BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış memar “Bravo”dan şikayət etdi: Qablaşdırmada 180, tərəzidə 164 qram - FOTOLAR

Tanınmış memar Elçin Əliyev "Bravo" supermarketindən şikayətçidir.

 

Pravda.az xəbər verir ki, memarın sözlərinə görə, həmişə "Bravo"dan aldığı sendviçin çəkisi ilə qiyməti arasında böyük fərq olub.

 

"Hər səhər qızıma məktəbə aparması üçün sendviç alıram. Bu gün də ona şirniyyat seçərkən təsadüfən sendviçi “Bravo” supermarketində tərəzinin üstünə qoydum və gördüyüm rəqəmdən təəccübləndim:  ümumi çəkisi qablaşdırmada göstərilən 180 qram əvəzinə cəmi 164 qram idi. Bu, qiyməti 3,39 manat olan məhsulun çəkisinin, təxminən, 10 faizi deməkdir. Görünür, bunun heç kimin vecinə deyil: nə tanınmış supermarketin, nə də istehlakçı hüquqlarının qorunmasına nəzarət etməyə borclu olan dövlət qurumlarının. Bax, bizi hər addımda belə aldadırlar. İstər-istəməz belə bir təəssürat yaranır ki, bütün bu fırıldaqçılar vahid korrupsiya və cəzasızlıq zənciri ilə bir-birinə bağlıdırlar. Təəssüf ki, hələlik başqa cür cəmiyyət qura bilməmişik. Sonra da ictimai duş və tualetlərimizin üfunətli vəziyyətini tənqid edən əcnəbi futbolçulardan inciyirik və cavabında ölkəmizin inanılmaz uğurları və sürətli inkişafı haqqında rəsmi bəyanatlardan qürurla sitatlar gətiririk. Halbuki əsl inkişaf gurultulu bəyanatlar və gözəl, saxta hesabatlar deyil, elementar dürüstlük, vicdanlılıq və insana hörmətdir. Müstəqilliyimizin 35-ci ilində məhz bundan başlamaq lazımdır. Üstəlik, internet saytlarının ünvanı “org” ilə bitən bu oğrular qablaşdırmanın üzərinə “Made in Azerbaijan” yazmaqdan da utanmırlar. Hərçənd, bəlkə də bununla bizi əvvəlcədən dürüstcəsinə xəbərdar edirlər?" - E.Əliyev yazıb.

 

Pravda.az məsələ ilə bağlı "Bravo"ya sorğu ünvanlayıb. Şirkətdən cavab olaraq bildirilib ki, "Bravo" istehlakçı rəylərinə və müraciətlərinə hər zaman həssaslıqla yanaşır:

 

"Qeyd olunan məsələ ilə bağlı bildirək ki, məhsulun çəkisi və qablaşdırma məlumatlarının dəqiqləşdirilməsi üçün istehsalçının müvafiq izahatı önəmlidir. Məsələnin bütün aidiyyəti məqamlar nəzərə alınmaqla aydınlaşdırılması üçün istehsalçıya məlumat verilib. Araşdırmamız yekunlaşdıqda sizə yenidən məlumat verəcəyik".

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 23 Oktyabr 2026, 14:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin