BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə keçmiş ərinin üzünü dırnağı ilə cızan qadınla bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Arifə Əsədovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə bu il saat 22 radələrində paytaxtın Nizami rayonu ərazisində baş verib.

 

Belə ki, Arifə Əsədova keçmiş əri, zərərçəkmiş Rail Qədimovun (adı, soyadı şərtidir) yaşadığı ünvana azyaşlı övladlarını götürmək məqsədilə gəlib. Bu zaman zərərçəkmiş şəxs qadına etiraz edərək uşaqları verməkdən imtina edib. Tərəflər arasında yaranan mübahisə zamanı Rail Arifənin sinəsindən itələyərək evdən çıxarmaq istəyib. Bundan əsəbiləşən qadın qisas almaq niyyəti ilə keçmiş ərinin sifət nahiyəsinə əli ilə sillə vurub və dırnağı ilə sifətini cızıb. Nəticədə Rail Qədimova sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirilib.

 

Məhkəmə materiallarında qeyd olunur ki, zərərçəkmiş şəxsin sifətinin sağ yarısında şişkinlik halında əzilmə və sıyrıq, sağ çənəaltı nahiyəsində sıyrıq, çənənin sağ tərəfində hərəkət məhdudluğu ilə müşayiət olunan sağ yanağın iç səthində qansızma və əzilmiş yara xəsarətləri müəyyən edilib.

 

Arifə Əsədovanın barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb.

 

Məhkəmə iclasında ifadə verən qadın ittiham üzrə özünü təqsirli bilməyib.

 

Nizami Rayon Məhkəməsinin hökmü ilə o, 1 000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

 

Kamal Məmmədov

Tarix: 20 Oktyabr 2026, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin