BURADA REKLAMINIZ OLA
BİLƏR

Səhiyyə Nazirliyinin milyonlarla manatlıq tenderlərinin qalibi olan şirkət cərimələndi

Azərbaycan Səhiyyə Nazirliyinin təmir-tikinti işləri ilə bağlı tenderlərinin qalibi kimi tanınan “Turqay” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimə edilib.

 

Pravda.az-ın əldə etdiyi xəbərə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının tərtib etdiyi protokolla Suraxanı Rayon Məhkəməsi şirkətə 1600 ABŞ dolları məbləğində cərimə yazılıb.

 

İnzibati Xətalar Məcəlləsinin 430 (Valyuta tənzimi qaydalarının pozulması) maddəsinin 4-cü bəndinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə çıxarılan qərardan MMC rəhbərliyi apellyasiya şikayəti verib.

 

"Turqay" MMC dövlətə məxsus səhiyyə müəssisələrinin 100 milyonlarla manat təmir - tikinti işlərini həyata keçirib.

 

Mətbuatda dərc olunan və təkzib edilməyən məlumatlarda qeyd edilir ki, şirkət Səhiyyə naziri Oktay Şirəliyevin yaxınlarına məxsusdur.

Bildirilir ki, tenderlərlə bu şirkətə 2013-cü ildə 15,9 milyon manat (5 milyon manat Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən 31 saylı Poliklinikanın təmiri, 10 milyon 960 min manat Cəlilabad Rayon Xəstəxanasının tikintisi və təchizatı üzrə), 2014-cü ildə 5,5 milyon manat (5,1 milyon manat Qobustan Mərkəzi Rayon Xəstəxanasının təmiri işləri, 294 min manat Respublika Talassemya Mərkəzinin təmiri, 60 min manatı Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzin təmir işləri), 2015-ci ildə 11, 9 milyon manat (11 milyon 120 manat Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi, 775 min manat Mingəçevir Şəhər xəstəxanasının ərazisində Uşaq Reabilitasiya Mərkəzinin tikintisi) ayrılıb.

 

Bundan başqa, şirkətə 2018-ci ilin sonunda, Xırdalandakı Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün 11 milyon 933 min manatdan artıq vəsait ayrılıb.

Tarix: 12 Noyabr 2019, 11:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin