BURADA REKLAMINIZ OLA
BİLƏR

“Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR

Gəncə Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Arif İbrahimovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, ibtidai araşdırma orqanının irəli sürdüyü ittihama əsasən, təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayından həmin ilin müvafiq tarixinədək olan dövrdə qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə özgəyə məxsus əmlakı tamah məqsədilə gizli şəkildə talamaq niyyətində olub.

 

İttihamda göstərilib ki, Arif İbrahimov S.S.-in (adı, soyadı şərtidir) icarə müqaviləsi əsasında işlətdiyi “Orbit Electronics” məişət avadanlıqları mağazasının Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən anbarına sahibinin xəbəri olmadan daxil olub. Onun anbarın qapısının kilidini açarla açaraq içəri girdiyi və burada saxlanılan məişət texnikasını gizli şəkildə götürdüyü bildirilir.

 

Anbardan müxtəlif markalı paltaryuyan maşınlar, televizorlar, soyuducular, kondisionerlər və qaz sobaları oğurlanıb. Siyahıda “Hoffman”, “LG”, “TCL”, “Samsung”, “Orbit”, “Lotos”, “Pixar” və “Gree” markalı məişət avadanlıqları yer alıb.

 

Oğurlandığı qeyd edilən əmlakın ümumi dəyəri 233 188 manat təşkil edib. Arif İbrahimov qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə talanmış əmlakı öz aralarında bölüşdürərək şəxsi ehtiyaclarına sərf edib.

 

Cinayət işinə məhkəmədə baxılarkən zərərçəkmiş şəxs yazılı vəsatətlə müraciət edib. O, cinayət işi üzrə məhkəmə baxışına xitam verilməsini, işin yenidən və obyektiv araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş edib.

 

Məhkəmə zərərçəkmiş şəxsin vəsatətini təmin edib. Qərarda təqsirləndirilən şəxslə yanaşı, digər şəxslərin də cinayətdə iştirakının olub-olmaması ilə bağlı halların aydınlaşdırılmasının zəruriliyi qeyd edilib.

 

Bu əsasla cinayət işi üzrə məhkəmə baxışına xitam verilib və iş Arif İbrahimova başqa, daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroruna qaytarılıb.

 

Eyni zamanda, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

 

Kamal Məmmədov

 

 

Tarix: 16 Oktyabr 2026, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin