BURADA REKLAMINIZ OLA
BİLƏR

“Dostların bir-bir Şəhid olur; amma sən yenə də bütün döyüşləri uduzursan...”

23 yaşımda qəzet qurdum.

31 ildi özümün açdığım iş yerimdə - söz səngərindəyəm.

Xocalının, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin - bütün işğal və fəlakət sürəcinin ağırlığı özümüzün və qəzetimizin üstündən keçdi!

Necə tab gətirdik?

O boyda milli kədəri necə daşıdıq?

Hələ bir yazdıq...

Məğlubiyyəti yazmaq necə bir işdir, Xocalını, Şuşanı, Laçını ...xəbərə çevirmək necə bir müsibətdir, Allah!

Dostların bir-bir Şəhid olur; amma sən yenə də bütün döyüşləri uduzursan...

Torpaqlar gedir, ümidin gedir, qürurun, heysiyyatın əzilir...

31 illik karyeramda ilk dəfədi, özümü qalib millətin övladı kimi hiss edirəm!

Bütün gecəni sübhə qədər yazdım.

Oyaq olan bütün əməkdaşlar sevə-sevə işlədi...

Hələ işləyirik! İşləyəcəyik! Qələbədən yazmaq nə qədər gözəlmiş, Allahım!

Bu gün bizim həm də mövlud - doğum günümüz!

Bu gün bizim Qələbə Günümüz!

Bizim olan hər kəsi təbrik edirəm!

Bu kollajı isə həm 31 ilin, həm də Vətən müharibəsindəki qələbəmizin ifadəsi kimi qəbul edin!

 

Rauf Arifoğlu

"Yeni Müsavat" qəzetinin baş redaktoru

 

Tarix: 10 Noyabr 2020, 07:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin