BURADA REKLAMINIZ OLA
BİLƏR

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul olunub

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

 

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 28-ci və 60-cı maddələri baxımından Cinayət-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin həmin Məcəllənin 156.1, 346.1 və 447.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

 

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Azərbaycan Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, İnsan hüquqları üzrə müvəkkil (ombudsman), Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

 

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci və 60-cı maddələrinin təyinatı, Cinayət-Prosessual Məcəlləsinin 155, 156.1, 157.1, 157.2, 157.5, 444.1.2 və 447.5-ci maddələrinin tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla həbs qətimkan tədbirinin seçilməsi barədə müraciətə baxan məhkəmə şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin olub-olmamasını, həmin şübhələrə dəlalət edən ilkin sübutların kifayət edib-etməməsini, həbs qətimkan tədbirinin tətbiqi üçün qanunla müəyyən olunmuş əsasların mövcudluğunu, habelə daha yüngül qətimkan tədbirinin tətbiqinin mümkünlüyünü yoxlamalı və qiymətləndirməlidir.

 

Məhkəmənin həbs qətimkan tədbirinin seçilməsi barədə qərarında şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və müvafiq qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğuna dəlalət edən ilkin sübutların kifayətedici olmamasına əsaslanması həmin şəxsin təqsirliliyi məsələsinin məhkəmə tərəfindən qabaqcadan həll edilməsi kimi qiymətləndirilə bilməz.

 

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Tarix: 21 Oktyabr 2026, 18:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin