BURADA REKLAMINIZ OLA
BİLƏR

“İçərişəhər”dəki Qala divarında dağıntı – FOTO

Bakının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qədim Qala divarının bir hissəsində dağıntı olub. Hazırda həmin hissə lentlə bağlanıb və əraziyə yalnız idarəyə məxsus zibildaşıyan avtomobillər buraxılır.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən bildirilib ki, noyabr 15-i səhər saatlarında İçərişəhərin Qala divarlarının “Qubernator” Bağı istiqamətindəki hissəsində bir neçə divar daşlarının tökülməsi müşahidə edilib: “Divarın qeyd olunan hissəsində yaranan problemlərin səbəbi daşın uzun illərlə ölçülən yaşı, ötən əsrin ortalarında həyata keçirilən bərpa zamanı istifadə olunan materialların keyfiyyəti, habelə iqlim faktorları və uzun müddət restavrasiya edilmədən atmosfer yağıntılarına məruz qalmasıdır. İçərişəhərin Qala divarının 900 metr uzunluqda olduğunu nəzərə alaraq uzun illər bərpa-restavrasiya edilməyən və illərcə atmosfer yağıntılar və klimatik təsirə məruz qalan bu abidənin mərhələli şəkildə bərpa-restavrasiyasına başlanılıb. Təbii ki, İdarə tərəfindən bu işlər müvafiq plan üzrə həyata keçiriləcək”.

 

İdarədən o da bildirilib ki, plana əsasən, qarşıdakı bir neçə il ərzində İçərişəhərin bütün Qala divarları boyunca restavrasiya prosesini həyata keçirməyi planlaşdırılır. Belə ki, 2019-cu ildə Qoşa Qala Qapısının portalı və ona bitişik Qala divarının bir hissəsi uğurla restavrasiya edilib: “Hazırda Qala divarının bu gün yaranmış problemi üzrə bərpa işlərinə başlamaq üçün İdarə tərəfindən xüsusi işçi qrup yaradılıb ki, həmin qrupa İdarənin əməkdaşları ilə yanaşı bu sahədə çalışan təcrübəli ekspertlər cəlb edilib.

 

Qeyd edək ki, hadisə ilə bağlı fotolar paylaşan tanınmış jurnalist, bloger Vyaçeslav Sapunovun yazdığına görə, divarın Filarmoniya binası ilə üzbəüz hissəsində yüzdən çox daş qoparaq tökülüb.

Fotoları təqdim edirik
Tarix: 27 Noyabr 2020, 17:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin