BURADA REKLAMINIZ OLA
BİLƏR

Direktor müavini: Standartlaşdırma fəaliyyətinin mühüm istiqamətlərindən biri milli standartlaşdırma proqramının formalaşdırılması və icrasıdır

AZSTAND tərəfindən energetika və ətraf mühit sahəsində enerji resurslarından daha səmərəli istifadəyə, istixana qazları emissiyalarının azaldılmasına, ekoloji məsuliyyətin gücləndirilməsinə və yaşıl iqtisadiyyata keçidin dəstəklənməsinə xidmət edən beynəlxalq qabaqcıl təcrübəyə əsaslanan bir sıra standart qəbul olunub. Hazırda bu sahələr üzrə 60-dan çox standart qüvvədədir. Standartlaşdırma sahəsində həyata keçirdiyimiz işlərin əsas göstəricilərindən biri yeni dövlət standartlarının hazırlanması və qəbul edilməsidir. Son illərdə əldə olunan göstəricilər standartlaşdırma sahəsində fəaliyyətimizin ardıcıl və sürətli şəkildə genişləndiyini nümayiş etdirir. Belə ki, 2021-ci ildə 36, 2022-ci ildə 68, 2023-cü ildə 139, 2024-cü ildə 232, 2025-ci ildə 345 yeni dövlət standartı qəbul olunub və  2026-ci ilin 9 ayı (yanvar-sentyabr) ərzində isə 620 yeni dövlət standartı qəbul olunub, bunlardan 530-dan çoxu istinad standartlarıdır. Standartlaşdırma sahəsində mövcud dövlət standarlarının təkmilləşdirilməsi,  onların aktuallığının və tətbiqinin səmərəliliyinin müəyyən edilməsi məqsədilə normativ sənədlərin yoxlaması həyata keçirilir. 2026-cı ilin 9 ayı (yanvar-sentyabr) ərzində 28 dövlət standartının yoxlaması aparılıb.

 

Pravda.az xəbər verir ki, bu sözləri Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktorunun müavini Kəmalə Məmmədzadə Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimdə deyib.

 

O bildirib ki, AZSTAND-ın standartlaşdırma fəaliyyətinin mühüm istiqamətlərindən biri də ölkənin milli standartlaşdırma proqramının formalaşdırılması və icrasıdır: “Azərbaycan Respublikasının “Standartlaşdırma haqqında” Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”na əsasən, İnstitutun Qərarı ilə 2025-ci ilin dekabr ayında “2026-2028-ci illər üçün milli standartlaşdırma proqramı” təsdiq edilib və cari ilin iyul ayında müvafiq dəyişikliklər edilib. Proqram çərçivəsində 4 minə yaxın normativ sənədin işlənib hazırlanması nəzərdə tutulur. Əməyin mühafizəsi və təhlükəsizlik üzrə 532 standart, mexaniki və hidravlik sistemlər və komponentlər üzrə 442 standart, neft və əlaqəli texnologiyalar üzrə 338 standart, tekstil və dəri texnologiyası üzrə 333 standartın qəbulu planlaşdırılır. Standartlaşdırma fəaliyyətimizin mühüm istiqamətlərindən biri də müxtəlif sahələr üzrə Standartlaşdırma üzrə Texniki Komitələrin fəaliyyətinin təşkili və inkişaf etdirilməsidir”.

 

O qeyd edib ki, hazırda ölkədə qida və kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və energetika sahəsi, idarəetmə sahəsi, neft-qaz sahəsi, ekologiya və digər sahələri əhatə edən standartlaşdırılma üzrə 43 texniki komitə fəaliyyət göstərir: “Bunlardan 3-ü cari ildə təsis edilib.  “Maşınqayırma, mexaniki və hidravlik sistemlər” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 56), "Məhkəmə ekspertizaları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 57),, “İstehlak malları” standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 58). Məqsədlərimizdən biri də Azərbaycanın beynəlxalq standartlaşdırma sistemində layiqli şəkildə təmsil olunması və beynəlxalq əməkdaşlığın davamlı olaraq inkişaf etdirilməsidir. Azərbaycan Standartlaşdırma İnstitutu ölkəmizi Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi (CEN), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası (МГС), Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) və İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) kimi standartlaşdırma üzrə beynəlxalq təşkilatlarda təmsil edir".

 

Aytəkin Qardaşova

Tarix: 16 Oktyabr 2026, 11:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin