BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Ermənistanla əldə olunmuş razılaşmaları yekun nəticəyə çatdırmaq asan deyil”

Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamasında “Ermənistanın Konstitusiyası ölkənin daxili siyasi məsələsidir və Azərbaycanın bu mövzunu davamlı şəkildə qaldırmasını qəbuledilməz hesab edirik” deməsi müzakirələrə səbəb olub. Həmçinin N. Paşinyan hazırkı Konstitusiyada Azərbaycana qarşı ərazi iddiasının olduğunu qəbul etmir. Eyni zamanda Azərbaycanla sülh sazişinin 2027-2028-də imzalamasının mümkün olduğunu vurğulayıb.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov deyib ki, Ermənistanla bir sıra məsələlər üzrə razılığa gəlmək və əldə olunmuş razılaşmaları yekun nəticəyə çatdırmaq asan deyil.

 

Deputat qeyd edib ki, bunun əsas səbəblərindən biri Nikol Paşinyanın sülh prosesi, Ermənistanın yeni Konstitusiyası və Azərbaycanla münasibətlərin gələcəyi barədə açıqlamalarında fərqli mövqelərin ortaya çıxmasıdır: “Onun müxtəlif vaxtlarda səsləndirdiyi fikirlər arasında ziddiyyətlərin olması sülh prosesinin gələcəyi ilə bağlı haqlı suallar yaradır. Belə ki, seçkidən sonra verilən açıqlamalarda ilin sonuna qədər yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılacağı, gələn ilin əvvəlində isə referendumun keçirilə biləcəyi bildirilirdi. Konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların aradan qaldırılması iki ölkə arasında yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addım kimi təqdim olunurdu. Lakin sonra Paşinyan sülh sazişinin yalnız 2031-ci ildə imzalana biləcəyini bildirən açıqlama verdi. Cəmi bir neçə gün sonra isə yenidən 2027–2028-ci illərdə sülh sazişinin imzalanmasının vacibliyindən danışdı. Eyni zamanda, əvvəllər Konstitusiya məsələsinin sülh üçün əhəmiyyətini vurğulayan yanaşmadan fərqli olaraq, hazırkı Konstitusiyanın sülhə mane olmadığını və bu məsələnin Ermənistanın daxili işi olduğunu bildirdi. Bütün bunlar bir sıra mühüm suallar doğurur: Ermənistan hakimiyyəti Konstitusiya dəyişikliyinə həqiqətən hazırdırmı? Əgər hazırkı Konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları olduğu barədə narahatlıqlar mövcuddursa, bu məsələ həll edilmədən yekun sülh sazişinin imzalanması nə dərəcədə dayanıqlı olacaq? Ən əsası, Ermənistan tərəfi götürdüyü öhdəliklərin gələcəkdə dəyişməyəcəyinə hansı təminatları verə bilər? Dövlətlərarası münasibətlərdə təkcə siyasi bəyanatlar deyil, konkret addımlar və hüquqi təminatlar əsas götürülməlidir. Buna görə də Ermənistan rəhbərliyinin açıqlamalarını yalnız söz səviyyəsində deyil, real siyasi və hüquqi addımlar kontekstində qiymətləndirmək lazımdır. Sülhün davamlı olması üçün qarşılıqlı etimadla yanaşı, tərəflərin üzərinə götürdüyü öhdəliklərin aydın və etibarlı olması da vacibdir”.

 

A.Badamov onu da əlavə edib ki, son dövrlərdə Ermənistan rəsmilərinin açıqlamaları göstərir ki, Azərbaycan öz müdafiə qabiliyyətini və hərbi gücünü yüksək səviyyədə saxlamağa davam etməlidir: “Çünki sülh danışıqlarının uğurlu olması yalnız diplomatik təmaslardan deyil, həm də tərəflər arasında güc balansının qorunmasından və əldə olunan razılaşmaların icrasını təmin edən mexanizmlərdən asılıdır. Azərbaycanın son altı ildə keçdiyi yol göstərir ki, milli maraqların qorunması, güclü müdafiə qabiliyyəti və prinsipial diplomatik mövqe ölkəmizin danışıqlardakı imkanlarını müəyyən edən mühüm amillərdir. Bununla belə, hərbi gücün əsas məqsədi münaqişəni davam etdirmək deyil, Azərbaycanın təhlükəsizliyini təmin etmək və dayanıqlı sülhə nail olmaq olmalıdır”.

 

Şəhanə Qədirli

Tarix: 23 Oktyabr 2026, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin