BURADA REKLAMINIZ OLA
BİLƏR

Buzovnada xəstəxanadan şikayət: Rentgen kabineti niyə fəaliyyət göstərmir?

Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanası ilə bağlı şikayət var.

 

Şikayətçilərin sözlərinə görə, xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir. Həmçinin xəstələr, sağlamlıq haqqında arayış almaq istəyənlər rentgen müayinəsi üçün daha yaxın ərazilərə yox, yalnız Zirədə yerləşən Müalicə və Diaqnostika Mərkəzinə yönləndirilirlər. Bu isə onlar üçün əlavə çətinlik yaradır.

 

Məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sözügedən tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dayandırılıb.

 

"FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən Buzovna qəsəbəsindəki 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsinin yaşayış binasının 1-ci mərtəbəsində yerləşməsi səbəbindən həmin müəssisədə fəaliyyət göstərən rentgen kabinetinin fəaliyyəti dayandırılıb".

 

Məlumatda qeyd olunub ki, yaxın zamanda rentgen kabinetinin istifadəyə verilməsi nəzərdə tutulub.

 

"Xəstəxananın stasionar şöbəsində yerləşən rentgen kabinetində aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq icazə alındıqdan sonra həmin kabinetin fəaliyyəti bərpa olunacaq.

 

Əlavə olaraq qeyd edirik ki, rentgen müayinəsi üçün xəstəxanaya müraciət edən pasiyentlərə ərazi üzrə digər tibb müəssisələrinə müvafiq göndərişlər təqdim olunur", - deyə qurumun açıqlamasında bildirilib./Oxu.Az

Tarix: 22 Oktyabr 2026, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin