BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Ankara və Bakı arasında soyuqluq TDT-nin inteqrasiya hədəflərinə də mənfi təsir göstərə bilər”

“Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə etdiyi telefon zəngi ilk baxışdan bayram təbrikinə bənzəyir. Lakin zəngin məzmununa diqqət yetirəndə mesajın daha geniş olduğunu görürük. Ərdoğan Azərbaycanın müstəqilliyinin 35-ci ildönümünü təbrik edib və İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib. Görüş oktyabrın 29–30-da Türkiyənin paytaxtında olacaq. Dəvətin forması da məzmunu qədər əhəmiyyətlidir. Rəsmi dəvətnamə ilə kifayətlənmək mümkün idi, lakin Ankara dövlət başçısının şəxsən zəng etməsini üstün tutub. Bu, diplomatiyada ayrıca məna daşıyır. Türkiyə Azərbaycanın zirvədə təmsil olunmasına xüsusi önəm verdiyini göstərir. Prezident Əliyev isə zəngə və təbrikə görə minnətdarlığını bildirib, iki ölkə arasında qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. Cənab Prezidentin sammitə qatılıb-qatılmayacağı barədə rəsmi açıqlama hələ yoxdur. Amma Bakı ilə Ankara arasındakı etimad səviyyəsi nəzərə alındıqda Azərbaycanın yüksək səviyyədə təmsil olunması gözlənilən ssenaridir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, bu gözləntinin real əsası var: “Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) sadəcə üzvü deyil, onun qurucu sütunlarından biridir. Təşkilatın təməli 2009-cu ilin oktyabrında imzalanmış Naxçıvan Sazişi ilə qoyulub, hazırda isə sədr İlham Əliyevdir. Bundan əlavə, Türkiyəni Xəzər vasitəsilə Mərkəzi Asiya ilə birləşdirən nəqliyyat və enerji xətləri məhz Azərbaycan ərazisindən keçir. Orta Dəhliz də, enerji layihələri də bu körpünün üzərində qurulub. 2020-ci il Qarabağ qələbəsindən sonra Azərbaycanın Türk dünyasındakı siyasi çəkisi daha da artıb. Odur ki, Azərbaycansız Türk dünyasında real birlik qurmaq çətindir. Çünki birlik yalnız bəyanatlarla deyil, ortaq nəqliyyat, enerji və təhlükəsizlik layihələri ilə möhkəmlənir. Bu zəncirin ən vacib halqalarından biri isə Bakıdır. Ankara ilə Bakı arasında soyuqluq yalnız iki ölkəyə deyil, təşkilatın inteqrasiya hədəflərinə də mənfi təsir göstərə bilər. Buna qətiyyən imkan vermək olmaz. Bu birliyin arxasında həm də iki liderin şəxsi etimadı dayanır. “Bir millət, iki dövlət” formulu Azərbaycan–Türkiyə münasibətlərinin əsas prinsipinə çevrilib. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi bu münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb. Əliyev və Ərdoğan bayramlarda, ad günlərində, ildönümlərində bir-birini mütəmadi təbrik edirlər. Bu səmimiyyət protokoldan kənar, real siyasi etimad yaradır və TDT çərçivəsində ortaq mövqe formalaşdırmağı xeyli asanlaşdırır”.

 

Aytəkin Qardaşova

Tarix: 22 Oktyabr 2026, 10:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin