BURADA REKLAMINIZ OLA
BİLƏR

“Müharibə başlayanda özümə söz verdim ki, gözümdə bir damla belə yaş olmayacaq” – Xoşqədəm Hidayətqızı

Məşhur telejurnalist Xoşqədəm Hidayətqızı sualları cavablandırıb.

 

Müsahibəni təqdim edirik:

 

- Cəbhə bölgəsində baş verən hadisələri necə dəyərləndirirsiniz? Füzuli və Tərtərə getdiniz...

 

- Hər zaman olduğu kimi yenə də ermənilər öz çirkin əməllərini davam etdirirlər. Bildiyiniz kimi dinc əhali, mülki obyektlər atəşə tutulur. Neçə-neçə insanların canı yandı. Müharibə başlayandan ölənlər arasında nə qədər dinc əhalimiz var. Mülki obyektlərə zərər dəyib. On məktəbə atəş açıblar. Xüsusilə Tərtərdə neçə-neçə məktəbi atəşə tutublar. Ölən uşaq var, bir müəllim qəlpə yarası alıb. Bunları düşmən edib.

 

Cəbhədə düşmənin təxribatına baxmayaraq Azərbaycan ordusu çox gözəl xəbərlərlə bizi sevindirir və uğurlu əməliyyatlara davam edir. Füzuli və Tərtərə getdim, həm duyğulandım, həm də qürurlandım. Mən bunu açıq ifadə edəcəm, 90-cı illərdəki gərgin günləri görmüşəm, o vaxt yeniyetmə idim, 16 yaşım vardı. İnsanların gərgin müharibəyə münasibətini bilirdim. İnsanlar yaxınlarını, qohumlarını itirmişdilər. Böyük əksəriyyətinin içində sanki itirmək qorxusu var idi. Amma bu gün istər Füzulidə, istər Tərtərdə, bütün Azərbaycanda insanların Vətən, torpaq uğrunda gözünü yumaraq ölümə getmək istəyi çox güclüdür. Düşünürlər ki, nə olur-olsun torpağımız azad olunmalıdır.

 

Bütün Azərbaycan, hətta dünyada yaşayan azərbaycanlılar da bir ürək kimi döyünür. Ermənilərin top və raketdən atəş açmasına baxmayaraq, cəbhə bölgəsində yaşayan dinc əhalidən heç kim evini tərk etmir. Məğrurcasına öz torpağında, öz Vətənində, prezidentinin ətrafında səbrlə qələbəni gözləyir. Əksər insanlar cəbhəyə getmək, döyüşmək istəyir. Bütün bunlar mənim cəbhə bölgəsində gördüklərimdi.

 

Şəxsən mən azərbaycanlı olduğuma görə qürur duydum. Çox böyük millətik. Rəbbim, inşallah, qısa zamanda qələbəni də bizə nəsib edəcək. O xəbərləri bizə Ali baş komandanımız çatdıracaq. Allah ordumuzu və əsgərlərimizi qorusun.

 

- Ermənilər Gəncəyə, Mingəçevirə, Goranboya, Tərtərə və bir sıra regionlarımıza, mülki əhaliyə atəş açırlar. Bu, erməni vandalizminin bariz nümunəsidir...

 

- Ermənilər çox pis vəziyyətdədirlər, məğlub olublar, Dağlıq Qarabağdan qaçırlar. Eləcə də başqa ölkələrdən aldadıb gətirdikləri peşmandırlar. Oradakı muzdlu döyüşçülərin səs yazısını Dövlət Təhlükəsizlik Xidməti yaydı. O insanlar cəbhə bölgəsini tərk edirlər. Xankəndini və işğal edilmiş torpaqlarımızdan qaçmaq istəyirlər. Orduda əsgərləri fərarilik edir. Düşməm itirə-itirə gedir və məğlub olur.

 

Başını itirib deyə, Azərbaycanın cəbhə bölgəsində olmayan bölgələrinə - Beyləqana, Goranboya, Gəncəyə, Abşerona top və raketlərdən atəş açır. Bəzən qadağan edilmiş silahlara da əl atır. Çünki Azərbaycandan cavab almaq, ölkəmizi provakasiyaya çəkmək, üçüncü bir ölkəni münaqişəyə cəlb etmək istəyir. Amma bütün bunlara nail ola bilməyəcək.

 

Azərbaycan səbr və təmkinlə öz ata-baba torpaqlarını azad etmək üçün inam və qürurla irəli gedir. Dəfələrlə cənab prezidentimiz öz çıxışlarında və beynəlxalq tribunalarda söylədi ki, Ermənistana təxribatlara hazırlaşır, ona kimsə “dur” deməlidir. Heç kim Ermənistana “dur” demirdi.

 

Amma indi onların dinc əhaliyə, mülki obyektlərə, cəbhə bölgəsinə aid olmayan regionlarımızı atəşə tutmasına dünya ictimaiyyəti sakit baxmamalıdır. Ermənistan bölgə üçün təhlükəlidir. Bu fikri Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da söylədi. Həqiqətən Ermənistan bölgə üçüm təhlükəli bir dövlətə çevrilir. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı işğalda saxladığı torpaqlardan çıxmağa məcbur etməlidir. Bunu etmirlərsə, Azərbaycan ordusu öz haqq olan işini bitirməlidir.

 

Azərbaycan 30 ilə yaxın gözlədi, münaqişənin dinc yolla həllinə inandı. Amma bu gün sülh yoxdursa, biz nə etməliyik? Ordumuzun gücü ilə torpaqlarımızı düşmən tapdağından qurtarmalıyıq.

 

Ermənistan nə edirsə etsin, Azərbaycanı təxribatlara çəkə bilməyəcək. Biz öz torpaqlarımızı istəyirik, bizim yolumuz haqq yoludur. Azərbaycanın güclü prezidenti və ordusu, böyük bir tarixi qəhrəmanlığa sahib olan milləti var. İnanıram ki, ən qısa zamanda Ali baş komandanımızın rəhbərliyi altında Azərbaycan ordusu xalqımızı Xankəndində, Şuşada və işğaldan azad edilən torpaqlarımızdan salamlayacaq.

 

- Vətənpərvər bir insan, televizya aparıcısı kimi bu məsələlərin mərkəzindəsiniz. Necə düşünürsünüz, xarici kanallar Qarabağ məsələsində adekvat mövqe nümayiş etdirirlərmi?

 

- Dünən Fransa mətbuatının Xankəndindən hazırladığı bir reportajı izlədim. Açığı deyim, çox hiddətləndim. Bu dərəcədə həqiqətə göz yummaq, tarixə hörmət etməmək... Mən heç vaxt bir jurnalist kimi tarixi həqiqətləri yalanlayan bir milləti o cür yazıq obrazda göstərməzdim. Məsələn, dünyanın bir sıra mediasını və beynəlxalq təşkilatlarını qeyri-obyektiv görürəm. Düşünürəm ki, eyni hadisə Fransada baş versəydi, hansı addımı atardı?

 

Bu gün Ermənistanı müdafiə edən və müdafiə etmək istəyən güclü ölkələr və təşkilatlar bu hadisələri öz ölkəsində görsəydilər, nə edərdilər? Əminəm ki, bizdən daha kəskin addımlar atardılar. Hələ biz 30 ilə yaxın gözləmişik, onlar bəlkə 30 gün də gözləməzdilər. Bu da xarici ölkələrdə erməni diasporunun işidir.

 

Mən bir məqamı vurğulayacam, təbii ki, bütün dünya mətbuatını izləyirəm, həm jurnalist, həm də indiki proseslərin mərkəzində olan, efirdə həqiqətləri təqdim edən bir jurnalist kimi... Xarici ölkələrdə yaşayan azərbaycanlılarımıza, xüsusilə də diaspor üzvlərinə demək istəyirəm ki, çox ayıq-sayıq olmalı, ermənilərin yalanlarına tutarlı cavab verməliyik.

 

Xatırlayırsınızsa, Birinci vitse-prezident Mehriban Əliyeva yaxın günlərdə dedi ki, "müxtəlif platformalarda erməni yalanlarını bizə qarşı istifadə edənlərə qarşı bir əsgər kimi döyüşməliyik". Bu gün Azərbaycanın xarici ölkədə yaşayan vətəndaşları fəallıq göstərirlər. Amma biz daha çox iş görməliyik. Çünki ermənilər o qədər hiyləgərdirlər ki... Hər zaman dara düşəndə ağlayırlar, yazıq obrazına girirlər. Çox hiyləgər düşmənlə üz-üzə qaldığımız üçün xüsusilə də xarici ölkələrdə yaşayanlar fəal olmalıdır. Necə ki, bizim ordumuz düşməni məğlub etmək, torpaqlarımızı azad etmək üçün bir an belə dayanmır.

 

 

 

- Sizin canlı efirdə Cəbrayıl rayonunun işğaldan azad edilməsi xəbərini təqdim edərəkən emosiyalarınız hər kəsə təsir etmişdi...

 

- O xəbər gələndə biz artıq reklama çıxmışdıq və təqribən on-on iki dəqiqə yayımımız dayanacaqdı. Gördüm ki, hər kəs bir-birini qucaqlayır. Dedilər, cənab prezident Cəbrayılın və bir neçə kəndin azad edildiyini yazıb. Təsəvvür edirsiniz, o ab-hava ilə efirə qayıtmaq və efirdən cənab prezidentin elan etdiyi şad xəbəri insanların diqqətinə çatdırmaq necə çətin idi...

 

Mən sonradan o anlara bir də baxdım, dedim, niyə belə etmişəm?.. Əslində sevincdən özümdə deyildim. Müharibə başlayanda özümə söz verdim ki, gözümdən bir damla belə göz yaşı olmayacaq, nə danışarkən, nə oradan şad xəbərlər alarkən. Bilmirəm, bütün torpaqlarımız işğal altından xilas olanda özümü necə aparacam? Şuşaya, Ağdərəyə, doğulduğum rayona ayaq basarkən necə hisslər keçirəcəyimə söz verə bilmirəm. Efirdə də göz yaşlarım axmasın deyə özümü güclə tutdum. Çünki söz vermişdim…

 

İllərdir ən böyük arzum odur ki, Allahım mənə qələbə xəbərlərini eşitməyi nəsib etsin. Həmin anda çox xoşbəxt idim. Allah o xoşbəxtliyi mənə çox görməsin. Tez bir zamanda torpaqlarımız işğaldan azad edilsin, dövlət başçımız bunu "Tvitter"də yazsın, mən də xəbərləri tamaşaçıya çatdırım.

 

- Qardaş Türkiyənin ölkəmizə dəstəyini necə dəyərləndirisiniz?

 

- Türkiyə 30 ilə yaxındır Azərbaycanın haqq savaşında onun yanındadır. Bütün beynəlxalq danışıqlarda, platformalarda Azərbaycanı müdafiə edib. Xüsusilə bu savaş başlayanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Xarici işlər naziri Mövlud Çavuşoğlu və digər siyasətçilər Azərbaycana birmənalı dəstək verdilər.

 

Atəşkəs sazişi o zaman imzalana bilər ki, ermənilər işğal edilmiş ərazilərdən çəkilsin - bu fikirlər cənab Prezident İlham Əliyevə məxsusdur. Bu fikirləri eyni zamanda Rəcəb Tayyib Ərdoğan da səsləndirdi, bu, bizi qürurlandırır. Biz bir millət, iki dövlətik. Bu, bir daha sübut olunur.Teleqraf

Tarix: 8 Oktyabr 2020, 21:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin