BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloqdan “Halloween”lə bağlı açıqlama: “Uşaqların qorxu üzərindən əyləndirilməsi düzgün yanaşma deyil”

Hər il oktyabrın 31-i müxtəlif ölkələrdə Helloin bayramı qeyd olunur. Son dövrlərdə Azərbaycanda da qeyd olunması halları artıb. Bu bayramın əsas atributlarından biri balqabaqdır. İnsanlar məhz həmin gün balqabaqların içini oyub, şam qoyurlar. Bir sıra ölkələrdə isə bayram günü qara qüvvələrin rəmzi olan müxtəlif şəkillər - hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet, ifritə şəkilləri çəkilir, butaforlar qoyulur. Helloin (Halloween) adətən qorxulu simvolları, atributları, geyim və maskaları ilə məşhurlaşan bayramdır. Hətta son illər bir sıra məktəb və uşaq bağçalarında da bu bayram qeyd edilir.

 

Bəs belə qorxulu rəmzləri olan bayramın keçirilməsi uşaqların psixologiyasına necə təsir göstərir?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən psixoloq Zeynəb Eyyubovanın sözlərinə görə, hər bir uşağın emosional həssaslığı və qorxuya reaksiyası fərqlidir.

 

Uzun fasilədən sonra işə adaptasiya olmağın yolları - TÖVSİYƏ Pravda.az

 

Z.Eyyubova bildirib ki, böyüklər üçün əyləncəli görünən bəzi obrazlar, maskalar və səhnələr azyaşlı uşaqlarda qorxu, narahatlıq və hətta gecələr tək yatmaq istəməmək kimi reaksiyalara səbəb ola bilər: “Xüsusilə qorxulu maskalar, qanlı obrazlar, ifritələr, skeletlər, qəbiristanlıq və ölüm mövzusunda olan təsvirlər məktəbəqədər yaşlı uşaqlar üçün psixoloji baxımdan ağır ola bilər. Uşağın hələ reallıqla təxəyyülü tam ayırd edə bilmədiyi yaşlarda bu cür obrazlar onun zehnində uzun müddət qala, kabuslar görməsinə, qaranlıqdan və tək qalmaqdan qorxmasına səbəb ola bilər. Əlbəttə, bu, hər bir uşaqda mütləq belə nəticələrin yaranacağı demək deyil. Təsir uşağın yaşından, temperamentindən, əvvəlki təcrübələrindən və tədbirin necə təşkil olunmasından asılıdır”.

 

Psixoloq qeyd edib ki, bu bayramı sadəcə kostyum geyinmək, oyun oynamaq və şirniyyat paylaşmaq formasında keçirən uşaqlarla qorxuducu məzmunla qarşılaşdırılan uşaqların təcrübəsi eyni deyil: “Əsas məsələ uşağın hansı məzmuna məruz qalması, özünü nə dərəcədə təhlükəsiz hiss etməsi və iştirak etməyə məcbur edilib-edilməməsidir. Məni xüsusilə düşündürən məqam bu cür tədbirlərin artıq bəzi bağça və məktəblərdə keçirilməsidir. Təhsil müəssisələri uşaqların psixoloji təhlükəsizliyini, yaş xüsusiyyətlərini və ailələrin həssaslığını nəzərə almalıdırlar. Uşaq istəmədiyi kostyumu geyinməyə, qorxulu obrazlara baxmağa və ya belə tədbirdə iştirak etməyə məcbur edilməməlidir. Digər ölkələrə məxsus bayramların qeyd olunmasına gəldikdə isə, fərqli mədəniyyətlərlə tanışlıq özlüyündə mənfi hal deyil. Lakin hər bir ənənəni düşünmədən mənimsəməkdənsə, onun məzmununu, uşağın yaşına uyğunluğunu və hansı dəyərləri aşıladığını qiymətləndirmək vacibdir. Biz uşaqlara sevinc, mərhəmət, dostluq və paylaşma kimi dəyərləri aşılayan, eyni zamanda onların milli-mənəvi dəyərlərinə uyğun tədbirlərə daha çox üstünlük verə bilərik. Uşaqların qorxu üzərindən əyləndirilməsi düzgün yanaşma deyil. Uşağın qorxusunu kiçiltmək, onun reaksiyasına gülmək və ya “bunda qorxulu heç nə yoxdur” deyərək hisslərini görməzdən gəlmək də doğru deyil. Əgər uşaq hansısa obrazdan qorxursa, böyüklər onu anlamağa çalışmalı, özünü təhlükəsiz hiss etməsinə kömək etməlidirlər. Unutmamalıyıq ki, uşaqlıq dövrü qorxu yaratmaqla deyil, güvən hissini möhkəmləndirməklə formalaşmalıdır. Bağça və məktəblərin də əsas məqsədi uşaqları qorxutmaq deyil, onların sağlam psixoloji inkişafına dəstək olmaqdır”.

 

Şəhanə Qədirli

Tarix: 21 Oktyabr 2026, 13:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin