BURADA REKLAMINIZ OLA
BİLƏR

Gülər Əhmədovanın həbsdə olan oğlundan xəbər var

Keçmiş deputat Gülər Əhmədovanın qanunsuz silah saxlamaqda təqsirləndirilən oğlu Toğrul Əhmədovun apelyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan iclasda Toğrul Əhmədovun şikayəti qismən təmin olunub.

 

Toğrul Əhmədovun cəzası 1 il 6 aya endirilib.

 

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Toğrul Əhmədov 2 il müddətinə azadlıqdan məhrum edilib.

 

O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə təqsirli bilinib.

 

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının fevral ayında keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun idarə etdiyi BMW markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

 

Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə ittiham verilib.

 

T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

 

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

 

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apelyasiya şikayəti verib.

 

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.Demokrat.az

Tarix: 16 Oktyabr 2020, 20:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin