BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov: “Onların xalqın güvəndiyi, təcrübəsi olan Heydər Əliyev kimi şəxsiyyətləri yoxdur”

Əminəm ki, illər keçdikcə, xüsusilə artıq İlham Əliyev hakimiyyətdə olmayandan sonra rəhmətlik Heydər Əliyev daha çox yad ediləcək. Onun Azərbaycan Xalqı və Dövləti üçün etdikləri daha dərindən və qərəzsiz öyrəniləcək. Eyni hərəkətlərin Nəriman Nərimanov haqqında ediləcəyinə də inanıram. Bu iki Böyük Şəxsiyyətin, xüsusilə özümün şahidi olduğum Heydər Əliyevin Azərbaycan Dövlətinin mövcudluğunda böyük rolunun olmasına əminəm.

Azərbaycanda heç vaxt yaşamayıb, artıq 31 yaşımda Dövlətin, Hakimiyyətin nə olduğunu anladığım vaxtlarımda Azərbaycana müstəqil Dövlət quruculuğu arzuları ilə gəldiyimdən baş verən ən incə hadisələri də görürdüm. Gördüyüm isə o idi ki, Xalqın müstəqil Dövlət qurmaq arzuları nə qədər ucsuz-bucaqsız idisə, real Dövlətçilik quruculuğunun nə olduğunu anlayanlar bir o qədər az idi. Ortada olanlar arzular, hekayələr, röyalar, fərziyyələr əsasında hərəkət edirdilər. Onların səmimiliyinə şübhə etməsəm də bunun kifayət olmadığını çox yaxşı anlayırdım, çünki özümü anlayandan, artıq hakim, məhkəmə sədri işləyən vaxtlarımdan ancaq müstəqil Azərbaycan Dövləti, onun qurulması haqqında fikirləşirdim və bunun reallıqda nə qədər çətin olduğunu başa düşürdüm. Elə məhz buna görə də 7 dönəmimə qədər türk olsam da, Azərbaycanda ilk dəfə “türkün türkdən başqa dostu yoxdur” şüarı mənim üçün də nə qədər şirin səslənsə də bunun Dövlət quruculuğuna mane olacağını anladığımdan həmişə onun əleyhinə olmuşdum. Çoxlu sayda millətlərin yaşadığı bir məkanda millətçiliyin Dövlət quruculuğunda böyük maneə olacağını, müstəqilliyin əleyhinə olanların bundan bolluca faydalanacaqlarını çox yaxşı başa düşürdüm. Məhz bu amil 1992-1993-cü illər başımıza gələn müsibətlərin əsaslarından biri oldu.

Bu gün Ermənistan tam bizim 1992-1993-cü illərdə yaşaqdığımızı yaşayır və onların bu çətinlikdən uğurla çıxacaqlarına inanmıram, çünki onların 1993-cü ildə bizdə olan, Xalqın güvəndiyi, zəngin Dövlətçilik bilgisi, bacarığı, təcrübəsi olan Heydər Əliyev kimi şəxsiyyətləri yoxdur. Əminəm ki, o dövr rəhmətlik Əbülfəz Elçibəyin ən sonda atdığı ən müdrik addım da məhz rəhmətlik Heydər Əliyevi hakimiyyətə dəvət etməsi oldu. Əgər o addım olmasa idi planlaşdırıldığı kimi Azərbaycan adlı Dövlət yox, onun yerində marionet Dövlətciklər qurulacaqdı. 1993-cü il 4 iyun qiyamında artıq Prezident Aparatında işləyərkən bunu çox aydın görürdüm. Bakıda heç kimimin olmamasına baxmayaraq, hansısa klanı, tayfanı tanımasam da 17 avqust 1993-cü il  Milli Məclisdəki çıxışım da məhz buna görə idi.

Əminəm ki, illər keçdikdən, ətrafımızda olan təhlükələr tam sovuşduqdan sonra Heydər Əliyevin qonşu imperiyalar ilə hansı çətinlikləri dəf edərək müstəqil Azərbaycanı müdafiə etdiyini, müstəqilliyimizi hansı çətinliklər hesabına qoruduğunu, müstəqilliyimizi təmin edəcək hansı mürəkkəb oyunları qurduğunu və həyata keçirdiyini sübut edəcək çoxlu sayda materiallar üzə çıxacaq.

Bu gün isə mənim bacardığım Heydər Əliyevə rəhmət, onun nə etdiyini anlayan, heç bir təmənna güdmədən Dövlətçilik naminə həqiqəti müdafiə edənlərə isə səbr diləməkdir, çünki bu gün Dövlətçilik naminə yox, rəhmətlik Heydər Əliyevin etdiklərinin fərqinə varmadan, anlamadan var-dövlət naminə onun haqqında yaltaqlıq edib tərif deyənlər daha çoxdur. Sadə vətəndaşların isə bu iki zümrəni bir-birindən ayırmaq imkanları və bacarıqları çox məhduddur.

 

Aslan İsmayılov

 

Hüquqşünas

Tarix: 12 Dekabr 2020, 23:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin