2026, 17:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin