“Şuşadan on iki sot torpaq alacam” – Bəhram Bağırzadə

Əməkdar artist Bəhram Bağırzadə müsahibə verib.

 

Müsahibəni təqdim edirik:

 

- Bəhram müəllim, koronavirusdan sağalandan sonra yavaş-yavaş işə başlamısınız. Özünüzü necə hiss edirsiz, səhhətiniz necədir?

 

- Birincisi, yaşamağa başlayacam. Çünki o dünyaya getdim, qayıtdım, 20 gün komada, 32 gün xəstəxanada qaldım. Ümumilikdə 52 gün... Heç vaxt xəstələnməyən və xəstəxanaya düşməyən adam, birdən-birə hər şey üst-üstə gəldi, klinikaya düşdüm. Açığı, şok vəziyyətində idim.

 

Koronavirusa yoluxmadan öncə özümü işə vermişdim. Günüm səhər saat 7-də başlayıb, gecə 2-də bitirdi. Hər gün İnstaqramda saatlarla canlı yayımlar edirdim. Bu məni yordu, zəifliyimə görə koronavirusa yoluxdum və ən ağır mən keçirdim. Respublikada yeganə vətəndaşam ki, ECMO aparatına qoşdular, 20 gün komada oldum. Bu xəstəliyi mənim kimi ağır keçirən olmamışdı. Bu da yəqin ki, Allahın sınağı, imtahanı idi.

 

Hər bir müsəlman dua etməlidir ki, Allah onun cəzasını bu dünyada versin, axirətə saxlamasın. Mən də dua edirəm ki, Allah bunu mənə kəffarə kimi yazsın. Kəffarə günahların yuyulması deməkdir. Yəqin hardasa səhv etmişəm, nəyisə düzgün eləməmişəm, Allah məni belə cəzalandırdı.

 

- Niyə əksini düşünmürsünüz, əslində, Allah sizi bu ağır vəziyyətdən çıxardı…

 

- Xəstəliyi çox ağır keçirdim və ona görə sevinirəm ki, Allah cəzamı yüngülləşdirdi. Digərlərinə də dərs olsun ki, Allahın yazdığı qanunlardan, çərçivədən çıxmaq olmaz. Düzgün yaşamaq lazımdır. Mən demirəm ki, böyük günah işlətmişəm, xeyr. Böyük günahlar eləmirəm. "Quran"da da yazılıb, Allah buyurur ki: "Böyük günahlar etməyin, kiçik günahları sizə keçəcəm. İnsan nə qədər dözə bilərsə, o qədər sınağa çəkilir". Deməli, dözə bildimsə, bu vəziyyətdən çıxdım. İnsanın başına iş gələ bilər. Həmişə günahı ətrafda axtarır, başqasında görür. Mən isə o insanlardanam ki, ətrafımda yox, özümdə günah axtarıram. Ona görə deyirəm ki, Allahın mənə rəhmi gəldi.

 

- Hazırda özünüzü qorumaq üçün insanlarla ünsiyyətdə maskadan istifadə edirsinizmi?

 

- Mən COVID-19-a yoluxmadan öncə də maskadan, spirtdən istifadə edirdim, məsafə saxlayırdım, üç ay heç yerə çıxmamışdım, mart, aprel, may aylarında. İyunda başıma belə bir iş gəldi.

 

- İlk zamanlar koronavirusa yoluxduğunuzu gizli saxladınız. Bu haqda xəbər yayıldı və siz təkzib etdiniz. Bəzi tanışlarınız da sosial şəbəkədə sizin virusa yoluxduğunuzu yazdılar. Siz isə onlara etirazını bildirdiniz və incidiniz.

 

- İncimək kişiyə yaraşmır. Kişi söyər, vurar, döyər, amma inciməz. İncimək kişilərə xas deyil. Mən heç kimdən inciməmişəm. Sadəcə olaraq mənə qarşı özlərini düzgün aparmayan insanların üzərindən xətt çəkirəm. Bir insan mənə zəng edib, soruşmayıb ki, xəstəyəm, xəstə deyiləm, vəziyyət necədir... Və sosial şəbəkədə mənim virusa yoluxmağım haqqında status yazıb, bu, düzgün deyil. Bəlkə mən xəstə olduğumu kiminsə bilməsini istəmirdim? Halbuki o vaxt xəstəliyimi bilmirdim, test verməmişdim və soyuqdəymə var idi.

 

Əgər testi verib və təsdiq olunsaydı, deyərdim xəstəyəm. Bəzi müğənnilər, yaradıcı insanlar var, xəstəliklərini, plastik əməliyyatların piar etməyi xoşlayırlar. Bunu mən xoşlamıram, çünki xasiyyətim başqadır. Eləcə də ailə ilə bağlı…

 

Məsələn, mən istəməzdim ki, həyat yoldaşımdan açıqlama alsınlar, övladlarımın sosial şəbəkələrdə şəkilləri yayımlansın. Bunu bir-iki dostum etdi, sonra davam elədi. Halbuki mən deyirdim, elə şeyləri xoşlamıram. Mənim xəstəliyim şəxsi işimdir. Bunu ictimaiyyətin bilməsini istəmirdim.

 

Ümumiyyətlə, müsəlmanın ailəsində nə baş verirsə, bunu ictimailəşdirmək düzgün deyil. Kim bunu etmək istəyir, özü üçün piar, bəyənmə, pul qazanır, özləri bilər. Mən bunu istəmirəm.

 

- Komada olarkən səs eşidirdinizmi?

 

- Xeyr, komada olarkən səs eşitmirdim, amma 20 gün ərzində yuxular görmüşəm. Yuxularım çox rənbərəng idi. Bu dünyada o rənglər yoxdur. Bir rəssam kimi sizə deyə bilərəm ki, Allahın çox gözəl rəngləri var. Hansı ki, sizinlə danışıram, gözümün qabağına gəlir, kövrəlirəm. O rəngləri bu dünyada görməmişəm. Nə gördüyümü isə deyə bilmərəm.

 

- Komada olarkən gördüklərinizin hamısını xatırlayırsınız?

 

- Hər şeyi xatırlayıram, hətta ömrümün axırına qədər o kadrlar mənimlə olacaq. Və o kadrları gələcəkdə bir daha hiss edəcəm və görəcəm.

 

- Bir rəssam kimi gördüyünüz rənglərin şəklini çəkmək istəyərsiniz?

 

- Xeyr. O mənim daxilimdə olan hisslərdir. Onu heç kimə verməyəcəm.

 

- Komada olarkən kimləri gördünüz?

 

- Mərhum atamı gördüm,o, polkovnik idi. Əli ilə itələdi ki, gəlmə. Yuxuda gördüm, Cabir İmanovla dünya şöhrətli rəssam Sakit Məmmədov deyir ki, Bəhram üçün çoxlu dua edin. Sizə bunu deyə bilərəm….

 

Tahir İmanov o gecə yanımda olmasaydı, həyat yoldaşıma dəstək verməsəydi, Birinci vitse-prezident Mehriban Əliyevaya sözümü çatdırmasaydı, bəlkə də öləcəkdim. Ona görə də sizin sayt vasitəsilə Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm. Çünki nə problemlər var, hamısını öz üzərinə götürdü. Heydər Əliyev Fondu tərəfindən hər bir iş görüldü – realibilitasiya vaxtı da daxil olmaqla. Çox sağ olsun, mən o ailəyə borcluyam.

 

- Siz komada olarkən əməkdar artist, dostunuz Tahir İmanov hər gün İstaqramda canlı yayım açdı, sizin səhhətiniz haqqında informasiya verdi. Daim sizin yanınızda oldu və xəstəxanadan çıxarkən də sizi məhz o qarşıladı.

 

- Xəstəxanadan çıxandan sonra özüm üçün müəyyən etdim ki, mənim əsl dostum kimdir. Bir daha özümə sübut etdim, yanılmamışam. Amma hansını ki, özümə dost sayırdım, sosial şəbəkələrdə axmaq statuslar, lazımsız piar edirdilər. Hətta elələri də var idi ki, dünyamı dəyişməyimi istəyirdi. Mənsə onlar üçün indi də dua edirəm.

 

- Komadan ayılanda ilk olaraq kimi görmək və kiminlə danışmaq istədiniz?

 

- İlk dörd gün həyat yoldaşımı və uşaqlarımı yada sala bilmirdim. Ona görə çox pis olurdum. Bilirdim ki, həyat yoldaşım və övladlarım var. Amma üzlərini xatırlaya bilmirdim, dörd gün kövrəlmişdim. Hətta mənə elə gəlirdi ki, şikəst olmuşam, məni atıb gediblər, ata kimi, həyat yoldaşı kimi məndən imtina ediblər. Atam rəhmətə gedib, bəs, anam və bacım var, onlar haradadırlar? Çox pis olmuşdum.

 

Beşinci gün həyat yoldaşımın və övladlarımın şəkillərini gətirdilər, onları görəndən sonra beynim ayıldı, məktub gətirmişdilər, onları da oxudum. Və axır ki, özümə gəldim. Hər gün tibbacılarından xahiş edirdim ki, o telefonda Quran ayələrini qursunlar, qulaq asım. Ayələri dinləmək mənə rahatlıq gətirirdi, yavaş-yavaş düzəlirdim.

 

Xəstəxanada palatada olanda Mehriban xanım Əliyevanın zəng etməsi, danışması, mənə “Allah şəfa versin, yastığın yüngül olsun, sağ-salamaq dur, qabaqda çoxlu layihələr var, onları hazırlamaq lazımdır” deməsi məni ayıltdı. Özümü rahat hiss elədim, düşünməyə başladım. O gözəl sözlər mənə şəfa oldu, mənə həyat verdi. Anamın və bacımın duaları, həyat yoldaşımın özünü itirməməsi, çevik hərəkət etməsi, Mehriban Əliyevanın yardım əlini uzatması, bir çox insanların duası məni həyata qaytardı. Allah hər kəsin dualarını qəbul etsin.

 

- Sağlamlığınıza yavaş-yavaş qovuşduqdan sonra ilk olaraq hansı işinizi görmək istədiniz?

 

- Həyat elədir ki, gərək plan qurmayasan. Bu yay üçün o qədər planım var idi ki... Planlarım boşa çıxdı, yayın yarısını xəstəxanada keçirdim. Halbuki bu yay dənizə getmək istəyirdim. İnsan arzularla yaşamalıdır, amma yüngülvari planlar da qurmalısan. İnsanın arzusu olmayanda ölmüş kimidir. Qarşına məqsəd qoymalısan və onunla yaşamalısan. Çoxlu dua etməlisən.

 

- İnstaqramda canlı yayımlar edirdiniz. O verilişləri televiziyada həyata keçirmək istəyərsinizmi? Həmçinin dostunuz Murad Dadaşov "Xəzər" Televiziyasının rəhbəri oldu…

 

- Mənim belə bir xasiyyətim var, heç vaxt heç kimə ağız açmıram. Heç kimdən heç nə istəmirəm. Şükür Allaha, televiziyalar otuz ildir məni tanıyırlar. Son üç ildə İnstaqramda necə canlı yayımlar etdiyimi görürlər. Əgər lazım bilsələr, dəvət edərlər.

 

Mən heç kimə ağız açmayacam. Dəvət eləsinlər və inanın ki, verilişlərim ən yüksək səviyyədə olacaq. Demirəm ki, verilişlərim bütün proqramlardan yaxşı olacaq, hörmət etdiyim jurnalistlər var. Mən jurnalist deyiləm, amma məncə, məndə alınır.

 

- Bəhram Bağırzadə hansı kanala rəhbər olmaq istəyər?

 

- Heç bir kanala rəhbər olmaq istəmərəm. Rəhbər, məmur olmağı xoşalmıram, mən azad rəssamam. Bu gün zəng etdiniz ki, görüşək və sizdən müsahibə götürək. Mən nazir, məmur, sədr olsaydım, italyan restoranında rahat oturub, sizinlə söhbət edə bilməyəcəkdim.

 

- Sizin daim təvazökar qalacağınıza inanırıq....Vəzifə sizi dəyişməz.

 

- Sadə olardım, amma vaxtım olmayacaqdı. Dediyim kimi azad rəssamam və daxilimdəki o azadlığı itirmək istəmirəm.

 

- Ukraynada "KVN"çi Vladimir Zelenski prezident oldu. Siz açıqlamalarınızın birində millət vəkili belə olmaq istəmədiyinizi qeyd etmisiniz...

 

- Azad olmaq istəyirəm. Yalnız 65 yaşdan sonra Milli Məclisə gedə bilərəm. Çünki orada bir çoxu heç nə etmək istəmir. Mən daim hərəkətdə olmaq istəyirəm, kitablar yazmaq, yeni heykəllər kəşf etmək, şəhəri abadlaşdırmağı və sair. İndi kitab yazıram ki, Qarabağı aldıqdan sonra Şuşada neynəyəcəm? Öz sahəmdə insanlara daha çox faydalı olmaq istəyirəm.

 

- Siyasəti izləyirsinizmi? Azərbaycanla Türkiyənin daha da yaxınlaşmasını necə dəyərləndirirsiniz?

 

- Mən siyasətdən uzaq insanam.

 

- Murad Dadaşov “Xəzər” Televiziyasında müsbətə doğru çox dəyişiliklər etdi. Ona nəyisə tövsiyə edə bilərsiniz?

 

- Mənim Murad Dadaşova tövsiyə verməyə ixtiyarım yoxdur. Ümumiyyətlə, deyə bilərəm ki, gənclərimiz xarici ölkələrdə təhsil alsınlar.

 

- Hazırda hansı kitablar üzərində işləyirsiniz?

 

- 40-a yaxın kitabım çıxıb, 60-a yaxın kitabım isə qalıb. Üzərində işləyirəm.

 

- Gün ərzində neçə saat çalışırsınız?

 

- Hər gün işləyirəm və ona görə xəstələnirəm. Mən bilirəm ki, bu məqalə çıxandan sonra ən azından üç sponsor zəng edəcək ki, kitabına sponsorluq edirəm.

 

- Yenidən İnstaqramda canlı yayımı bərpa etmək fikriniz varmı?

 

- Sponsor tapsam bərpa edərəm. Boşuna işləmək və vaxt itirmək istəmirəm. Sponsor olsun, bilim ki, zəhmətimə dəyər verilir. Həm də ailəmi də dolandıra bilim. Mən televiziyada veriliş aparsam, ən maraqlı veriliş alınar. Elə suallar verərəm ki, jurnalistlər o sualları heç vaxt verməyiblər. Çünki həmin adamı tanımırlar, onun tərcümeyi-halını bilmirlər. Elə suallar verərəm ki, qonağım həm gülər, həm ağlayar.

 

İnsanın psixologiyasını gözəl bilmək lazımdır. Əgər mənə ayda dörd veriliş verilsə, ildə 48 veriliş edər. 48 verilişin 18-ni öncədən çəkib, sonra efirə çıxararam. 18-i efirdə gedə-gedə digər verilişləri çəkirsən.

 

- Filmə çəkilmək kimi bir fikriniz varmı?

 

- İndi heç nə istəmirəm. İstirahət edəcəm, yorğunam.

 

- Bəhram müəllim, hazırda gəlir mənbəyiniz nədəndir?

 

- Hazırda əsas gəlirim reklamlardandır. İl ərzində iki-üç reklama çəkilirəm, mənə bəs edir. İndi də reklam çəkilişindən gəlirəm, onlar mənimlə altı aylıq müqavilə bağladılar. Onu da deyim ki, böyük iddialarım yoxdur. Mən 200 minlik avtomobil sürmək istəmirəm. Sadə həyat yaşayıram. Milyarder olmaq istəmirəm. Bir az pulum olur, ailəmi dolandırıram, övladlarıma kitab ala bilirəm, müəllimlərinin pulunu verə bilirəm, həyat yoldaşım özünü xanım kimi hiss edir, anamı təmin edirəm və deməli, hər şey öz yerindədir.

 

- Hazırda koronavirus yenidən yayılmağa başladı. Virusdan əziyyət çəkənlərə və insanlara nə demək istəyərsiniz?

 

- Onlar üçün dua edirəm, özlərini qorusunlar. Heç vaxt xəstələnməsinlər. Çox insanlar bu xəstəliyə inanmırlar. Onlara demək istəyirəm ki, özünüzdən muğayat olun, qayda-qanuna riayət edin, xəstələnməyin. Mən nə vaxtsa xəstələnəcyimi gözləmirdim. Hamısı üst-üstə gəldi və stresə düşdüm.

 

Komadan ayılanda ayağım şişmişdi, boğazımda və digər yerlərimdə şlanq var idi, qolum iynələrdən gömgöy idi. Çox dəhşət idi. Adam stresdən, əlacsızlıqdan, çarəsizlikdən pis vəziyyətə düşür. Deyim ki, haransa ağrıyır, yox. Mən ömrümün axırına qədər şikəst qala bilərdim.

 

Digər tərəfdən beynimdə planlar var idi ki, hansı kitabı nə vaxt yazacam. Bakı, Azərbaycan və Qarabağ ilə bağlı planlarım var idi.

 

- Qarabağ işğaldan azad olunandan sonra orada nə etməyi düşünürsünüz?

 

- Şuşadan on iki sot torpaq alacam, ev tikəcəm və orada böyük Azərbaycan bayrağı asacam. Dostlarımdan da xahiş edəcəm ki, bizim məhəllədən hamısı torpaq alsın. Dövlətimizdən xahiş edəcəm ki, Bakı şəhərində yerləşən kafe, restoranların filliallarını Xankəndində, Füzulidə, Şuşada açaq. Biz oranı elə abadalaşdıraq ki, qonşularımızın ürəyi partlasın!Teleqraf

Tarix: 16 Oktyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 20:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin