BURADA REKLAMINIZ OLA
BİLƏR

Təvəkkül Səlimov: “Bədbəxt gənc hətta oğurluq da etsə, evin pulunu, toyun xərcini çıxara bilməz...”

Azərbaycanda nikahların sayının kəskin azalması ilə bağlı statistika ciddi narahatlıq yaradıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə ərazisində 26 min 485 nikaha daxilolma və 13 min 278 boşanma halı qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 4,6-dan 3,9-a, boşanmaların sayı isə 2-dən 1,9-a enib. Beləliklə, 2025-ci ilin eyni dövründə bu rəqəm 31 min 403 olub və son bir ildə nikahların sayı 4918 olub, yəni 20% azalıb.

 

Pravda.az nikahların sayının azalması və boşanmaların səbəbləri barədə tanınmış etnoqraf-tarixçi, professor Təvəkkül Səlimovun fikirlərini öyrənib.

 

T.Səlimov açıqlamasında deyib ki, ailə bir ocaqdır və buna görə də gənclərin ailə qura bilmələri üçün birinci maddi imkan, sonra da ev olmalıdır:

 

“Hazırda Bakıətrafı kənddə, Şağan tərəfdə yaşayıram. Baxıram, evlənmə yaşı çatmış xeyli gənc evsizlikdən əziyyət çəkir. On metr torpaq əlli-altmış min manatadır. Bu bədbəxt gənc o pulu hardan tapa bilər? Hətta oğurluq da etsə, evin pulunu, toyun xərcini çıxara bilməz. Hələ Bakının mərkəzindən danışmıram. Kənardan maddi köməklik olmasa, gənclər evə yiyələnə bilməzlər. Çətindir, çox bahalıqdır. Torpaq baha, daş, sement baha... Nə edə bilərik? Bu şəraiti gənclər yaratmayıb ki. İndi dövr belədir. Ailə qurmağın əsasında maddiyyat dayanır. Əksər evlənə bilməyənlər nisbətən orta və aşağı təbəqənin nümayəndələridir. Çünki ev, iş şəraitləri yoxdur. İş yerlərində də monopoliya yaranıb. Hər kəs iş tapa bilməlidir... Ailə qura bilənlər də bir uşaqla kifayətlənməli olurlar, ikinciyə yer yoxdur. Baxırsan ki, düz deyirlər. Uşağın o qədər xərci ortaya çıxır - bağça, məktəb... İyirmi il bundan əvvəl bağçaya gedən uşaq üçün xərc lazım deyildi. Məktəbə gedən uşaq da bir çanta, iki kitab aparırdı. İndi isə hər şey maddiyyata söykənir. Soruşuram ki, qırx yaşın var, niyə evlənmirsən? Deyir ki, imkan, dolanışıq yoxdur. Kiminsə kefi kökdür, amma evlənmirsə, deməli, onun başı xarabdır. Deyirlər ki, sevgi, istək yoxdur. Xeyr, var, lakin adam kimi yaşamaq üçün bir tikə çörəyin də olmalıdır axı. İndi həm kişilərdə, istərsə də qadınlarda səbirsizlik yaranıb. Allahın adlarından biri də budur. Əvvəllər xüsusilə analar bizə səbirli olmağı öyrədirdilər. Ana qızına iynəni saplamağı öyərdirdi. Səbir burdan başlayırdı. İki saata iynəni saplamaq qızlarda səbir, dözüm yaradırdı. İndi evlərdə hətta iynə də yoxdur. Belə şeylər adi səslənsə də, halbuki əvvəllər ailələrdə uşaqlara təbliğ olunurdu”.

 

T.Səlimov deyib ki, 30-40 il əvvəl boşanmalar üçün əsaslı səbəb tapmaq olurdu: “İndi isə o qədər mənasız, məntiqsiz səbəblərdən ər-arvad boşanmaları baş verir ki, adam məəttəl qalır. Kişi və qadın arasında ailədə hətta ərə qarşı qadınlara xas olmayan tərzdə kobudluq, qaba münasibəti görəndə adam təəccüb edir. Hamının əlində müasir telefon var. Sosial şəbəkələrdə də pis təbliğat gedir. Televiziyalarda baxılası bir şey yoxdur. 1990-cı illərdə "Ailələr və talelər" verilişi necə baxımlı idi. İndi isə o qədər cılız, səviyyəsiz verilişlər var ki. Məni də dəvət edirlər, amma getmirəm. Deyirlər ki, emosional danışırsan, tamaşaçı da sənə maraqla baxır, buna görə verilişə dəvət edirlər. Məsələn, verilişlərə ekspert kimi dəvət etdikləri Şəfiqə Nağıyeva hüquqşünasdır, ailə məsələləri üzrə mütəxəssis deyil. İndi isə Azərbaycanda Şəfiqə Nağıyevanın ailə məsələləri ilə bağlı dedikləri "Quran" ayəsi olub... Axı belə olmaz! O, bir vəkil kimi elə hökmlər çıxarır, sanki verilişdə məhkəmə iclası gedir. Hansısa bayağı ifaçını da verilişə ekspert kimi dəvət edirlər. Bu adam ailə məsələlərindən xəbərdar deyil. Ailə məsələləri ilə bağlı əsl mütəxəssislər efirə dəvət edilməlidir. Yoldan keçən efirdə ağzına gələni danışır. Televiziya verilişləri ailələrin dağılmasında başlıca rol oynayır. Onlar nəinki boşanmaq üzrə olan cütlükləri birləşdirirlər, yatanları da oyadırlar. Təzə çıxıb, DNK analizi istəyirlər. Sizi DNK-ya həsrət qalasınız. “Bu uşaq məndən deyil, filankəsdəndir...” Ayıbdır! Zaur Nəbioğlu da verilişində aranı qarışdırırdı. Müğənni Nüşabə Musayeva çıxıb efirdə demişdi ki, ərim mənə xəyanət edib, mən də ona xəyanət etmişəm. Bu, bir qadının yuxuda belə deyə bilməyəcəyi sözdür, indi isə efirdə bu sözü rahat deyirlər. Sonra o, qaranlıq otaqda veriliş aparan Kamran Ağabalayevin qonağı oldu. Kamran Ağabalayev özü əndirəbadi geyinir. Meşədən ayı gəlsə, o formada efirə gəlməz. Həmin Nüşabə Musayevanı efirə dəvət edib eyni cümlələri təkrarlatdırdı. Məsələn, Elşad Miri Azərbaycanda ona görə var ki, dinə kötüyündən balta ilə zərbə vursun. Mən nə namaz qılanam, nə də oruc tutan, sıradan bir vətəndaşam. Bir dəfə dedim ki, toyda bəy başına milli papaq qoyub otursun, gəlin də hiss etsin ki, yanında kişi xeylağı oturub. Elşad Miri mənə efirdə dedi ki, bəs sən niyə verilişə papaq qoyub gəlməmisən? Deputat Ceyhun Məmmədov məni sakitləşdirdi, Elşad Miri sonra məndən üzr istədi... Aparıcı qonağa bir sual verir, sualın müddəti iki-üç dəqiqə çəkir. Çünki ixtisasını bilmir. Sovet dövründə hər sahənin öz mütəxəssisini işə dəvət edirdilər. Deməyim budur ki, bir çox məsələlərdə efirlərin də rolu var. Artıq telefonu əlinə alıb sosial şəbəkələrə baxmaq mümkün deyil, biabırçılıqdır. Ürəyim bulanır, dəhşətə gəlirəm. Bir sözlə, ailələrin dağılmasının qarşısının alınması üçün maarifləndirmə çox pis aparılır. Ailə münasibətləri ilə bağlı müsbət yönlü fikirlər, demək olar ki, yoxdur. Nümunəvi, altmış-yetmiş il birlikdə yaşayan ailələr efirlərə dəvət edilsin. Təəssüf ki, gənc ailələr indi ancaq əxlaqsızlığın, səviyyəsizliyin təbliğini görürlər”.

 

Aytəkin Qardaşova

Tarix: 20 Oktyabr 2026, 14:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin