İlham Əliyev Nursultan Nazarbayevi təbrik etdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası “Nur Otan” Partiyasının Sədri Nursultan Nazarbayevə məktub ünvanlayıb.

 

Pravda.az xəbər verir ki, məktubda deyilir:

 

"Hörmətli Nursultan Abişeviç,

 

Lideri olduğunuz “Nur Otan” Partiyasının Qazaxıstanda keçirilmiş parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə Sizi öz adımdan və Yeni Azərbaycan Partiyası adından ürəkdən təbrik edirəm.

 

Qazaxıstanın müasir tarixi ölkənin aparıcı siyasi qüvvəsi olan “Nur Otan” Partiyasının fəaliyyəti ilə sıx bağlıdır. Partiya yarandığı gündən Qazaxıstan dövləti və xalqına şərəflə xidmət etmiş, böyük işlər görmüşdür. Qurucusu olduğunuz və başçılıq etdiyiniz partiyanın bu qələbəsi Qazaxıstanın rifahı naminə həyata keçirdiyiniz ümummilli siyasətə, çoxşaxəli fəaliyyətinizə verilən yüksək qiymətin ifadəsi, xalqınızın Sizə olan inam və etimadının bariz təzahürüdür.

 

Azərbaycan ilə Qazaxıstanı ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanan strateji tərəfdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, bu xoş ənənələrə əsaslanan Azərbaycan-Qazaxıstan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

 

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzu edirəm".

Tarix: 12 Yanvar 2021, 18:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin