BURADA REKLAMINIZ OLA
BİLƏR

Rövşanə Ağasəfqızı: “İlk dəfəydi ki, atamın ağladığını görürdüm”

“Onda mən ilk dəfəydi ki, atamın ağladığını görürdüm. O, Şuşanın işğal edilməsi ilə barışa bilmirdi, deyirdi ki, Şuşa elə bir şəhərdir ki, onu belə asanlıqla işğal etmək mümkün olmazdı”

 

Bunu telejurnalist Rövşanə Ağasəfqızı deyib. R.Ağasəfqızı Şuşanın işağldan azad edilməsiylə həm də atasının ruhunun şad olduğunu bildirib:

 

“Mənim uşaqlığım birbaşa müharibənin içində keçib. Atam Qarabağ döyüşçüsü olub və demək olar ki, müharibə dönəmində atamın üzünü o qədər də görə bilmədim. O, ancaq müharibələrdə olurdu. Yəni bir-iki gün gəlib bizə baş çəkirdi və yenidən cəbhəyə qayıdırdı. Təsəvvür edin ki, bu gün o atasına sarılan, sağ-salamat cəbhədən dönən atalarına qucaq açan övladları görəndə bütün  uşaqlığımın nostaljisini yaşayıram. Onlara baxanda o qədər içimdə fərəh var və həm də uşaqlığımın ata nisgili içimdə boylanır. Mənim üçün əlbəttə ki, qələbə xəbəri çox sevindirici bir xəbər oldu. Bu xəbərdən sonra atamın məzarı başına getdim, çünki o, Şuşa, Daşaltı, Ağdərə döyüşlərinin iştirakçısıydı, polkovnik, qrup rəhbəri idi. Atamı ancaq gözümü açandan hərbi geyimdə görürdüm. Təbii ki, Birinci Qarabağ savaşının belə bitməsi məni məhus etsı də, İkinci Qarabağ savaşında qələbə qazanmağımız məni çox sevindirdi və içimdə bir az təəssüf hissi var ki, kaş atam sağ olaydı və Şuşanın alınmasını görəydi. Sonuncu dəfə o, Şuşa döyüşlərində olmuşdu, Bakıya gəldi və 15-20 gün sonra Şuşa işğal olundu. Onda mən ilk dəfəydi ki, atamın ağladığını görürdüm. O, Şuşanın işğal edilməsi ilə barışa bilmirdi, deyirdi ki, Şuşa elə bir şəhərdir ki, onu belə asanlıqla işğal etmək mümkün olmazdı. Bu gün doğrudan da bizim müzəffər ordumuzun Şuşanı azad etməsi bizi çox sevindirdi. Şuşanın işğaldan azad edilməsindən sonra atamın qəbiri üstə gedib ruhun şad olsun dedim. Çünki onun bütün həyatı o yerlərə bağlı idi. Dedim ki, ata, ruhun şad olsun artıq Qarabağ bizdədir. Mən bilirəm ki, onun ruhu şaddır, çünki o yerlərdə canını qoymuşdu. Çox vətənpərvər insan idi. Eləcə də mənim uşaqlığım o müharibə dövrünə təsadüf edib və vətənpərvərlik ruhunun canımıza hopmasıyla böyümüşük”.

 

R.Ağasəfqızı bundan sonra işğaldan azad edilən torpaqlarımızda yeni-yeni iş yerlərinin açılacağı xəbərinə sevindiyini bildirib:

 

“Düşünə bilmərəm ki, hansı bir adamın canında azərbaycanlı qanı axsın və bu qələbəyə sevinməsin, mümkün deyil. Otuz il idi ki, torpaqlarımızda erməni oturmuşdu, bu gün xırda nüanslar, suallar doğur, amma o insanlara demək istəyirəm ki, otuz il idi o yerlərə gedə bilirdiniz, hətta bəziləriniz “getdi Qarabağ, daha bizim deyil”-deyən insanlardınız. Burda bir sual var idi, “amma və lakin” gözləyin, səbr edin, bu böyük bir dönəmi adlayırıq biz, ağır bir müharibədən qalib çıxmışıq. Biz qələbə qazanmışıq, bunu necə danmaq olar? Bunun arxasına necə hansısa bir sualı qoymaq olar? Hesab edirəm ki, bəzi insanlarda yaranan o suallara cavab tapılacaq və ümid edirəm ki, hər şey daha da gözəl olacaq. Mənə evdə deyirlər ki, Qarabağda iş yerlərinin açılması məsələlərindən danışılır. İnanın  o qədər sevindim ki. Bu həm də yeni-yeni iş yerlərinin açılması və gənclərimizin orda işləməsi deməkdir. Görün bu nə qədər gözəldir. Gənclərimiz o yerlərdə işləyəcək, ailə quracaq, artım olacaq. Bu hər mənada mən də daxil olmaqla bütün xalqımız üçün çox böyük bir qələbə və uğurdur”.

Tarix: 23 Noyabr 2020, 13:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin