BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Talıbov məmurları dağa apardı

Duzdağda yeni şaxta istifadəyə veriləcək.

 

Pravda.az-ın xəbərinə görə, Duzdağda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edib.

 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev məlumat verib ki, ərazidə duz ehtiyatlarının miqdarı, keyfiyyəti və tərkibi dəqiq öyrənilib, laboratoriya analizləri aparılıb və duzun standartların tələblərinə uyğunluğu müəyyənləşdirilib: “Hazırda yeni şaxtanın əhatə etdiyi ərazidə 15 milyon ton duz ehtiyatı var. Yeni açılan şaxtada texnoloji rejimə nəzarət ediləcək, havalandırma sistemi qurulacaq, müəyyən olunmuş duz layına qədər 390 metr uzunluğunda tunel çəkiləcək. Naxçıvan duzunun istehsal və satış həcmini artırmaq məqsədilə yeni müəssisə də qurulacaq. Müasir avadanlıqlarla təmin ediləcək müəssisədə istehsal prosesi avtomatlaşdırılacaq və illik istehsal gücü 15 min ton olacaq”.

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib ki, yeni duz şaxtasının açılması muxtar respublikanın həyatında əlamətdar hadisədir: “Çünki tarixən Naxçıvan duzuna böyük tələbat olub, dünyanın müxtəlif ölkələrinə göndərilib, tədavül vasitəsi kimi istifadə edilib. Naxçıvan Xanlığı dövründə Duzdağda açıq üsulla duz çıxarılıb. Sənaye üsulu ilə duzun istehsalına XX əsrin əvvələrində başlanılıb. Sovetlər Birliyi dövründə Duzdağda açılmış şaxtaların birinin istismar müddəti başa çatıb, digərində isə Duzdağ Fizioterapiya Mərkəzi yaradılmışdır. Tələbatın artması yeni duz şaxtasının açılmasını zərurətə çevrilib”.

 

V. Talıbov əlavə edib ki, duz Naxçıvanın brendidir”Yeni şaxtanın açılması bu baxımdan çox əhəmiyyətlidir. Şaxta ilə yanaşı, ərazidə yeni duz istehsalı müəssisəsi də qurulacaq, Naxçıvan duzu daha keyfiyyətli formada istehsal ediləcək. Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri çoxdur. Bu gün qarşıda duran əsas vəzifə bu sərvətlərdən səmərəli istifadə etməkdir. Hazırda Darıdağ arsenli su müalicə mərkəzi və yeni Badamlı Mineral Sular Zavodu tikilir. Bu gün isə duz şaxtasının təməli qoyulur. Bütün bunlar muxtar respublikanın inkişafına xidmət edir. Yeni şaxtada işlər yerli şirkət tərəfindən həyata keçiriləcək, yüzlərlə iş yeri açılacaq, süfrələrimizin bəzəyi olan Naxçıvan duzunun şöhrəti qorunub saxlanılacaq”.

 

İqtisadiyyat naziri Tapdıq Əliyev yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıq edib.

 

Ali Məclisin Sədri Duzdağ ərazisinin xəritələşdirilməsi, istismar olunmayan şaxtaların Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi, təhlükəsizlik tədbirlərinə diqqət yetirilməsi, yeni şaxtada aşkar olunacaq elmi və mədəni əhəmiyyətə malik süxurların Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinə təqdim olunması, eləcə də ərazidə gil istehsalı müəssisəsinin də yaradılması barədə tapşırıqlar verib.

Tarix: 19 Dekabr 2019, 19:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin