BURADA REKLAMINIZ OLA
BİLƏR

“Vətən Müharibəsi göstərdi ki, milli birlik Ermənistanda deyil, Azərbaycandadır”

“Azərbaycan Prezidentinin son 17 ildə bütün sahələrdə, eləcə də ordu quruculuğunda tətbiq etdiyi məqsədyönlü siyasəti öz nəticəsini Vətən Müharibəsində göstərdi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

 

Deputat Prezident İlham Əliyevin fevralın 25-də şəhid ailələri və müharibə əlilləri ilə görüşdəki çıxışı barədə fikirlərini bölüşüb: “Cənab Prezident bu görüşdə bir sıra məsələlərə toxunub, o cümlədən Azərbaycanın ötən ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsindəki qələbəsindən söz açıb. Prezident qeyd edib ki, həmin 44 gün ərzində Azərbaycan silahlı qüvvələri, igid əsgər və zabitlərimiz aslanlar kimi döyüşdü və döyüş meydanında Ermənistan ordusunu darmadağın etməklə dünya erməni faşizminə qalib gəlməyi bacardı. Cənab İlham Əliyev hər zaman bütün yüksək tribunalardan qeyd edirdi ki, əgər bu münaqişənin danışıqlar yolu ilə həlli yoxdursa, hərbi həlli mütləq var. Əlavə olaraq, Prezident bildirib ki, 30 il ərzində erməni vandalları vətən torpaqlarımızı işğal altında saxladıqları müddətdə onların havadarları hər zaman qeyd edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Görünür ki, bununla onlar Azərbaycana təzyiq formasını saxlayırdılar və eyni zamanda, çalışırdılar ki, Azərbaycan həmin vəziyyətlə barışsın. Lakin cənab İlham Əliyev hər zaman bütün yüksək tribunalardan qeyd edirdi ki, əgər bu münaqişənin danışıqlar yolu ilə həlli yoxdursa, hərbi həlli mütləq var. 44 gün davam edən Vətən Müharibəsi də bunu bir daha sübut etdi. Həmçinin, Prezident vurğuladı ki, Ermənistan daim onların havadarları tərəfindən müxtəlif silahlarla təmin olunurdular, elə həmin "İsgəndər", “Toçka-U”, o cümlədən digər zenit raket kompleksləri də onlara pulsuz verilirdi və II Qarabağ Müharibəsi boyunca da yenə pulsuz silahlarla təmin edilirdilər. Amma bütün bunlara baxmayaraq, Azərbaycan Prezidentinin son 17 ildə bütün sahələrdə, eləcə də ordu quruculuğunda tətbiq etdiyi məqsədyönlü siyasəti öz nəticəsini Vətən Müharibəsində biruzə verdi. Dövlət başçısı bildirdi ki, Azərbaycan əsgər və zabitlərinin şücaəti, onların qəhrəmanlığı sayəsində Azərbaycan parlaq qələbəsini qazandı və düzgün qurulan strategiya, hər gün təsdiqlənən döyüş əməliyyatı nəticəsində ölkəmiz bu müharibəni minimum itkilərlə başa vurdu. Bu günə kimi də dünyanın aparıcı dövlətləri döyüşün miqyasına uyğun Azərbaycanın nə qədər az itki verdiyindən danışırlar və bizim müharibə qabiliyyətimizi öz ölkələrində tətbiq etməyə başlayırlar”.

Deputatın fikrincə, Ermənistandakı hərc-mərclik, Azərbaycandakı inkişaf meylləri isə onu deməyə əsas verir, gələcəkdə işğaldan azad edilmiş Azərbaycan torpaqlarına köçürülən əhali heç zaman özlərini qorxu içində hiss etməməlidirlər: “Onlar həmin ərazilərdə həyatlarına tam rahat şəkildə davam edə bilərlər. Ali Baş Komandan onu da qeyd etdi ki, Azərbaycan indi də ən müasir silahları almaqda davam edir və artıq müqavilələr bağlanıb. Biz hər zaman ordumuzun qüdrətlənməsini həyata keçirəcəyik, çünki qonşumuzda revanşist qüvvələr var və bu qüvvələr onların havadarlarının dəstəyi ilə yenidən baş qaldırmağa çalışsalar, bu dəfə qarşılarında daha böyük "dəmir yumruq" görəcəklər. 30 il müddətində erməni xalqının döyüşkən olduğunu və Ermənistanda milli birlik olduğunu hər zaman vurğulayırdılar. 44 gün davam edən Vətən Müharibəsi isə göstərdi ki, o milli birlik Ermənistanda deyil, Azərbaycandadır. Ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşdilər və düşmənin başına elə bir zərbə endirdilər ki, bu gün hələ də özünə gələ bilmir. Ermənistanda qarşılıqlı ittihamlar, həbslər, vətəndaş qarşıdurmaları, xaos və bütün demokratik prinsiplərin əleyhinə istiqamətlənən addımlar atılır, amma nədənsə insan haqlarını qoruyan beynəlxalq təşkilatların hər biri, sanki, Ermənistanda heç nə baş vermirmiş kimi susqunluqlarını davam etdirirlər, yəni yenə də ikili standartlarla çıxış edirlər. Əlbəttə ki, bütün bunların hər biri göstərir ki, Azərbaycan güclü və qüdrətli dövlətdir və biz hərbi potensialımızı daha da gücləndirəcəyik, çünki işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə başlamışıq. Görüş zamanı ölkə başçısı vurğulayıb ki, hər zaman şəhid ailələrinə, qazilər və müharibə əlillərinə böyük diqqət və qayğı göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərdən biridir. Bu gün keçirilən görüşdə 1512 ailəyə mənzil verilməsi də bunun əyani sübutudur. Təkcə 2021-ci ildə Bakı, Sumqayıt və Abşeronda yaşayan 3000-ə yaxın müharibə əlilləri və şəhid ailələrinə mənzillərin verilməsi nəzərdə tutulub”.

 

C.Osmanov vurğulayıb ki, 1990-cı illərin əvvəllərində o vaxtkı hakimiyyət hərisləri AXC-Müsavat mənfur cütlüyünün satqınlığı nəticəsində, yəni siyasi hakimiyyətə gəlmək üçün xəyanət yolunu tutduqları üçün Ermənistan fürsətdən istifadə edərək Azərbaycan torpaqlarını işğala məruz qoydu: “Həmin vaxt xalqımıza qarşı misli görünməmiş soyqırımlar törədildi. Dövlət başçısı bu məsələni çox doğru qeyd edir. Ölkənin birinci şəxsidir, kifayət qədər məlumatlıdır. Qarşı tərəf isə cavab verə bilmir. Çünki arqumentləri yoxdur. Zaman keçdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə intiqam ala bildik. Şahidi oldular ki, doğrudan da, Azərbaycan dövləti güclü və qüdrətlidir və bu güclü dövlətin qətiyyətli lideri - Cənab Prezident İlham Əliyevdir. Vətən Müharibəsi də bir daha nümayiş etdirdi ki, Müzəffər Ali Baş Komandanımızın düzgün qurduğu strategiya nəticəsində Azərbaycan parlaq qələbə qazandı”.

 

Nəzrin Cavid

Tarix: 26 Fevral 2021, 08:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin