BURADA REKLAMINIZ OLA
BİLƏR

“Paşinyan heç 7 rayon deyil, 2 rayondan dinc yolla çıxsa idi, indi onun sümükləri belə qalmamışdı”

Paşinyan kapitulyasiya sənədinə ordunun təklifi ilə imza atdığını dəfələrlə söyləyib və Paşinyandan sonra ordu da  bunu nəyə görə etdiyini bildirdi. İmza atmasaydı bu gün Azərbaycan ordusu Xankəndi daxil bütün Qarabağ torpaqlarını azad etmişdi və ondən əlavə Ermənistanın 25 minlik ordusu və könüllülərini bütün silah və sursatları ilə bərabər məhv etmişdi. Paşinyan və Ermənistan ordusu məğlubiyyəti qəbul etmişdir. Paşinyanın bu təslim aktına niyə imza atdığını Prezident Putin bütün incəlikləri ilə dünən izah etdi və ondan imtina etmək özünü intihar etmək olar dedi. Faktiki olaraq Putin Rusiyanın onları ölümdən qurtardığını dedi. Bu, artıq məsələnin hərbi tərəfidir , ancaq müharibə sonrakı bütün proseslərin də aparıcı elementidir. Paşinyanın məğlubiyyəti qəbul etməsi və Prezident Putinin onu elan etməsi cox mühüm haldır.

 

Amma indi Ermənistanda gedən proseslər göstərir ki, Paşinyana qarşı olan millətçi-faşist qüvvələr məğlubiyyəti qəbul etmir və gələcəkdə Azərbaycanla sülh və əməkdaşlıq üçün addımlar atmaq istəyən Paşinyanı hakimiyyətdən devirmək istəyirlər. Və onu devirmək istəyənlər revanşa çalışan qüvvələr olduğundan, Azərbaycanla soyuq sülhə də getməyə çalışmayacaqlar. Onlar hakimiyyətə gəlirsə,düşmənçilik münasibəti davam edəcək. Bu da arzuolunmayan inkişafdır.

 

Bu nədən doğur?. Biz erməni faşizmini əzdik, darmadağın etdik. Ancaq onu yox edə bilmədik, onları ağır yaralı olaraq ölümdən qurtardılar. Onlara güc və enerji verən Ermənistan prezidenti Armen Sarkisyanın dediyi  “ağır yaralı olan Artsaxın” sağaldılması ümidləridir.  Rusiya ilə yaxın olan bir hökümətin qurulması ümidiylə, Moskvanın əli ilə və Qarabağdakı rus qüvvələrinin köməyi ilə keçmiş DQ ərazisiinə nəzarəti yenidən ələ keçirmək istəkləridir. Bu cür gedişlər yenidən Azərbaycanla münaqişə yarada bilən addımlardır. Çünki bu cür qüvvələrin hakimiyyətə gəlməsi nəzərdə tutulan sülh və barışıq, inkişaf planlarına qarşı yönəlmiş zehniyyətdir və gələcəkdə yuxarıda dediyim kimi sülhə və normal münasibətlərə yox, düşmənçiliyə aparan zehniyyətdir. Bu baxımdan indi Azərbaycan da, Rusiya da Paşinyanın getməsinə xidmət edən addımlar atmamalı, əksinə bu məğlubiyyəti tam reallıq qəbul edən bir hökümətlə əməkdaşlıq edərək irəil getməlidir.

 

Prezident İlham Əliyev bu gün çox gözəl bəyənatılar verdi. O Koçaryan və Serj Sarkisyan ordusunun məhv edildiyini dedi. Bu çox düzgün yanaşmadır. Əlbəttə, həm bu ordu və həm də Ermənistandakı bu faşist zehniyyəti Koçaryan və Serj Sarkisyan tərəfindən yaradılmış və inkişaf etdirilmişdir. Ter- Petrosyanın dediyi kimi onlar Müharibə Partiyası idilər. Danışıqların bu günə salınmasının günahkarı da onlar idi, çünki onlar torpaqlardan dinc yolla heç bir zaman çıxmayacaqdılar. Biz hər zaman bu iki hərbi cinayətkarı ittiham  etməliyik. Paşinyanın burada günahı yox dərəcəsindədir. O sadəcə  bu zehniyyətin əlində əsir qalmışdı və ona görə də xoş məramlarla gəlsə də və Azərbaycana vədlər versə də, onu yerinə yetirmək iqtidarında deyildi. Çünki həmin təfəkkür və həmin Kocaryan-Sarkisyan ordusu ona qarşı pusquda dayanmışdı.

 

Baxın, indi erməni ordusu darmadağın edildiyi bir dövrdə və həmən ordunun tələbi ilə Paşinyan kapitulyasiya sənədinə imza atdığı dönəmdə erməni millətçiləri bu cür hərəkət edirsə, o zaman Paşinyan heç 7 rayon deyil, 2 rayondan dinc yolla çıxsa idi, indi onun sümükləri belə qalmamışdı. İndi hələ ki, orda ordunun hesabına qalır və Rusiya özü də bacardığı qədər ona kömək edir. İndi onu öz ölümcül vəziyyətini hamıdan yaxşı bilən ordu rəhbərliyi müdafiə etsə də, o zaman “məğlubedilməz və qəhrəman erməni ordusu” heç vaxt onu müdafiə etməzdi. O bunu bilirdi və Ermənistanda vəziyyəti bilən hər kəs üçün bu aydın idi. 

 

Bu baxımdan, işğalçı tam əzilib və kapitulyasyaya imza atılıb və indi təbii  biz Ermənistandakı daxili vəıziyyəti dəyişə bilmərik, amma biz də gələcəyə baxaraq bütün siyasi və hüququ müstəvidə işlərimizi paralel apararaq, Paşinyan hökümətinə ikitərəfli və regional əməkdaşlıq təklifləri ilə çıxış etməli, belə təkliflərə də hazır olmalıyıq. Bu cür gedişlər ancaq  Azərbaycanın uzunmüddətli maraqlarına xidmət edir və biz müharibə sonrası dövrün aparıcı təşəbbüskar dövlətinə çevrilməliyik. Biz Ermənistanı da bizim himayəmizdə əməkdaşlığa cəlb edərək keçmiş DQ məsələsini də xarici təsirləri minimuma endirərək birdəfələik sülh və əməkdaşlıq müstəvisində həll edə bilərik. Biz müharibəni udmuşuq və indi gərək siyasi müstəvidə, sülh istiqamətində də bu qələbəni möhkəmlədək. O zaman biz tam qalib oluruq və qarşı tərəf də sülhün və əməkdaşlığın onun da xeyrinə olduğunu görür və xəstə cəmiyyəti də  dəyişir. Bu baxımdan indiki dönəmdə Paşinyan höküməti bizim mənafelərimizə daha da uyğundur. Bizim artıq düşmənçilik etməyə ehtiyacımız yoxdur. Çünki biz qalibik!

 

Elxan Mehdiyev

 

Konfliktoloq

Tarix: 18 Noyabr 2020, 13:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin