BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi

Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb.

 

Pravda.az Gununsesi.info-ya istinadən xəbər verir ki, işlərin hamısına hakim Rauf Daşdəmirov baxıb.

 

İlk işə 2026-cı il fevralın 10-da, sonuncusuna isə oktyabrın 7-də xitam verilib.

 

Qərarların heç birində şəxsin adı açıqlanmayıb. Sənədlərdə yalnız onun 1976-cı ildə Ağdaş rayonunda doğulduğu və Milli Məclisin deputatı olduğu göstərilib. Doğum ili və yeri parlamentin rəsmi saytında Məzahir Əfəndiyev haqqında verilən məlumatlarla üst-üstə düşür.

 

Deputat barəsində protokollar İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilərək Yasamal Rayon Polis İdarəsindən məhkəməyə göndərilib.

 

Həmin maddəyə əsasən, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilmiş cərimə barədə qərar qanuni qüvvəyə mindiyi gündən üç ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə, şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək məhdudlaşdırılır.

 

Hakim isə hər dəfə Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə istinad edib. Həmin maddəyə əsasən, deputatın səlahiyyət müddəti ərzində onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tətbiq edilə bilməz.

 

Məlumata görə, ilk iş 2025-ci il oktyabrın 4-də tətbiq edilmiş yol cəriməsi ilə bağlı olub. Cərimə ödənilmədiyi üçün 2026-cı il yanvarın 22-də protokol tərtib edilib. Məhkəmə 19 gün sonra - fevralın 10-da işə xitam verib.

 

Sonrakı səkkiz iş üzrə qərarlar iyunun 29-dan oktyabrın 7-dək qəbul edilib. Onlardan yeddisinə iyunun 29-dan avqustun 17-dək, yəni yeddi həftə ərzində xitam verilib. Avqustun 17-də deputat barəsində iki ayrı iş üzrə eyni gündə qərar qəbul olunub. Ümumilikdə, dörd iş 2025-ci ildə, beş iş isə 2026-cı ildə tətbiq edilmiş yol cərimələri ilə bağlı olub.

 

İyunun 29-da keçirilən iclasda nə Əfəndiyev, nə də protokolu tərtib etmiş polis orqanının nümayəndəsi iştirak edib. Məhkəmə işə onların iştirakı olmadan baxıb.

 

Cərimələrin məbləği, hansı konkret qayda pozuntularına görə tətbiq edildiyi və sonradan ödənilib-ödənilmədiyi barədə məlumat verilməyib.

 

Konstitusiyaya əsasən, deputatın toxunulmazlığına yalnız baş prokurorun təqdimatı əsasında Milli Məclisin qərarı ilə xitam verilə bilər.

Tarix: 16 Oktyabr 2026, 09:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin