“Ağdamın işğaldan azad edilməsi Azərbaycanın gücünün göstəricisidir” – Cavid Osmanov

“Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq bu gün Ağdam rayonu Azərbaycana qaytarılıb. Ağdamın işğaldan azad edilməsi Azərbaycanın gücünün göstəricisidir. Bu bəyanat Ermənistanın tam kapitulyasiyası idi. Azərbaycan Ermənistan üzərində parlaq qələbə qazanıb. Bəyanatın əhəmiyyəti həm də ondan ibarətdir ki, 3 rayon – Ağdam, Kəlbəcər və Laçın dekabrın 1-dək Azərbaycana döyüşsüz qaytarılır. Artıq Ağdama Azərbaycan Ordusunun bölmələri daxil olub, rayon artıq tam nəzarətimizdədir. Ermənistan həm döyüş meydanında, həm də diplomatiyada uduzub”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

C.Osmanov tarixi gün münasibətilə Azərbaycan xalqını təbrik edib: “Bu gün Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi, Ağdamın işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdırdı”.

 

Deputat qeyd edib ki, dövlət başçısı müraciətində bir sıra məqamlara da toxunub: “Ali Baş Komandan bildirdi ki, Ağdamın Azərbaycana qaytarılması Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsi nəticəsində baş verib. Prezident qeyd etdi ki, Ermənistan diz çökdü, ağ bayraq qaldırdı, rayonların qaytarılmasını nəzərdə tutan bəyanata imza atdı. Əlbəttə, bu, tarixi hadisədir. Xalqımız sevincli günlərini yaşayır. Bilirsiniz ki, son 500 ildə Azərbaycan daim torpaq itirib. Şah İsmayıl Xətaidən və Nadir şahdan sonra Ali Baş Komandan İlham Əliyev uğura imza atdı. Torpaqlarımız 30 ilə yaxın idi ki, işğal altında idi, sülh danışıqları heç bir nəticə vermirdi. Nəhayət, işğaldan azad edildi, bu hadisələr tarixdə qızıl hərflərlə yazılacaq. Azərbaycan bu məsələdə tam haqlıdır, çünki ərazi bütövlüyünü bərpa edib”.

 

C.Osmanov bildirib ki, düşmən çox məkrli və hiyləgərdir, təxribatlar törətməyə meyillidir: “Ermənistanda xaos, anarxiya hökm sürür. Buna baxmayaraq, ehtiyatımızı əldən verməməliyik. Dövlət başçısı xalqa müraciətində də qeyd etdi ki, düşmən əgər təxribat törətməyə cəhd göstərərsə, dəmir yumruğu qarşılarında görəcəklər. Azərbaycan ordusu hər bir təxribatın qarşısını almağa hazırdır və qadirdir. Ali Baş Komandan çıxışında bəzi dövlətlər, o cümlədən beyləxalq təşkilatlarla bağlı da fikirlərini açıqladı. Məlumdur ki, Avropa Parlamenti, Avropa Şurası susqunluq nümayiş etdirir. Şahid olmuşuq ki, beynəlxalq təşkilatlar Azərbaycana qarşı həmişə qərəzli olublar. Həmin beynəlxalq təşkilatlar hazırda Ermənistandakı vəziyyəti görməzdən gəlirlər. Orada insan hüquq və azadlıqları kobud şəkildə pozulur, ictimai fəallar təqib edilir, həbs olunur. Ermənistanda azad sözə yer yoxdur, diktatura hökm sürür. Belə olan halda, beynəlxalq təşkilatlar Ermənistandakı vəziyyətlə bağlı susurlar. Təbii ki, bu, qəbulolunmazdır. Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına da göz yumublar. Onların Azərbaycana qarşı qərəzli mövqeyi prosesə ciddi təsir edə bilməz. Çünki Azərbaycan güclü və qüdrətli dövlətdir. Ali Baş Komandan bu müddət ərzində bütün təzyiqlərə sinə gərib. Əminik ki, gələcəkdə də belə olacaq”.

 

Kənan

Tarix: 20 Noyabr 2020, 17:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin