BURADA REKLAMINIZ OLA
BİLƏR

“Pikap” tipli avtomobillər nə vaxt yığılır?

Vətəndaşların istifadəsində və mülkiyyətində olan “pikap” tipli avtomobillərin qeydiyyatı aparılır. Bu, həmin avtomobillərin müharibə zamanı lazım olacağı ilə bağlı izah olunur.

 

Baş Dövlət Yol Polisi İdarəsi “pikap” tipli avtomobillərin Yol Patrul Xidmətləri (YPX) postlarında saxlanılması ilə bağlı iddialara münasibət bildirib. Baş Dövlət Yol Polisi İdarəsi öz münasibətində əvvəlcə Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları”na istinad edib: “Silahlı birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur”.

 

Açıqlamada sonra bildirilir ki, “pikap” tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri də Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid edilir: “...Həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır, bu haqda sahiblərinə məlumat verilir”.

 

Deputat Erkin Qədirli vətəndaşlara məxsus “pikap”ların səfərbərlik və müharibə üçün yığılması barədə gedən müzakirələrə münasibət bildirib. Deputat qeyd edib ki, “pikap”ların müharibə məqsədləri üçün mülkiyyətçilərdən alınması qanunda nəzərdə tutulub:

 

“Bu başqa ölkələrdə də var. Amma polisin gördüyü iş düzgün deyil. Bunu belə etməzlər. Öncə gərək Prezident səfərbərlik elan etsin (səfərbərlik yalnız şəxslərə deyil, onların mülkiyyətinə də aid oluna bilir). Prezident bunu etməyib”.

 

Deputat qeyd edib ki, polis bunu həmin maşınları qeydiyyata almaq üçün edirsə, onun daha asan və rahat yolu var: “”Pikap" və bu sayaq avtomobillərin qeydiyyatı alqı-satqı və ya bağışlanma mərhələsində olmalıdır. Bu mərhələdə avtomobil polis qeydiyyatına alındığı kimi, eyni zamanda (vahid elektron sistemdə) hərbi qeydiyyata da alınmalıdır. Bu, dövlət üçün də, mülkiyyətçilər üçün də rahat olar".

 

 

Vəkil Zibeydə Zəkəriyyəyeva özünün facebook profilində bu haqda status yazıb: “Konstitusiya, maddə 29.4

 

Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Yəni “pikap”ların pulu veriləndən sonra müsadirə edilə bilər".

 

Hərbi ekspert Azad İsazadə “Yeni Müsavat”a açıqlamasında deyib ki, səfərbərlik planına uyğun mülki şəxslərdən nəqliyyat vasitələri və digər zəruri əmlaklar alına bilər: “Məsələn, 50 minlik orduya 5 min yük maşını, 3 min ”pikap", min tibb maşını gərəkdir. Söhbət o cümlədən radiotexniki qurğulardan, silahlardan gedir. Amma səfərbərlik planına görə, 50 minlik orduya 50  min əlavə qüvvə toplanır. Deməli, əlavə yük maşınları, “pikap”lar və digər vasitələr də lazımdır. Səfəbərlik müvəqqəti bir addımdır. Müharibə bitən kimi səfərbər olunan insanlar da, o cümlədən texnika da geri qaytarılır. Sovet dövründə kolxozların, idarələrin texnikası hərbi kommissaklıqlar vasitəsilə hərbi hissələrə təhkim olunmuşdu. 1-ci Qarabağ müharibəsi dövründə cəbhə zonasındakı “UAZ” markalı maşınları, yük maşınlarını idarə və təşkilatlardan, kolxozlardan səfərbər edib orduya vermişdilər. Bu gün Azərbaycanda bazar iqtisadiyyatıdır. Dövlət idarələri ilə yanaşı şəxsi maşınlar da var. Məntiqlə “pikap”ların səfərbər olunması doğrudur. Amma 1 məsələ var - belə nəqliyyat vasitələri alınanda sahiblərinə gömrük rüsumlarında, ölkəyə gətirilərkən daşınma xərclərində güzəştlər olunmalı idi və həmin nəqliyyat vasitələri sahiblərinin yaşadığı rayonlar üzrə qeydiyyata alınmalı idi. Belə tip nəqliyyat vasitəsini alan şəxs bilməli idi ki, səfərbərlik elan olunacağı təqdirdə maşını hansı  hərbi kommissarlığa təhvil verməlidir. Söhbət bu halların vaxtında əhaliyə izah olunmamasından gedir".

 

Hərbi ekspert deyir ki, Azərbaycan dövlətinin bu tip nəqliyyat vasitələrinin alınması üçün kifayət qədər imkanı var: “Yarı hərbi, yarı mülki təyinatlı əşyalar var ki, hansıları ki, hərbi ehtiyaclar üçün səfərbərliyə ala bilərlər.  Amma söhbət ondan gedir ki, bu halda ilk olaraq dövlət idarələrində, dövlətə məxsus yarıkommersiya müəssələrinin sərəncamında olan belə tip nəqliyyat vasitələri səfərbər olunmalı idi. Bu, daha məqsədəuyğun addım olardı. Vətəndaşlara məxsus bu tip nəqliyyat vasitələrinin səfərbərlik üçün alınması son zərurət olaraq nəzərdən keçirilməlidir”.

Tarix: 24 Sentyabr 2020, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin