BURADA REKLAMINIZ OLA
BİLƏR

Rövşən Muradov: “Zəngilanın iqtisadi imkanlarının qiymətləndirilməsində onun coğrafi üstünlüklərinə xüsusi diqqət yetirilməlidir”

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür.

 

Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Rövşən Muradovun sözlərinə görə, Zəngilanın yenidən öz sakinlərinə qovuşması Azərbaycan xalqının onilliklər boyu qoruyub saxladığı milli iradənin, Vətənə bağlılığın və tarixi ədalətə inamın təntənəsidir. R.Muradov xatırladıb ki, 1993-cü ildə doğma yurdlarından didərgin düşmüş zəngilanlıların taleyində 20 oktyabr 2020-ci il tamamilə yeni mərhələnin başlanğıcını qoydu:

 

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbə uzun illər həsrətlə gözlənilən qayıdışın gerçəkləşməsinə imkan yaratdı. Bu gün Zəngilanın küçələrində yenidən həyatın canlanması, ailələrin öz doğma ocaqlarına qayıtması və müasir yaşayış məkanlarının yaradılması Azərbaycan dövlətinin hərbi Zəfərdən sonrakı quruculuq siyasətinin mahiyyətini aydın şəkildə nümayiş etdirir. Bu mənada Zəngilanın dirçəlişi xalqımızın tarixi yaddaşı ilə gələcək inkişaf hədəflərinin vəhdətini ifadə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilanda həyata keçirilən layihələrin mühüm xüsusiyyəti onların bir-birini tamamlayan inkişaf istiqamətləri əsasında təşkil olunmasıdır. Yaşayış komplekslərinin tikintisi, kommunikasiya şəbəkələrinin yaradılması, ictimai xidmətlərin təşkili və iqtisadi fəaliyyət imkanlarının genişləndirilməsi vahid məqsədə xidmət edir. Burada əsas məsələ insanların doğma yurdlarına qayıtması ilə yanaşı, həmin torpaqlarda sosial və iqtisadi baxımdan dayanıqlı həyatın təmin olunmasıdır. Çünki uzunmüddətli məskunlaşmanın uğuru yaşayış şəraitinin keyfiyyətindən, məşğulluq imkanlarının genişliyindən və gələcək nəsillər üçün yaradılan perspektivlərdən bilavasitə asılıdır”.

 

Deputatın sözlərinə görə, Zəngilanın iqtisadi imkanlarının qiymətləndirilməsində onun coğrafi üstünlüklərinə xüsusi diqqət yetirilməlidir:

 

“Beynəlxalq hava limanı, dəmir yolu və avtomobil yolu infrastrukturu regionun istehsal və xidmət sahələrini daha geniş bazarlarla əlaqələndirmək potensialına malikdir. Aqrar layihələrin inkişafı, emal müəssisələrinin yaradılması və turizm fəaliyyətinin genişlənməsi bu imkanların real iqtisadi nəticələrə çevrilməsinə şərait yaradır. Hesab edirəm ki, Zəngilanın gələcək iqtisadi gücü məhz nəqliyyat əlçatanlığının, yerli istehsalın və insan kapitalının qarşılıqlı tamamlanmasından formalaşacaq. Ağalı kəndində tətbiq olunan innovativ həllər isə bərpa prosesinə fərqli məzmun qazandırır. Enerji səmərəliliyi, rəqəmsal xidmətlər və ekoloji texnologiyalar müasir kənd yaşayışının təşkilində yeni yanaşmaların mümkünlüyünü göstərir. Xüsusilə təbii ehtiyatların qorunması ilə iqtisadi fəallığın uzlaşdırılması gələcək inkişafın mühüm şərtidir. Tarixi-mədəni irsin mühafizəsi də bu prosesin ayrılmaz istiqaməti kimi qiymətləndirilməlidir. Deputat olaraq əminəm ki, Zəngilanın yenidən dirçəlməsi Azərbaycanın dövlətçilik qüdrətinin iqtisadi, sosial və mənəvi müstəvilərdə təzahürüdür. Bu torpaqlarda qurulan hər bir yaşayış məkanı, yaradılan hər bir iş yeri və həyata keçirilən hər bir infrastruktur layihəsi milli inkişafımıza xidmət edən uzunmüddətli sərmayədir. Zəngilanın azadlığı tarixi Qələbəmizin ifadəsidirsə, onun davamlı tərəqqisi həmin Qələbənin gələcək nəsillərə ötürülən ən qiymətli nəticələrindən biri olacaq”.

 

Şəhanə Qədirli

Tarix: 20 Oktyabr 2026, 12:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin