BURADA REKLAMINIZ OLA
BİLƏR

"Əli Həsənovun heç vaxt bizə münasibəti müsbət olmayıb"

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Hesablama Palatasının apardığı yoxlama ilə bağlı müsahibə verib.

 

- Azay müəllim, yoxlamalar gedir. Bu barədə danışardınız...

 

- Çox sağ olun suala görə. Sizə minnətdaram ki, elə bu məsələyə görə maraqlanır və araşdırırsınız. Bu, təbii bir prosesdir. Hesablama Palatası bütün dövlət qurumlarında, yaxud büdcədən maliyyələşən qurumlarda planlı şəkildə yoxlamalar aparır. Bu yoxlamalar Şurada da gedir. Hesab edirəm ki, bu yoxlamaların çox böyük faydası var. Yoxlamalar nəticəsində katibliyin fəaliyyətində olan boşluqlar, çatışmazlıqlar, nöqsanlar müəyyənləşir. Bunun aradan qaldırılması üçün tövsiyələr və metodik yardımlar olunur. İstəməzdim ki, bu yoxlamalarla bağlı məsələ siyasiləşdirilsin və buna don geyindirsinlər. Bunu şəxsim üzərinə gətirsinlər. Azay Quliyevin yoxlanması aparılmır və o, Şurada maddi məsul şəxsdə deyil. Bilirsiniz ki, biz Şuranın fəaliyyətində ictimai əsaslarla fəaliyət göstəririk. Hesablama Palatasının yekun verdiyi rəylə yəqin ki, yaxın zamanlarda tanış olacağıq.

 

- Ciddi nöqsanlar aşkar olunarsa, istefa verəcəksinizmi? Bu barədə də fikirlər səsləndirilir...

 

- Təəssüflər olsun ki, bəzi adamlar bu məsələni siyasiləşdirir. Bədxahlar gözləyirlər ki, fürsət düşən kimi ictimai bir şəxsə qarşı kampaniyaya başlasınlar. Bu da onlar üçün bir fürsətdir. Görünür bunlar bu hadisədən istifadə edib mənə qarşı kampaniya hazırlamağa başlayırlar. Hesab edirəm ki, buna cəhd etməsinlər və bunun mənası yoxdur. Hər bir şey qanun çərçivəsində aparılır. Şurada aparılan yoxlamalar şəffaf, aşkar və planlaşdırılmış bir yoxlamadır. Bu, təkcə Şurada aparılmır. Yenə də deyirəm ki, Hesablama Palatasının apardığı yoxlama nöqsan aşkarlamaqdan ibarətdir. Bu onların vəzifəsidir. Ona görə bura gəliblər. Gəlməyiblər ki, kimi isə tərifləsinlər. Yaxud da onun işini ölçməməyə və bizi yüksək səviyyədə təqdim etməyə. Hər bir təşkilatda nöqsan ola bilər. Şurada bu məsələyə cavabdeh olan maliyyə qurumu və yaxud katiblik bütün məsələləri nəzərə almağa hazırdır. Yəqin ki, aşkarlanan nöqsanlar aradan qaldırılacaq. Növbəti ildə bu məsələlər daha da tənzimlənəcək. Yoxlamaları mənim şəxsimə gətirilməsi, bunun mənimlə bağlanması məqsədyönlü şəkildə ola bilər.

 

- Azay bəy deyilənə görə, sizin sədri olduğunuz təşkilata Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov rəhbərlik edib və onun tapşırıqlarını icra etməklə məşğul olmusunuz?

 

- Bəli, Ə.Həsənov rəhbərlik edib. QHT sektoru Ə.Həsənov vəzifədə olduğu uzun müddətdə onun kurasiyasında olub. Burada sensassiya xarakterli bir şey yoxdur. Şurada dövlətin siyasətini, dövlətin həyata keçirdiyi konsepsiya ilə biləvasitə Ə.Həsənov məşğul idi və o, rəhbərlik edirdi. Bütün layihələr də şəffaf və açıq şəkildə müzakirə olunurdu. Hətta son vaxtlar biz vətəndaş səsverməsini də tətbiq etmişdik. Hesab edirəm ki, məsələyə siyasi baxımdan yox, sırf praktiki baxımdan mövcud qaydalar proseduru baxımından baxmaq lazımdır. Yəqin ki, bu barədə heç vaxt danışmamışam. Əli Həsənovun heç vaxt bizə münasibəti birmənalı müsbət olmayıb. Ona görə də mən həmişə çalışırdım ki, iş elə qurulsun ki, burada proseslər tam şəffaf və aydın şəkildə getsin.

 

- Qarşınızda iki vəzifədən birini seçim etmək qoyulsa, hansında qalacaqsınız?

 

- Qulaq asın Şuradan istefa vermək üçün nə əsas var? Şurada fəaliyətim dövlət vəzifəsi deyil. Bunu siz bilin. Bu, ictimai vəzifədir. Şuranın sədri kimi, maddi məsul şəxs deyiləm. Bu, ciddi fərqdir. Xahiş edirəm, bunu qəbul edin. Mən Şuranın maliyyə məsələlərinə qərar vermirəm. Əlbəttə, Şuranın qəbul etdiyi qərarlar kollegiya şəklində qəbul edilən qərarlardır. Söhbət bunun icrası prosesindən gedir. Hesablama Paltası problemlər aşkarlıyıbmı? Hesablama Palatasının işi nöqsanlar aşkarlamaqdır. Bunu təkrar edirəm. Ümumi mənzərə (nöqsanlar) var. Hər halda bu yekun rəy ola bilməz. Palatanın yekun rəy olacaq. Amma məsələni bu qədər şişirtmək, bu qədər tələskən rəy verməyə nə ehtiyac var? O ki qaldı mənim istefa verməyimə məsələni bu yöndə istiqamətləndirməyə maraqlı olan tərəflər var. Onlar da davamlı şəkildə bu məsələləri şişirtmək istəyirlər. Onlara tövsiyə edərdim ki, tələsməsinlər. Prosesləri qabaqlayıb kiməsə qarşı müəyyən kampaniyaya başlamasınlar. Başlasalar da, canları sağ olsun. Onlara qarşı onsuz da mənim xüsusi bir fəaliyyətim olmayacaq. Amma bu məsələni onların öz vicdanlarına, obyektivliklərinə buraxıram. Nəyi necə istəyirlərsə, elə də təqdim etsinlər.

 

Mediapost

Tarix: 1 Mart 2021, 16:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin