BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavid Osmanov: “Torpaqlarımız bu şəxslərin yarıtmazlığı ucbatından işğal edildi”

“Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Amma ermənilər 10 gün vaxt istədilər. Azərbaycan da humanist davranaraq, buna razılıq verdi. Nəhayət, bu gün – noyabrın 25-də Kəlbəcər işğaldan azad olundu. Bilirsiniz ki, noyabrın 20-də də Ağdam azad edildi. Laçın isə dekabrın 1-də azad olunacaq. Bu rayonlar Azərbaycana döyüşsüz qaytarılır. Ermənistanın bəyanata imza atması kapitulyasiya idi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

C.Osmanov bildirib ki, Azərbaycan xalqı zəfər günlərini qeyd edir: “Ermənilər bu rayonları qaytarmağa məcbur oldular. Ermənistan ordusu Azərbaycan ordusuna məğlub oldu, tab gətirə bilmədilər, diz çökdülər, yalvardılar, ağ bayraq qaldırdılar. Bütün bunlar Ali Baş Komandanın, müzəffər ordumuzun qüdrətini göstərir. Qələbə asan başa gəlməyib. Düşmən azğınlaşmışdı, 30 il müddətində hazırlaşıblar. Cənab İlham Əliyevin qurduğu strategiya nəticəsində ordumuz qalib gəldi. Biz diplomatiyada da qalib gəlmişik. Bu gün Azərbaycanın Ali Baş Komandanı xalqa müraciət etdi, təbriklərini çatdırdı. Dövlət başçısı çıxışı zamanı bir sıra önəmli məsələlərə toxundu. Ali Baş Komandan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsinin səbəblərinə də diqqət çəkdi. Qeyd etdi ki, “Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı: “Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi. Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar. Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların nəticəsi idi. Başqa cür ola da bilməzdi”. Elə o zamanlar xarici qüvvələrə işləyən, vəzifə təcrübəsi olmayan şəxs dövlət katibi vəzifəsində çalışırdı. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə parlamentin rəhbəri, Xarici İşlər naziri, Daxili İşlər naziri, o cümlədən Müdafiə naziri səriştəsiz adamlar idilər. Təsəvvür edin, Müdafiə naziri riyaziyyat müəllimi idi. Torpaqlarımız bu şəxslərin yarıtmazlığı ucbatından işğal edildi. Sevindirici haldır ki, bu gündən Kəlbəcər artıq işğalda deyil, oranı Azərbaycan ordusu qoruyur. Şah İsmayıl Xətaidən, Nadir şahdan sonra Azərbaycan torpaq itirə-itirə davam edib. 1990-cı illərdə işğal edilən torpaqlarımız yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi geri qaytarıldı. Millət vəkili olaraq xalqımızı təbrik edirəm. Yaşasın Ali Baş Komandan! Yaşasın müzəffər ordumuz!”

 

Kənan

Tarix: 25 Noyabr 2020, 17:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin