BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bütün infeksiyalara qarşı bir peyvəndin olmasını deyənlər..."

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev son günlər bir sıra mütəxəssislərin vaksinlərlə bağlı verdiyi açıqlamalar barədə fikirlərini bildirib.

 

O, koronavirusdan da dəhşətli virusların olacağı, bununla bağlı təcili vaksinlərin hazırlanmasını tələb edən bəzi mütəxəssisləri qınayıb:"Bu gün klinik fəaliyyətlə məşğul olmayan, yaxud da  ixtisası ona icazə verməyən insanların virusdan, virusa təsir edən vaksindən danışması, vaksinin təsir istiqamətini başqa istiqamətə yönəldərək şərh verməsi düzgün deyil. Bu insanları əsassız olaraq səhv yola yönəldir. Bütün infeksiyalara qarşı bir peyvəndin olmasını deyənlərin fikirləri onların təhsil səviyyəsindən və tibbi anlayışlarından xəbər verir. İnsanlarımız birmənalı şəkildə bilməlidir ki, bu gün onlar elmin dediyinin ardınca getməlidirlər. Burada da vaksinasiya mütləqdir. Bu bizim hamımıza, pandemiyaya qalib gəlməyə və normal həyata qayıtmağa kömək edəcək. Vaksinasiya ilə yanaşı virusdan qoruyucu tədbirlərin hamısı önəmlidir. Bir daha deyirəm ki, yalnız elmə əsaslanan fikirlərə inanmaq lazımdır. Bu istiqamətdə son həftə elmi ədəbiyyata üç, çox vacib tədqiqat daxil olub. Bu tədqiqatlarla biz bir daha görürük ki, vaksinasiya nə dərəcədə önəmlidir".

 

Azərbaycanlı alim tədqiqatın nəticələri haqda danışıb: "Dünyada qəbul olunmuş vaksinasiya strategiyasında əsas məqsədlərdən biri də peyvəndləmədən sonra yeni yoluxmaların qarşısının nə dərəcədə alındığını bilməkdir. Məlumdur ki, peyvənd olunan insanların müəyyən qismi buna baxmayaraq virusa yoluxa bilərlər, sadəcə burada virus yükündən asılı olaraq xəstəliyi nə qədər yüngül keçirəcəklərini bilmək və digər peyvənd olunmayan insanları hansı səviyyədə yoluxdura biləcəyi məsələsi önəmlidir ki, bu da son tədqiqatlarda araşdırılıb. Tədqiqat nəticəsində peyvənd aldıqdan bir müddət sonra virusa yoluxan insanların aşkar olunduğu məlum olub. Elmi araşdırmaların nəticələrinə əsasən, o da  müəyyən edilib ki, hətta birinci doza ilə peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar. Bu zaman virusun virulentliyi çox aşağı olur və digər insanları yoluxdurması da azalır. Bu da o deməkdir ki, peyvəndin tətbiqi virusa yoluxmamağın qarşısını almaqla yanaşı, onun ötürülməsini də əngəlləyir, yəni insanlar arasında yoluxma hallarının ciddi azalmasına da gətirib çıxarır”.

 

N.Abdullayev əlavə edib ki, aparılan elmi tədqiqatda həmçinin peyvənd aldıqdan bir müddət sonra virusa yoluxaraq xəstəliyi çox yüngül, bəzən də xəbərsiz keçirənlərin peyvənd almayan şəxsləri hansı səviyyədə yoluxdurması da araşdırılıb:"Peyvəndləmə başladıqdan sonra peyvənd vurulmayan insanlardakı virus yükü ilə peyvəndləmədən öncə olan ümumi virus yükü müqayisə edilib. Bu, böyük laboratoriyalarda gün ərzində 10-20 min insanlardan götürülən testlər vasitəsilə yoxlanılıb. Bu zaman əhali arasında aparılan ümumi peyvəndləmədən təxminən 2 həftə sonra gələn, öncədən peyvənd almayan insanlardakı ilkin diaqnozlara və onlarda olan virus yükünə baxılıb. Nəticədə məlum olub ki, peyvəndləmədən sonra xəstələnən insanların ümumi virus yükü peyvənddən öncə xəstələnən əhalidəki virus yükündən çox aşağıdır. Həmin bu virus yükü təxminən xəstəlikdən bir həftə keçdikdən sonra sağalan insanda virulentliyini itirən virus yükünə bərabər olub. Bir sözlə, aparılan elmi tədqiqatlarda peyvəndin təsirindən nəinki peyvənd alan şəxslərdə, hətta peyvənd almayan insanlarda da virus yükünün xeyli aşağı endiyi məlum olub ki, bir daha deyirəm bu da xəstəliyi çox yüngül simptomlarla və ya heç hiss etmədən keçirmək deməkdir”.

 

N.Abdullayev öz həmvətənlərinə səslənib:

 

"Azərbaycanda da hər kəs tez bir zamanda peyvənd olunmalıdır ki, normal həyata qısa müddət ərzində qayıda bilsinlər. Əgər vaksinasiya uğurla davam edərsə və əvvəldə qeyd etdiyim effektlər ümid edilən kimi uzun müddətli qalarsa, pandemiyanı bitirmək üçün bir başa selikli qişa immuniteti yaradacaq ikinci nəsil peyvəndlərin tətbiqinə ehtiyac qalmayacaq və pandemiyanın qarşısı hazırda istifadə olunan birinci nəsil peyvəndlərin tətbiqi vasitəsilə alınacaq”.

 

Musavat.com

Tarix: 24 Fevral 2021, 14:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin