BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov: “Ramiz Mehdiyevlə, Əli Həsənovla dəfələrlə görüşmüşəm, heç biri ilə şəxsi qərəzim olmayıb”

“Sosial şəbəkədəki fəaliyyətimin şəxsi maraqlarıma xidmət etdiyini, Ramiz Mehdiyev - Əli Həsənov cütlüyü və onların tör-töküntüləri ilə şəxsi düşmənçilik apardığımı deyənlərdən xahiş edirəm ki, indi yazacaqlarımı diqqətlə oxusunlar və yadlarında saxlasınlar. Şəxsi düşmənçilik şəxsi münasibətlərdən yaranır. Mənim son 10-15 ili aktiv mübarizə apardıqlarım Ramiz Mehdiyevi, Əli Həsənovu şəxsən tanısam, dəfələrlə görüşsəm də, heç vaxt, heç biri ilə şəxsi qərəzim olmayıb, əksinə hər iki şəxs mənimlə görüşlərində xətrimi istədiklərini bildirib və hər zaman dəstəklərini təklif ediblər. Son 5 ildir ki, məni ən aşağılayıcı formada təhqir edənlərin, böhtan atanların əksəriyyəti ilə isə heç vaxt qarşılaşıb söhbət belə etməmişəm. Bundan başqa mənim vəzifəm, vəkillik fəaliyyətimin də onların tutduqları vəzifə ilə heç bir əlaqəsi olmayıb. Hansısa biznesim, obyektim də olmayıb ki, maddi maraqlarımız toqquşsun. Sadəcə, çoxlarından fərqli olaraq onların fəaliyyətinin Dövlətimiz, Xalqımız üçün çox ziyanlı olduğunu görmüşəm və daim buna etirazımı açıq şəkildə bildirmişəm. Çox təəssüf edirəm ki, bu gün onları ifşa edənlərin əksəriyyəti heç vaxt onlar haqqında mənfi fikir bildirməyib, əksəriyyət isə elə onların yetirmələridir. Vəzifədən kənarlaşdırıldıqdan sonra onların yazılarını diqqətlə izləyənlər dediklərimin özlərinin də etiraf etdiklərini görərlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

“Bu iki şəxs uzun illər əllərində olan KİV, güc strukturları vasitəsi ilə haqqımda qalmaqallı insan və guya kimlərləsə şəxsi intriqalar apardığım təəssüratı yaratmağa çalışıblar və buna qismən də olsa nail olublar. Sonda bir daha təkrar edirəm ki, bu iki şəxs bu gün vəzifədə olmasalar da ölkənin siyasi, ictimai həyatına güclü təsirlərini hələ də saxlayırlar. Onların Dövlətimiz, Xalqımız əleyhinə olan fəaliyyətləri bu gün də dayanmayıb və ciddi addımlar atılmasa dayanmayacaq. Ən azından heç olmasa 44 günlük müharibə zamanı susan və dünən şəxsi bloquna çevirdiyi Akademiyanın saytında dərc etdiyi öz yeni yazısı ilə ortaya atılan Ramiz Mehdiyevin, onun komandasının və mənim bundan sonrakı fəaliyyətimi izləyin” – A.İsmayılov qeyd edib.

Tarix: 28 Yanvar 2021, 20:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin