BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident: “Onlar bu cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə edək?!”

“Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Yəni, əgər bu neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək. Lakin bu da onları dayandırmır. Axı, onlar Bakı-Novorossiysk neft kəmərini bombalamağa cəhd göstərmişdilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.

 

Dövlət başçısı qeyd edib ki, bu neft kəməri Azərbaycan ilə Rusiyanı bağlayır: “Həmin Rusiyanı ki, Ermənistan ondan həmişə hansısa xüsusi münasibətlər tələb edir, əvəzində heç nə vermədən. Heç nə. Əsla. İstər tarixi baxımdan, istər beynəlxalq arenada dəstək mənasında. Əlbəttə, indi Sorosun komandasından başqa bir əməl gözləmək çətindir. Buna görə də Mingəçeviri, elektrik stansiyasını bombalamağın məqsədi Azərbaycanın enerji sistemini dağıtmaqdır. Bu, əlbəttə, müəyyən dərəcədə təsir göstərər, lakin biz artıq şaxələnmiş enerji təchizatı şəbəkəsi, yeni elektrik stansiyalarını yaratmışıq. Ona görə də bu, məhz erməni tərəfin yırtıcı mahiyyətini göstərir. Başqa məsələdir ki, biz həmin raketlərin çoxunu havada məhv etmişik. Bir hissəsi tutulub, bir hissəsi partlamayıb. Bu da onların hərbi potensialından xəbər verir. Amma, əlbəttə, belə bir təhdid var və biz ona adekvat reaksiya verməliyik. Mən həmişə demişəm, bu gün də deyirəm, Bərdə şəhərinin vəhşicəsinə bombardman edilməsinə, orada 7 yaşlı qızın həlak olmasına və bir neçə uşağın zərər çəkməsinə baxmayaraq, biz onların tayı deyilik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz yeni torpaqların azad edilməsi ilə, bayrağımızı yeni şəhərlərə sancmaqla cavab verəcəyik. Biz şəhərləri, mülki şəxsləri bombalamayacağıq. Sizə lap yaxın vaxtlara aid bir nümunə göstərim. Artıq çoxdandır ki, həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə söhbət gedir. Prinsip etibarilə bu mövzu Moskvada səslənib. Bu ayın 10-da humanitar mülahizələrə əsasən biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etmişik ki, gəlin, mübadiləni təşkil edək. Özü də, tam təfərrüatı ilə deyim, mən həlak olmuş erməni hərbçilərinin cəsədləri barədə tapşırıq vermişəm ki, onları maksimum dərəcədə refrijiratorlarda (soyuducularda), soyuq yerlərdə saxlasınlar, biz hamımız bilirik, insanların cəsədləri qalanda nə hala düşür”.

 

 

“İnterfaks”: Cəsədlərin parçalanmaması üçün...

 

İlham Əliyev: “Bəli, tamamilə doğrudur. Hər dəfə erməni tərəfi imtina edir. Hər dəfə bəhanələr gətirirdilər ki, gəlin, bunu döyüşlər gedən yerdə edək. Başa düşürsünüzmü, bu, mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir. Biz deyirik yox, axı, bizim dövlət sərhədimiz var. Gəlin, bunu Tovuz rayonunda, Qazax rayonunda edək. Gəlin, orada edək. Deyirlər, yox, yalnız burada. Buna görə dünən mən qərar qəbul etmişəm ki, Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsi birtərəfli qaydada Ermənistana verilsin. Üstəgəl daha iki mülki şəxsi – bu ahıl insanları da verəcəyik. Dünən biz bunu etməyə çalışdıq, onları maşınlarla sərhəd tərəfə yola saldıq. ATƏT-in ofisini, Qırmızı Xaç Komitəsini bu işə cəlb etdik, lakin erməni tərəfi onları qəbul etmir. Onlar həlak olmuş insanlarının cəsədlərini qəbul etmirlər. Ümumiyyətlə, bu, nə deməkdir, bunu necə izah edəsən? Ümumiyyətlə, bu, hansı insani əxlaq normalarına sığır? Biz hər halda cəsədləri verəcəyik. İndi mülki şəxslərin və həlak olanların cəsədlərinin Gürcüstan ərazisindən çatdırılması üzərində işləyirik. Əgər onlar bu cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə edək?! Görün, biz kiminlə vuruşuruq. Başa düşürsünüz? Bunu hamı başa düşməlidir. Onların bütün saxta, yalvarış dolu bəyanatlarını da. Onların ah-vayı, ağlamaları – bunlar hamısı yalançı göz yaşlarıdır. Biz onları yaxşı tanıyırıq. Buna görə Rusiya ictimaiyyəti onların yalanlarına, böhtanlarına aldanmamalıdır. Bəli, aydındır ki, onlar Rusiya Federasiyasında inteqrasiya ediblər. Təkcə orada yox, Fransada da, Amerikada da. Onlar mediada da yer tutub, ictimai fon yaradırlar. Lakin insanlar bizim kiminlə vuruşduğumuzu başa düşməlidirlər. Anlamalıdırlar ki, biz haqlıyıq. Biz öz torpağımızda vuruşuruq. Onlar bizim torpaqda ölürlər”.

Tarix: 28 Oktyabr 2020, 22:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin