Reklam

Arif Hacılı: "Son 100 ildə Azərbaycan əsgəri xalqın gözündə indiki qədər nüfuzlu olmayıb"

"Vətən Müharibəsinin 35 günü keçdi. Bu 35 gündə onilliklər üçün yetərli olacaq inkişaf yolu keçdik. Ərazilərimizin böyük bir hissəsi, 4 şəhər, 3 qəsəbə, 200-dən artıq kəndimiz işğaldan azad edildi. Görünməmiş vətəndaş həmrəyliyinə nail olduq. Azərbsycan-Türkiyə dostluq münasibətləri pik həddinə yüksəldi. Döyüş təcrübəsi və böyük hərbi uğurlar qazanmış orduya malik olduq".

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı qeyd edib ki, son 100 ildə heç vaxt Azərbaycan əsgəri xalqın gözündə indiki qədər nüfuzlu olmayıb: "Azərbaycançılıq ideologiyasının həyata keçməsi yolunda möhtəşəm addım atıldı. Ölkə daxilində millətlərarası münasibətlər bu sınaqdan da şərəflə çıxdı. Düşmən qarşısında 10 milyoluq monolit xalq olaraq zirehli qalxan kimi dayandıq. Bütün dünya azərbaycanlıları, türk xalqları "Qarabağa azadlıq" şüarı ətrafında birləşdi. Diaspora fəaliyyətimizi, dünyanın hər yerində birgə mübarizə vərdişlərimizi inkişaf etdirdik. Dünya üzrə dost-düşmənimizi bir daha saf-çürük etdik. Müasir dünyada türkün türkdən başqa da dostlarının olduğu təsdiqləndi. Türkiyəmizdən, Pakistandan başqa İsrail, Ukrayna kimi dövlətlərin, Qoşulmama Hərəkatına daxil olan digər ölkələrin simasında dünyada yalnız olmadığımız bir daha təsdiqləndi. Xalqımızın özünəgüvəni bərpa olundu. Məlum oldu ki, Azərbaycanda dövlətimizin istiqlalını, ərazi bütövlüyünü qorumaq, demokratik inkişafını təmin etmək gücündə olan möhtəşəm gənclik yetişib. Məlum oldu ki, Azərbaycan gəncliyinin indiki nəsli Azərbaycanı regionun və dünyanın təsir gücünə malik olan dövlətlərindən birinə çevirmək qüdrətindədir. Daha böyük uğurlarımız hələ irəlidədir. Bu uğurların qazanılmasında payı olanların sayı milyonlarladır. Zaman-zaman dövlətimiz üçün bu mühüm dövrdə hər kəsin xidmətləri dəyərləndiriləcək. İndidən bəlli olan və hər kəsin qəbul etdiyi həqiqət isə odur ki, bu qələbələrin əsas müəllifi Azərbaycan Azadlıq Ordusu, vətənin azadlığı naminə həlak olan, xatirələri heç vaxt unudulmayacaq şəhidlərimizdir".

Tarix: 2 Noyabr 2020, 22:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin