BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan ordusunun komandanı erməni qüvvələrinin komandanını təslim aktına imza atdıracaq”

Tanınmış konfliktoloq Elxan Mehdiyevin müsahibəsini təqdim edirik.

 

- Elxan bəy, bu gün Paşinyan bütün erməniləri Azərbaycanla müharibəyə çağırdı. Bu addım nə ilə izah oluna bilər?

 

- Paşinyan tam beynəlxalq izolyasiya düşmüşdür. O nə Avropadan, nə Rusiyadan, nə də ABŞ-dan gözlədiyi dəstəyi almadı. Makron öncə canfəşanlıq etsə də gördü ki, sahədə edə biləcəyi bir şey yoxdu. Putinə zəng vurmağa başladı, Putinin də mövqeyi məlumdur. Beynəlxalq birlik Paşinyana işğal edilmiş torpaqlardan çıxmasının vacibliyini xatırlatdı. Status məsələsində isə kömək edəcəklərini bildirdilər. Amma Paşinyan və erməni milətçilərini təkcə DQ qane etmir. Onlar həm DQ və həm də rayonları istəyir. Son kompromis olaraq isə Laçın və Kəlbəcəri də əllərində saxlamaq istəyirlər. Məsələ budur.

 

Paşinyan öz vəziyyətini hamıdan yaxşı bilir. O heç bir xarici ölkənin torpaqların işğalda qalmasını dəstəkləmədiyini gördü və özü də bunu ifadə etdi. Daxildə isə bütün siyasi partiyalar və cəmiyyət torpaqlar bizimdir deyir. Ona görə deyir ki, heç kim bizə gəlib kömək etməyəcək və ermənilər ayağa qalxın gedək Azərbaycanı 1993-də olduğu kimi məğlub edək...

 

- Paşinyan açıq şəkildə diplomatik yolun bu işi həll etməyəcəyini dedi...

 

- O çıxılmaz vəziyyətdədir, nə dediyini özü də bilmir. Bu bəyanatdan 2 saat sonra onun mətbuat katibi Paşinyanı təkzib edərək onun sülh danışıqlarına hazır olduğunu söylədi. Bütün bunlar onun əqli cəhətdən yerində olmamasının və həqiqətən çıxılmaz durumda olmasının nəticəsidir. Bu byanatdan həmən sonra Dövlət katibi Pompeo ona əks reaksiya verdi. Yəqin Moskva da onları arayıb başa saldı. Və mətbuat katibi vasitəsilə guya sülh danışıqlarına hazır olduğu bildirildi. Mətbuat katibinin bəyanatı heç nəyi dəyişmir, o beynəlxalq ictimaiyyətə yönəlmişdir. Paşinyan isə daxildə bütün hökümətini səfərbər edərək əli silah tutan mülki əhalini dəstələr yaratmağa və Azərbaycanla müharibəyə getməsinə hazırlayır.

 

O qədər çıxılmaz vəziyyətdədir ki, cəbhədə heç olmasa kiçik bir uğur qazanmağa çalışır. Məsələn, cəbhədə tutaq ki, Azərbaycan ordusunun qarşısını 10 dəqiqə aldıqları zaman, həmən ona “düşmən qüvvələrini geri atdıq və onlar yüzlərlə itki verdi və qalanlarını da məhv edirik” xəbərini verirlər. Və o da isterik şəkildə həmən o zabitə general rütbəsi verdim və ya Milli qəhrəman adı verdim deyərək bəyanat verir. Məsələn, elə dünən Qubadlı istiqamətində bizim qüvvələrə bir az müqavimət göstərən Ermənistan ordusunun 5-ci Korpusunun komandanı General Piloyana və və həmin cəbhədə olan Baş Qərargah rəsinin 1-ci müavininə Ermənistanın Milli qəhrəmanı adını verdim deyə Paşinyan bəyanat verdi. Yarım saat sonra həmin 5-ci Korpusun yüzlərlə əsgər və zabitlərini Qubadlının Yazı düzündə bizim ordumuz külə çevirdi. Yəqin bundan sonra Paşinyanın həmin fərmana imza atmasına heç ehtiyac qalmadı... Yəni bu cür vəziyyətdə olan adam artıq mülki əhalinin silaha sarılıb peşəkar Azərbaycan ordusuna qarşı vuruşmasına çağırır. Qoy çağırsın. Nəticəsi bəllidir...

 

- Siz Prezident İlham Əliyevin Paşinyanla perspektiv görüşünə necə baxırsınız?

 

- Mən birmənalı olaraq bu cür görüşün əleyhinəyəm. Bu heç bir müharibə qanun və qaydalarına da uyğun deyil. Azərbaycan xalqı, dövləti, ordusu Vətən müharibəsi aparır. Öz torpaqlarını düşməndən azad edir. Prezidentin Ali Baş Komandan kimi qətiyyəti ortadadır. Və biz artıq bu işi yarımçıq qoyarıqsa, o zaman bu cür paşinyanlarla hələ uzun müddət üz-üzə qalmalı olacağıq. Biz qarşımıza qoyduğumuz hərbi məqsədlərə çatandan sonra heç də düşmən tərəflə Prezident görüşməli deyil. Ermənistan ordusunu məhv edib, azad etməli olduğumuz torpaqları azad edəndən sonra ortaya bir məsələ çıxacaq. O da ortada qalan erməni hərbi qüvvələrinin ya məhv edilməsi, ya da silah və texnikalarını buraxıb Azərbaycan ərazisindən çıxması məsələsi olacaq. Bu işləri də ordu komandanlığı etməlidir. Və sahədəki ordumuzun komandanı erməni qüvvələrinin komandanını görüşə çağırıb bu cür təslim aktına imza atdıracaqdır. Müharibənin qaydası belədir.

 

Belə halda, Azərbaycan Prezidentinin Paşinyanla görüşməsinə heç bir ehtiyac və ya əsas da qalmır. Əvvəllər onunla keçirilən görüşlər Ermənistan hərbi qüvvələrinin Azərbaycandan çıxarılması və DQ-ın gələcək statusu ilə bağlı idi. Azərbaycan ordusu öz torpaqlarını azad edəndən sonra bizim Prezidentimiz Paşinyanla nə üçün görüşməlidir? İkincisi, status məsələsi isə artıq Azərbaycanın daxili işinə çevrilir və Azərbaycan dövlət kimi özünün erməni vətəndaşları üçün hər cür təminatı da təmin etmək qabiliyyətindədir. 1923 ilində DQ-a verilən statusu o zamankı heç dövlət sayılmayan Azərbaycan sovet höküməti verə bilirdisə, indi bizim hər cür beynəlxalq təcrübəsi olan müstəqil Azərbaycan dövləti bu işləri həll edə bilməyəcək? Bir də ki, muxtar status məsələsi də artıq gündəmdən çıxır və burada erməni əhalisi yaşayan rayonların statusu da Azərbaycanın digər rayonları kimi olmalıdır.Moderator

Tarix: 22 Oktyabr 2020, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin