BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi yeni imkanlar açır”

“Ölkədə səhiyyə sahəsində vahid idarəçilik sisteminin formalaşdırılması məsələsini dəfələrlə gündəmə gətirmişəm. Bu barədə həm mətbuatda açıqlamalar vermiş, həm də Milli Məclisin tribunasından çıxışlar etmişəm. Çünki səhiyyə sistemində idarəetmənin parçalanması, qurumlar arasında səlahiyyət bölgüsü və koordinasiya problemləri vətəndaşların üzləşdiyi çətinliklərə də təsir göstərirdi. TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsini müsbət qarşılayıram. Bu qərar səhiyyə sahəsində vahid idarəetmənin qurulması, məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi və sistemin fəaliyyətinin əlaqələndirilməsi baxımından yeni imkanlar açır. Bu addımın ölkəmizdə səhiyyənin təşkilində uzun müddətdir, müzakirə olunan bir sıra problemlərin həllinə töhfə verəcəyinə inanıram. Cənab Prezidentə bu qərara görə təşəkkürümü bildirirəm”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, indi əsas məsələ qəbul olunmuş qərarın praktik nəticələrini vətəndaşların gündəlik həyatında hiss etdirməkdir: “İnsanlar xəstəxanalarda daha keyfiyyətli xidmət, həkimə daha rahat çıxış, dərman təminatında əlçatanlıq və müraciətlərinə daha operativ münasibət gözləyirlər. İdarəetmədəki dəyişikliklər də məhz bu nəticələrə xidmət etməlidir. İnanıram ki, vahid idarəçilik səhiyyə sistemində məsuliyyəti artıracaq, mövcud problemlərin həllini sürətləndirəcək və vətəndaş məmnunluğunun yüksəlməsinə şərait yaradacaq. Ən vacibi isə odur ki, bu islahatların müsbət nəticələri hər bir vətəndaş üçün real şəkildə hiss olunsun”.

 

Aytəkin Qardaşova

Tarix: 19 Oktyabr 2026, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin