BURADA REKLAMINIZ OLA
BİLƏR

İş adamı: “10 min, 100 min onlar üçün xırda oğurluq, cib xərcidir”

“Azərbaycanda gözəl işlər baş verir. Nəhayət, xəbərlər alırıq ki, boğazlarına qədər rüşvət və korrupsiya cinayətlərinin, çirkin əməllərin içində üzən məmurlar həbs edilir. Bu, ciblərini və şəxsi maraqlarını vətəndaşın rifahından, dövlətçilikdən üstün tutanlara çox ağır zərbədir. Yeganə arzum odur ki, ardı gəlsin, vətəndaşların pozulmuş hüquqları bərpa edilsin, cinayətkar məmurlar layiqli cəzalarına çatsınlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.

 

“Digər tərəfdən isə, məni düşündürən odur ki, sıravi insanlardan 10 min, hətta 100 min manatlarla pul oğurlayan bu “məmurcuqlar” həbs edildikləri halda dövlətin milyardlarla manat vəsaiti mənimsəyənlər sanki diqqətdən kənarda qalıb. Siz, həqiqətən, onları görmədiniz? 10 min, 100 min onlar üçün xırda oğurluq, cib xərcidir. Onlar özlərinin vəhşi nəfslərini 100-200 nəfərin yox, bütövlükdə millətin cibinə tuşlayıblar. Korrupsiyanın, rüşvətin zirvələrində oturan bu insanların adlarını çəkmirəm, çünki onları hər kəs tanıyır. Bəs, onları kamera çəkirmi? Onlar həmin oğurladıqları milyardların hesabına Azərbaycanda və ölkədən kənarda min oyundan çıxırlar, eyş-işrət məclisləri qurub bir gecəyə fantastik rəqəmlər xərcləyirlər. Həmin pullar Azərbaycan dövlətindən, xalqındann oğurlanmış pullarıdır. Onlar rüşvətxorluq və korrupsiya cinayətlərini törətməklə bütün dünyada Azərbaycanın nüfuzuna ağır zərbə vururlar. Belələri vətənimizin düşmənləridir. Xalqın sərvətlərini talayıb özlərinə saysız-hesabsız villalar tikdirən, dəbdəbəli həyat quran bu insanlar, sözün əsil mənasında, həşərat təki Azərbaycanın düz qəlbinə hədəfləniblər. Bəs, onlar nə zaman vəzifələrindən uzaqlaşdırılacaq, həbs ediləcəklər? Dövlətin başladığı bu anti-korrupsiya müharibəsinin tərkib hissəsi və əsas məqsədi məhz həmin o milyardları oğurlayanları ifşa etmək və cəzalandırmaqdır. Çünki, ölkədə bütün maliyyə cinayətlərinin başında onlar dayanırlar. Üzdə olan rüşvətxor məmurcuqları həbs edib dövləti və milləti talayan korrupsionerlər sərbəst buraxılmamalı. Bu insanlar, sadəcə, vəzifələrindən uzaqlaşdırılmamalı, onlar cinayət məsuliyyətinə cəlb edilməli və xalq qarşısında hesab verməlidirlər. Bir sözlə, belə görürəm ki, saat artıq onların xeyrinə işləmir” – M.Mənsimov qeyd edib.

Tarix: 21 Dekabr 2019, 09:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin