BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənistan uduzub" - Adil Əliyev

Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan əks-hücum əməliyyatları öz nəticəsini verməkdədir. Ərazilərimizin işğaldan azad edilməsi xəbərləri bizi olduqca sevindirir, hər bir Azərbaycan vətəndaşının qəlbini qürur hissi ilə doldurur. Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşısına qoyulmuş bütün məqsəd və vəzifələrin öhdəsindən layiqincə gələrək sürətlə irəliləyir.

Pravda.az xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.

Adil Əliyev deyib ki, 27 sentyabrdan bu günə qədər Ermənistanın itkilərinin sayı-hesabı yoxdur. Rəsmi mənbələrə əsaslansaq, bu dövrdə düşmənin maddi itkisinin 1 milyard dollardan çox olması aydındır. Lakin əminik ki, real itkilər rəsmi elan edilən rəqəmlərdən dəfələrlə artıqdır. Çünki bu, ilk hal deyil və Ermənistan hakimiyyəti xalqını mütəmadi olaraq aldadır. Hətta döyüş şəraitində öldürülən hərbi qulluqçuları dəfələrlə ictimaiyyətə qeyri-döyüş şəraitində olan itki kimi təqdim etmək Paşinyan hakimiyyətinin ənənəvi gerçəkliyidir. Demək olar ki, Ermənistan rəsmi olaraq 1 il bundan əvvəl iqtisadi cəhətdən tənəzzül yaşamış, COVID-19 xəstəliyinin yayılması zamanı isə idarəetməni tamamilə itirmələrini rəsmi olaraq elan etmişdi. Bu gün isə Ermənistan cəbhədə uduzmaqla yanaşı, diplomatiya masasında da uduzur. İki dəfə humanitar atəşkəsin elan edilməsinə baxmayaraq, Ermənistan atəşkəsin şərtlərini kobud şəkildə pozduğu üçün layiqli cavabını alır.
Baş verənlərin fonunda Ermənistan hər gün sarsıdıcı zərbələrin hədəfində olur, geri çəkilməyə başlayır, maddi-texniki bazası durmadan zəifləyir və şəxsi heyəti tamamilə zərərsizləşdirilir. Döyüşlərin başladığı vaxtdan indiyədək ələ keçən texnikaların sayı hər gün artır. Ermənistan silahlı qüvvələri əvvəlcə taqımlar və bölüklər şəklində döyüş meydanından geri çəkilirdilərsə, bu gün artıq bütöv hərbi hissələri avadanlıqları ilə birlikdə Azərbaycan Ordusuna təslim edirlər.
Spikerin müavini bildirib ki, müharibənin taktiki cəhətdən prinsipidir ki, müdafiə xətti daim güclü olmalıdır. Azərbaycan Ordusu düşmənin dərin müdafiə xəttini yarmağa nail olub. Xüsusilə, döyüş əməliyyatlarının davam etdiyi bir vaxtda biz müharibəni həm bu sahədə qəbul edilmiş beynəlxalq humanitar hüququn prinsiplərinə sadiq qalaraq davam etdiririk, həmçinin hədəfimiz minimum itki və maksimum nəticə prinsipidir. Müharibədə rəşadətli ordumuzun gücünü görməklə bərabər, Azərbaycan dövləti tərəfindən uzun illər hərbi sahəyə ayrılmış diqqətin bariz nəticəsini görürük. Bugünkü təhlillər göstərir ki, pilotsuz uçuş aparatları, dronlar və digər silahlarımız Ermənistanı çox ciddi itkilərə məruz qoyur və bu itkilər zamanı bizim tərəfimizdən heç bir tələfata yol verilmir. Müdafiə Nazirliyinin paylaşdığı rəsmi xəbər və videoçarxlardan aydın şəkildə görə bilirik ki, bu gün düşmən döyüş meydanında çox böyük itkilər verir, artıq Ermənistan uduzmuş dövlətdir. Təbii ki, onlar nə qədər çox dirəniş göstərsələr bir o qədər çox itki verməyə məcbur olacaqlar. Azərbaycan humanitar hüququn prinsiplərinə sadiq qaldı, dəfələrlə onlara təklif edildi ki, ərazilərimizi işğaldan azad etməkdən başqa çıxış yolları yoxdur. Hələ bir neçə il bundan əvvəl Prezident, Ali Baş Komandan İlham Əliyev bildirib ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağına gəlməsin. Lakin təcavüzkar Ermənistan hakimiyyəti nə bizim torpaqlarımızdan, nə də mənfur xislətlərindən geri çəkilmədi. İndi artıq gecdir və qəbul etdikləri səhv qərarlarının nəticələrinə dözmək vaxtıdır.
Adil Əliyev qeyd edib ki, Ermənistanın yaşı 60-a qədər olan insanları, mülki şəxsləri zorla orduya səfərbər etməsi həqiqətən də çıxılmaz vəziyyətdə olmalarının əyani sübutudur. Azərbaycanda isə bu gün hər kəs könüllü olaraq, böyük ruhla, canla-başla döyüşə getməyə hazırdır və Ali Baş Komandanın bu sahədə verəcəyi əmri gözləyir. Düşməndən fərqli olaraq, Azərbaycanın heç bir halda döyüşmək üçün kənardan hərbçi dəvət etməsinə zərurət yoxdur. Biz bu torpaqların sahibiyik. İstər əhalinin sayı baxımından, istərsə də digər parametrlərdə Ermənistandan ən azı 5 dəfə daha böyüyük. Ermənilər kimi bu ərazilərə kiminsə diktəsi ilə köçməmişik...
Tarixə qısa bir nəzər salaq. Ermənilərin bu əraziyə köçürülməsi 1828-ci ildə Rusiya ilə İran arasında bağlanan Türkmənçay müqaviləsindən sonra baş tutub. Müqaviləyə əsasən müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb. Onlar heç 200 il deyil ki, bu müqəddəs torpaqlara ayaq basıblar. Qədim oğuz yurdu, odlar diyarı Azərbaycanın yaşı isə minilliklərlə ölçülür.
Qarabağın Azərbaycanın tarixi, əbədi və əzəli torpağı və ayrılmaz tərkib hissəsi olduğunu heç bir ölkə və beynəlxalq təşkilat istisna etmir. Əksinə, bir çox dövlətlər haqq işimizdə bizi yaxından dəstəkləyirlər. Azərbaycanı dəstəkləyən ölkələrin sırasında əlbəttə ki, ilk yerdə qardaş Türkiyə yer alır. Həmçinin Pakistan, Ukrayna və digər dost dövlətlər də Azərbaycanla bağlı ədalətli mövqe sərgiləmişlər. Şimal qonşumuz olan Rusiya ilə də bizim çoxəsrlik dostluq, əməkdaşlıq münasibətlərimiz var. Başda Ermənistan olmaqla, digər dövlətlərdən zaman-zaman Rusiya ilə Azərbaycan arasına nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdləri olsa da, bu, baş tutmayıb. Belə məsələlər heç vaxt bizim strateji tərəfdaşlığımıza kölgə sala bilməz.
Bu gün tarix Azərbaycanın tərəfindədir, qələbə tərəfimizdədir, dünyanın haqq işini, ədalətli dəstəkləyən ölkələri bizim tərəfimizdədir. Ermənistanın süqutu qaçılmazdır. Qarabağ Azərbaycandır!

Tarix: 19 Oktyabr 2020, 22:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin