Deputat: “Prezidentin "Bu gecə çox az yatdım. Səhər saat 5-də oyandım" sözləri səmimiyyətin zirvəsi idi”

Cənab Prezidentin regionlara müxtəlif səfərlərinin şahidi olmuşuq. Bu səfərlərdə müəssisələrin, iş yerlərinin və sosial obyektlərin bünövrəsi qoyulub. Cənab Prezidentin Şuşaya səfəri isə işğaldan azad olunan ərazilərdə yenidən həyatın canlanmasının rəmzi mənası idi. Füzulidə hava limanının təməli qoyuldu. Füzuli-Şuşa yolunun açılışı oldu. Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla xanım Əliyeva tarixi Şuşa şəhərinə səfər etdi. Bu, əslində Azərbaycanın, bütövlükdə xalqımızın Şuşaya qayıdışının rəmzi göstəricisidir.

 

Bu fikirləri Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev bildirib.

 

Komitə sədrinə görə, cənab Prezidentin Füzulidə hava limanının təməlini qoyarkən söylədiyi fikirlər, qısa müddətdə Qarabağın dünyanın ən cazibədar bir məkanına çevriləcəyinə əminlik yaradır:

 

“Qısa zamandan sonra bütün işğaldan azad olunmuş ərazilərdə həyat yenidən canlanacaq. Beynəlxalq aeroportun açılması ilə azərbaycanlıların, ölkəyə gələn xarici qonaqların ən çoxu bu əraziləri ziyarət edəcək. Dünya görəcək ki, bu ərazilərin əsl sahibləri geri qayıdıb. Beynəlxalq ictimaiyyət görəcək ki, ermənilər işğalçılıq və vandallıqları ilə Qarabağda tarixdə görünməmiş vəhşilik törədiblər. Azərbaycanlılar qısa zamandan sonra o əraziləri əsl cənnətə çevirəcək. Bu torpağın əsl sahiblərinin kim olduğunu göstərəcək.

 

Cənab Prezident zəfərin məntiqi davamı olaraq o torpaqlara qalib Ordunun Müzəffər Sərkərdəsi, özünün açdığı Qələbə yolu ilə getdi. Şuşada cənab Prezidentin vermiş olduğu mesajlar olduqca böyük tarixi və mənəvi əhəmiyyət daşıyır. Cənab Prezident tərəfindən Azərbaycan mədəniyyətinin rəmzləri Bülbülün, Natavanın, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş büstlərinin Şuşaya qaytarılması tarixi ədalətin təntənəsi idi”.

 

Musa Quliyev Şuşada, Cıdır düzündə cənab Prezidentin söylədiyi fikirlərin də önəmindən bəhs edib:

 

“Bu, bir daha bütün dünyaya göstərdi ki, Şuşanın əsl sahibləri bu gün Şuşaya qayıdıb. Şuşanı biz dünyanın mədəniyyət mərkəzlərindən birinə çevirəcəyik. Cənab Prezident ermənilər tərəfindən dağıdılmış Molla Pənah Vaqifin məqbərəsini ziyarət edib. Bildirib ki, Vaqif poeziya günləri, “Xarı bülbül” festivalı keçiriləcək. Bu tarixi günlər tək Azərbaycanın mədəni coğrafiyası ilə yekunlaşmayacaq. Burada dünyanın, qonşu və dost dövlətlərin tarixi-mədəni və müsiqi dünyasından olan insanlar iştirak edəcək. Bu da yenidən həmin ərazilərə mədəniyyətin, mənəviyyatın qayıtmasına dəlalət edir.

 

İşğala qədər Şuşada 17 məscid olub. Onlardan yalnız biri qalıb. Qəbir daşları belə erməni tərəfindən dağıdılıb. Şuşada bir məsciddə isə Azərbaycan ornamentləri, tarixi izlər silinərək təmir edilib. Bununla Ermənistan özünü İslamın “dostu” kimi qələmə verməyə çalışıb. Əsl reallıqda isə tarixi saxtalaşdırmaq onu dağıtmaqdan daha təhlükəlidir. Başqa bir millətə məxsus tarixi, dini abidələri özününküləşdirmək ən böyük tarixi cinayətdir”.

 

Millət vəkili əlavə edib ki, Cıdır düzündə cənab Prezidentin "Mən, bu gecə çox az yatdım. Səhər erkən - saat 5-də oyandım", - sözləri isə səmimiyyətin zirvəsi idi:

 

"Bir tərəfdə qətiyyət, hünər, digər təfədə isə böyük bir səmimiyyət, xalqına, torpağına sevgi var".

 

Teleqraf.com

Tarix: 17 Yanvar 2021, 00:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin