BURADA REKLAMINIZ OLA
BİLƏR

Netanyahu Səudiyyə şahzadəsi ilə gizlicə görüşüb - Pompeo və kəşfiyyat şefi də onlarla birgə olub

İsrailin Baş naziri Benyamin Netanyahu noyabrın 22-də gizlicə Səudiyyə Ərəbistanına səfər edərək krallığı de fakto idarə edən vəliəhd şahzadə, eləcə də orada səfərdə olan ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb. Bu haqda İsrailin bir neçə media orqanı xəbər yayıb.

 

“Kan” ictimai telekanalı noyabrın 23-də adını çəkmədiyi İsrail rəsmilərinə istinadla Netanyahu və Mossad xəfiyyə agentliyinin rəhbəri Yossi Koenin səfərinin təsdiqləndiyini bildirib. Onlar vəliəhd şahzadə Məhəmməd bin Salman və ABŞ-ın baş diplomatı ilə Səudiyyənin Qırmızı Dəniz sahilindəki Neom şəhərində görüşüblər.

 

Netanyahunun ofisi və ABŞ-ın Yerusəlimdəki səfirliyi bu səfəri şərh etməyib. Təsdiqlənəcəyi halda, bu, İsrail baş nazirinin Səudiyyə Ərəbistanına ilk səfəridir.

 

Noyabrın 23-də İsrailin Təhsil naziri Yoav Qallant Baş nazir Netanyahunun Səudiyyə Ərəbistanında görüş keçirdiyini təsdiqləyib, bunu heyrətamiz uğur adlandırıb. “Bu görüşün keçirilməsi, ictimaiyyətə açıqlanması və indi yarırəsmi təsdiqlənməsi böyük əhəmiyyətə malikdir”,– Qallant “Ordu radiosu”-na deyib.

 

Xatırladaq ki, İsrail bir müddət öncə Səudiyyənin Fars Körfəzindəki iki müttəfiqi – Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərlə bağlı tarixi sazişlər imzalayıb. Daha çox İranla bağlı narahatlığın səbəb olduğu bu yaxınlaşmaya ABŞ Prezidenti Donald Tramp administrasiyası vasitəçilik edib.

 

Səudiyyə Ərəbistanı açıq şəkildə bəyan edib ki, Ərəb Liqasının onillər boyunca tutduğu mövqeyə sadiq qalacaq – fələstinlilərlə münaqişə həll olunmayınca İsraillə əlaqə qurmayacaq.

 

Ancaq Səudiyyə İsrail təyyarələrinin onun hava məkanından keçərək Fars körfəzindəki yeni ünvanlara və Asiyaya uçmasına icazə verib.AzPolitika.info

Tarix: 24 Noyabr 2020, 00:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin