BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmira Axundova ilə bağlı AÇIQLAMA

“Ukraynadakı səfirimiz Elmira Axundovanı müdafiə etmək fikrim yoxdur: Hökumət onu dəyişmək istəyirsə, dəyişsin. Ancaq deməliyəm ki, onun məlum televiziya çıxışı ətrafında baş verənlər yeni gerçəkliyi daha da aşkar etdi: Azərbaycan internet məkanında “ibtal mədəniyyəti”nin (“cancel culture”) başında hökumətin özü gedir və sosial mediada əvvəlki azadlıq daha yoxdur. Təşəbbüs əsasən hökumətin əlindədir və o, istədiyi yöndə informasiya dalğaları yaratmağı bacarır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

 

İ.Məmmədov bildirib ki, Elmira Axundova öz çıxışında Türkiyəyə və Rusiyaya qarşı heç nə deməyib: “Sözlərini isə, güman ki, müzakirənin istiqamətinə uyğun olaraq seçib. Amma nə baş verdi?  Bəlkə də tam əsası olan, doğru-dürüst başqa bir səbəbdən Elmira Axundovanı səfir vəzifəsindən kənarlaşdırmaq istəyən hökumət bu çıxış ətrafında səs-küy qopartdı. İstəyir ki, adam vəzifədən gedəndən sonra ictimai nüfuz qazanmağa çalışmasın. Nə etməli? Əlbəttə, vəzifədən çıxarmaqdan əvvəl onu mediada qaralamaq “lazımdır”. Əvvəllər hökumət bu işi televiziya kanallarında edirdi. Səmərəsizliyini anlayıb, artıq 1-2 ildir sosial mediada adam qaralama texnologiyalarını inkişaf etdirir. Bu texnologiyaları hakimiyyət ən çox REAL üzərində sınayıb. Qaraguruh dəstələri “müxalifət” donu geyinərək mənə, Erkin Qədirliyə, Natiq Cəfərliyə, bütövlükdə Respublikaçı Alternativə qarşı etdiklərini illərdir görürük, bacardığımız qədər buna cavab veririk. Hökumətin məqsədi – ona alternativ olan partiyanı daim küyə gedənlərin vasitəsilə təzyiq altında saxlamaq, xüsusilə də seçki ərəfəsində qaraguruh dalğaları vasitəsilə başımızı qatmaqdır. Sosial media personajlarının bir çoxu da əslində həmin bu texnologiyanın tərkib hissəsidir. Dolayısı ilə, hakimiyyətin sözçüləri və basqı alətidirlər. Bu səbəbdən, onları razı salmağa cəhd etməyin də artıq anlamı tükənir, halbuki keçmişin normalında hər kəslə ayrıca görüşüb nəyisə izah etmək daha düzgün idi. O normal, demək olar, daha yoxdur. Həqiqətləri özbaşına qavramaq hər kəsin öz borcudur”.

Tarix: 22 Noyabr 2020, 18:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin