BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Nağıyev yüksək bal toplamış kursantlarla görüşdü

2020-ci ildə respublikamızın ümumtəhsil məktəblərini bitirmiş və qəbul imtahanlarında 600 baldan yüksək nəticələr göstərərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasına qəbul olunmuş bir qrup kursantla DTX Kollegiya üzvlərinin görüşü keçirilib.

 

DTX-nin rəisi general-leytenant Əli Nağıyev kursantları təbrik etmiş, onlara təhsildə müvəffəqiyyətlər arzulayaraq tapşırıq və tövsiyələrini vermiş, qarşıda duran vəzifələrdən danışıb.

 

Xidmət rəisi Ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsinə daxil olmağın hər bir gənc Azərbaycan vətəndaşı üçün şərəfli olduğunu, eyni zamanda böyük məsuliyyət tələb etdiyini bildirib.

 

General-leytenant Əli Nağıyev gənclərin təhsil müddətində əldə edəcəkləri spesifik bilikləri Vətənin müstəqilliyinin, ərazi bütövlüyünün və dövlətin təhlükəsizliyinin etibarlı qorunması istiqamətində uğurla tətbiq edəcəklərinə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli maraqlarının təmin olunmasına vicdanla xidmət edəcəklərinə əminliyini bildirib.

 

Görüşdə çıxış edən kursantlar ölkəmizdə təhsilin inkişafına, gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib. Onlar dövlət təhlükəsiziliyi orqanlarının sıralarında Vətənə və xalqa sədaqətlə xidmət etmək üçün bundan sonra da əzmlə çalışaraq təlim və təhsildə daim nailiyyətlər qazanacaqlarını ifadə ediblər.

 

Sonra general-leytenant Əli Nağıyev kursantlara hədiyyələr təqdim edib.

 

Qeyd olunmalıdır ki, DTX-nin xüsusi ali təhsil müəssisəsinə 2020-2021-ci tədris ili üçün qəbul imtahanlarında 600 və daha yuxarı nəticələr göstərmiş kursantların sayı əvvəlki illərlə müqayisədə üstünlük təşkil etmiş, ən yüksək bal isə 685 olub.

Tarix: 18 Sentyabr 2020, 21:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin