BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Qardaşlıq şüarla yox, gündəlik davranışla qorunur”

“Oktyabrın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə ünvanladığı təbrik mesajı bir daha göstərdi ki, Ankara Bakı ilə münasibətlərə nə dərəcədə böyük əhəmiyyət verir. Qardaşlıq, dostluq və xüsusi əlaqələr barədə sözlər isə diplomatik nəzakətdən çox, illərin sınağından çıxmış real bağın ifadəsidir. 2020-ci ildə göstərilən siyasi və mənəvi dəstək, Şuşa Bəyannaməsi, enerji və nəqliyyat layihələri bu bağın nə qədər dərin olduğunu göstərir. Amma təbii sual yaranır - dövlət başçıları belə səmimi mesajlar yazdıqları halda, informasiya məkanında niyə hərdən eşitdiyimiz kəskin çıxışlar, qərəzli şərhlər və təhrikedici başlıqlar qarşımıza çıxır? Bu suala tələsik cavab verməmək lazımdır. Ayrı-ayrı şəxsin, kanalın və ya sosial şəbəkə hesabının sözünü bütöv bir dövlətin və ya xalqın mövqeyi kimi qəbul etmək doğru deyil. Türkiyə cəmiyyətinin böyük əksəriyyəti Azərbaycana səmimi münasibət bəsləyir, bizim cəmiyyətimiz də eyni hissləri paylaşır. Bəzi çıxışların arxasında daxili siyasi çəkişmələr, bəzilərinin arxasında sadəcə diqqət qazanmaq istəyi dayanır. Amma bu cür paylaşımların bəzilərinin məqsədli şəkildə gərginlik yaratmağa yönəldilməsi ehtimalını da istisna etmək olmaz”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputatın sözlərinə görə, informasiya mühiti siyasi əlaqələrdən təcrid olunmuş deyil: “İctimai rəydə yaranan hər narazılıq, hər qarşılıqlı inciklik sabah rəsmi münasibətlərə də təsir göstərə bilər. Ona görə də qardaşlığın qorunması yalnız dövlət başçılarının işi ola bilməz. Jurnalist yazdığı sözə, bloger paylaşdığı məlumata, adi istifadəçi isə bir kliklə yaydığı xəbərə görə məsuliyyət daşıyır. Əvvəla, sensasiyalı başlığa inanmazdan əvvəl mənbəyə baxmaq. İkincisi, təhrikə təhriklə cavab verməmək, çünki sakit və faktlı cavab həmişə daha güclüdür. Üçüncüsü, yalan məlumatı operativ təkzib etmək. Dördüncüsü və bəlkə də ən vacibi, birbaşa körpülər qurmaq vacibdir. Ən səmimi körpüləri tələbə mübadilələri, jurnalist təmasları, ortaq mədəniyyət layihələri, qarşılıqlı səfərlər təşkil etməlidir. Bir-birini tanıyan insanları qərəzli kampaniyalar ayıra bilməz. Azərbaycan-Türkiyə qardaşlığı tarixin, dilin, qanın və ortaq maraqların bərkitdiyi münasibətdir. Onu zəiflətmək istəyənlərin əlində ən böyük vasitə bizim laqeydliyimiz və tələskən reaksiyalarımızdır. Biz məlumatlı, mədəni və həmrəy olmalıyıq. Qardaşlıq şüarla yox, gündəlik davranışla qorunur”.

 

Aytəkin Qardaşova

Tarix: 19 Oktyabr 2026, 16:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin