BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qaydalara əməl edilməzsə, digər şəhər və rayonlarda da sərt karantin rejimi tətbiq edilə bilər” - Deputat

“Bilirsiniz ki, koronavirus pandemiyası bitməyib, bütün dünyada yayılmaqda davam edir. Biz koronavirusla yaşamağı öyrənməliyik, bacarmalıyıq”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

“Doğrudur, Azərbaycanda yoluxma halı azalmışdı. Görünür, son zamanlar insanlar bir qədər məsuliyyətli davranmayıb, yoluxma sayında artım müşahidə olunub. Ötən günün statistikasına əsasən, COVID-19-a 277 yeni yoluxma faktı qeydə alınıb. Hazırda xalqın diqqəti cəbhə bölgəsindədir, ordumuz mənfur düşmənlə üz-üzədir. Koronavirusa yoluxmanın artması səhiyyə susteminə ciddi zərbə vura bilər. COVID-19-a qarşı mübarizə aparmaqla həm də ordumuza dəstək vermiş oluruq. Baxmayaraq ki, humanitar atəşkəs elan olunub, amma düşmən itirdikləri mövqeləri bərpa etmək üçün hücuma keçir deyə şiddətli döyüşlər gedir. Onlar əsasən mülki əhalini hədəfə alır, bu da düşmən tərəfin acizliyini göstərir. Belə olan halda, həkimlərimiz daha çox cəbhə bölgələrinə yönəldilir. Koronavirusa yoluxmada artım müşahidə olunarsa, ciddi problemlər yaşana bilər, xəstəxanalarda yer çatışmazlığı ilə üzləşə bilərik. Biz məsuliyyətli olmaqla görülən işlərə töhvə vermiş olarıq. Hər kəs məsuliyyətli olmalı, sağlamlığını qorumalıdır. Biz Vətən Müharibəsi ərəfəsində ayaqda olmalıyıq” – C.Osmanov qeyd edib.

 

Deputat xatırladıb ki, Nazirlər Kabinetin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında etdiyi dəyişikliklə Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış bu gündən dayandırılıb.

 

Parlamentin üzvü bildirib ki, bu, ilk siqnaldır: “Operativ Qərargah çalışır ki, sərt karantin rejimi tətbiq edilməsin, ona görə lokal qapanma tədbirləri həyata keçirilir. Sərbəstlikdən sui-istifadə etmək lazım deyil. Qaydalara əməl edilməzsə, digər şəhər və rayonlarda da sərt karantin rejimi tətbiq edilə bilər”.

Tarix: 14 Oktyabr 2020, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin