BURADA REKLAMINIZ OLA
BİLƏR

Rus ordusunun gəlişinin sülhün təmin edilməsində roluna inam 35 faizə bərabərdir? – Sorğu mübahisə doğurdu

Sosial Tədqiqatlar Mərkəzinin (STM) Qarabağa yerləşdirilən sülhməramlı qüvvələrlə bağlı əhali arasında keçirdiyi sorğunun nəticələri müzakirələrə yol açıb.

 

STM tərəfindən açıqlanan faizlər arasında ziddiyyətlərin olması suallar doğurub. Misal üçün,  STM-in təqdim etdiyi nəticələrə görə, əhalinin cəmi 1 faizi yalnız Rusiya sülhməramlılarının bölgədə sülhü təmin edəcəyini düşünür. Elə həmin sorğuda digər nəticəyə görə, əhalinin 35.5 faizi Rusiya sülhməramlılarının bölgəyə gəlişinin nəticələrinin müsbət olacağını düşünür.

 

Bu zaman haqlı sual yaranır ki, əhalinin cəmi 1 faizi yalnız Rusiya sülhməramlılarının bölgədə sülhü təmin edəcəyini düşündüyü halda, necə ola bilər ki, elə həmin insanların 35 faizi rus sülhməramlılarının gəlişinin nəticələrinin müsbət olacağını düşünsün?

 

Respondentlər arasında keçirilən sorğuda daha bir nəticəyə görə, əhalinin cəmi 57 faizi Türkiyə sülhməramlılarının Rusiya sülhməramlıları ilə birlikdə ermənilərin qanunsuz fəaliyyətinin qarşısının alınacağını düşünür. Respondentlərin yarıdan da azı, yəni cəmi 47.3 faizi isə Türkiyə hərbi kontingentinin sülhməramlıların tərkibində yer almasını bölgədə dayanıqlı və uzunmüddətli sülhün təminatı olaraq görür.

 

Maraqlıdır ki, bu göstərici açıqlanan rəqəmdən haradasa iki dəfə artıq olmalıydı. Amma belə məlum olur ki, heç 50 faiz türk ordusunun bölgəyə yerləşməsini sülhün təminatı kimi görmürmüş. Bundan əlavə, bölgədə sülhün təminatçısı rolunda yalnız Türkiyə sülhməramlılarını görən respondentlərin göstəricisi 29.0%-dir. Bu da müəyyən suallar yaradıb.

 

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, əhalinin belə düşünməsinin səbəbləri var. A.Mollazadənin sözlərinə görə, rus qoşunları girdikləri bölgədən çıxmırlar, hərbi bazalar yaradıb yerləşirlər. “Üçtərəfli sazişin nəticəsində rus qoşunlarının Qarabağa yerləşməyinə icazənin səbəbi isə qalan rayonların döyüşlərdə itki vermədən azad etmək, kommunikasiya yaratmaqdır. Mən bu məsələdə nikbinəm. Çünki Rusiyanın Ermənistanla uzun müddətdir müttəfiqliyi var və ermənilər həmişə onların arasında gizlənərək iş aparıblar. İlk dəfə isə ermənilərlə təkbətək qalaraq döyüşdük və qalib gəldik. Bundan əlavə, rus sülhməramlıları ilə yanaşı bizə müttəfiq, qardaş ölkə olan Türkiyənin ordusu da bölgəyə yerləşir”, - deyə deputat vurğuladı.

 

A.Mollazadə hesab edir ki, Türkiyə ordusunun Qarabağa yerləşməsi Azərbaycanın təhlükəsizliyinin qarantıdır: “Həmçinin sazişdə nəzərdə tutulan müddəaların icrasını tələb etmək imkanı yaradılmasıdır. Eyni zamanda düşünürəm ki, rus ordusu sazişə riayət edəcək, Azərbaycan - Rusiya münasibətlərinə xələl gətirməmək üçün şərait yaradılacaq”.

 

Məsələ ilə bağlı STM-in mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli ilə söhbətimizdə isə açıqlanan faizlərə aydınlıq gətirilməsinə çalışdıq.

 

Qurumun sözçüsü “Yeni Müsavat”a bildirdi ki, 1 faizin yalnız Rusiya sülhməramlılarının bölgədə sülhü təmin edəcəyini düşünməsi sualın qoyuluşu ilə bağlıdır. Ə.Əlibəylinin sözlərinə görə, burada söhbət yalnız rus qoşunlarından gedir: “Amma rus ordusu barədə 35.5 faizə gəldikdə, bu rəqəm sualın fərqli qoyulmasından nəticələnib. Orada sual qoyulub ki, ermənilərin azərbaycanlılara qarşı təxribatının rus sülhməramlılar tərəfindən alınacağına inanırsınızmı? Bu zaman 35.5 faiz nəticə meydana çıxıb. Amma ümumilikdə, biz bu istiqamətdə sualları parçalara böləndə ermənilərin azərbaycanlılara qarşı təxribatlarının qarşısının alınması işində sülhməramlılara inam 66.8 faiz alınıb. Çünki burada götürülən əsas nüans ermənilərin azərbaycanlılara qarşı təxribatının qarşısının alınacağı fikridir”.

 

STM rəsmisi qeyd etdi ki, sorğuda başqa nüanslar da var: “Məsələn, rus ordusunun gəlişinin sülhün təmin edilməsində roluna inam 35 faizə bərabərdir. Burada fərqli məsələlər var. Çünki biz situativ olaraq sülh prosesini nəzərdə tutub sual vermişik. Amma uzunmüddətli sülhlə bağlı vətəndaşların rus qoşunlarına münasibəti mənfidir”.

 

Ə.Əlibəyli bildirdi ki, Türkiyə və Rusiya sülhməramlılarının bölgədə birgə sülhə nəzarət etməsi barədə suala görə rəqəm fərqlidir: “Türk və rus sülhməramlılarının birgə fəaliyyəti barədə əhalinin 57 faizi müsbət fikirdədir. Söhbət ermənilərin azərbaycanlılara qarşı antikonstitutsion fəaliyyətinin qarşısının alınmasından gedir. Ancaq sorğunun nəticələrində görə bilərsiniz ki, yalnız türk sülhməramlılarının bölgədə sülhün təminatçısı olacağına 29 faiz inanır. Bu rəqəm insanları çaşdırmasın, sual türk əsgərinin bölgədəki fəaliyyəti ilə bağlı verilib, bu sual eyni zamanda bölgədə birgəyaşayışa münasibət ilə nəzərdə tutularaq verilib. 47.3 faiz isə Türkiyə hərbi kontingentinin sülhməramlıların tərkibində yer almasını bölgədə dayanıqlı və uzunmüddətli sülhün təminatı olaraq görür. Eyni zamanda burada ermənilərin özünə münasibəti də nəticələrdə əks olunub. Çünki biz də türkük, Türkiyə türkləri də türkdür, o zaman türk ordusunun bölgədə sülhün təminatçısı olacağı ermənilərin bunu necə qarşılayacağı baxımdan az faizdir. Yəni ermənilərlə birgəyaşayışa münasibətin qiymətini də ölçüb nəticə çıxarmışıq”.

Tarix: 24 Dekabr 2020, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin