BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ali Baş Komandan azərbaycanlıların nüfuzunu və qürurunu özlərinə qaytardı”

“Regionda müşahidə edilən proseslər dünyada baş verən geosiyasi proseslərin tərkib hissəsidir. Xocalı qaçqınlarının doğma torpaqlarına qayıtdıqlarını görmək hər kəsin arzusudur, yenə də məsələnin həlli üçün tələsmək lazım deyil”.

 

Bunu Pravda.az-a açıqlaması zamanı Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Xocalının və bütün şəhidlərimizin intiqamı alınıb: “Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusu 200 il ərzində yaranmış erməni illuziyalarını, erməni mifini darmadağın etdi. Ordumuzun hücum edən tərəf olmasına baxmayaraq, düşməndən qat-qat az itki verdik və düşmənə sarsıdıcı zərbə endirməklə təkcə Ermənistan ordusuna deyil, dünya ermənilərinə sağalmaz yaralar vurduq. Nəticədə, torpaqlarımızı düşmən işğalından azad etdik, sərhədlərimizi bərpa etdik, dünyada Azərbaycan adlı dövlətin siyasi çəkisini yüksəklərə qaldırdıq, azərbaycanlıların nüfuzunu və qürurunu özlərinə qaytardıq. Bütün bunlara görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm. II Qarabağ Müharibəsindəki qələbəmiz göstərdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülməyib, bu gün şəhidlərimizin ruhu şaddır və Azərbaycan xalqı böyük qürur hissi ilə dünya xalqları arasında başını daha dik tutur. Elə bir hissdir ki, buna başqa heç nə hesabına çatmaq mümkün deyildi, bu qələbə hissini indi bütün Azərbaycan xalqı yaşayır”.

N.Məhəməliyev vurğulayıb ki, Xocalıya qayıtmaq hər birimiz üçün əvəzolunmazdır, Xocalı qaçqınlarının öz torpaqlarında məskunlaşdıqlarını görmək hər kəsin arzusudur: “Lakin bütün bunlara baxmayaraq, yenə də məsələlərin həlli üçün tələsmək lazım deyil. Nəzərə almaq lazımdır ki, regionda müşahidə edilən proseslər dünyada baş verən geosiyasi proseslərin tərkib hissəsidir. Biz 30 il ərzində öz halal haqqımızı dünya birliyindən tələb etsək də, adekvat cavab ala bilmirdik, onlar işğalçı ilə işğala məruz qalanı eyni tərəzidə görürdülər. İşğalı hər zaman pisləsmələrinə rəğmən, problemin həlli üçün heç bir real addım atmırdılar. Ona görə də müəyyən məsələlərin həlli üçün mütləq zamana ehtiyac var”.

 

Deputat bildirib ki, hazırda Ermənistanda ictimai-siyasi proseslər o həddə çatıb ki, dövlət idarəetmə və dövlətarası münasibətlər sistemi tamamilə deqradasiyaya uğrayıb: “Baxmayaraq ki, düşmən biabrçı məğlubiyyətlə üz-üzə qalıb, yenə də xalqı revanşizmə çağıran qüvvələr kifayət qədərdir. Təbii ki, bunun heç bir əsası yoxdur. Müharibə aparmaq üçün mütləq lazım olan güclü ordu və iqtisadiyyatdan heç biri Ermənistanda yoxdur. Təkrar edirəm, konkret məsələlərin real həllinə nail olmaq üçün müəyyən zamana ehtiyacımız var. Hesab edirəm ki, zaman hər şeyi öz yerinə qoyacaq. Üstəlik, nəzərdən qaçırmaq olmaz ki, regionda maraqlı olan III və IV qüvvələr var və bu qüvvələr, ənənəvi olaraq, hər hansısa münaqişədən öz məqsədləri üçün istifadə etmək istəyirlər”.

 

Nəzrin Cavid

Tarix: 25 Fevral 2021, 16:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin