BURADA REKLAMINIZ OLA
BİLƏR

Çingiz Qənizadə: “Prezidentin mətbuat konfransı Azərbaycanın mövqeyini daha da möhkəmləndirdi”

Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm önəmə malikdir. Dörd saatdan çox davam edən mətbuat konfransında dövlətimizin başçısı 35-dən çox media nümayəndəsinin 50-yə yaxın sualına ətraflı cavab verdi. Prezident həm də dünya ictimaiyyətinə çox mühüm mesajlar çatdırdı.

 

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

 

Çingiz Qənizadə qeyd edib ki, mətbuat konfransının Xocalı soyqırımının 29-cu ildönümündə keçirilməsi xüsusi önəm kəsb edirdi. Dövlətimizin başçısı xarici KİV-lərin diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi, Xocalı ilə bağlı gerçəklikləri bir daha bütün dünyaya bəyan etdi. Dövlətimizin başçısı sualları yüksək diplomatik məharət, natiqlik nümayiş etdirərək, səlis, təfərrüatlı, dəqiqliklə, məntiqlə, tam əsaslandırılmış şəkildə, özü də müxtəlif dillərdə cavablandırdı. Prezidentin bu peşəkar xüsusiyyətləri xarici media nümayəndələrində, sözün həqiqi mənasında, heyrət doğururdu. Böyük Britaniyadan olan müstəqil jurnalist Aynur Tattersalın “Cənab Prezident, bizi bura dəvət etdiyinizə görə Sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım” sözləri bunun əyani göstəricisi oldu.

 

Mətbuat konfransında dövlətimizin başçısına ünvanlanan suallar onu göstərdi ki, bir çox qlobal məsələlərlə bağlı Azərbaycanın sözünə qulaq asmaq, ölkəmizin proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın coğrafiyası genişlənib. Bu, onunla əlaqədardır ki, artıq regionda yeni reallıq yaranıb. Bu gün dünya mediasının da əsas diqqəti bu reallığa yönəlib. Hazırda dünyanın aparıcı media qurumları regionda baş verən hadisələrin şərhini məhz Azərbaycan Prezidentindən almağa çalışır, real vəziyyətə dair informasiyanı ölkəmizdən əldə edir. Çünki bütün dünya şahidi oldu ki, Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoydu, torpaqlarını qaytardı, öz ərazi bütövlüyünü bərpa etdi. Əlbəttə ki, bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində baş verdi. Bütün bunlar beynəlxalq miqyasda Azərbaycana, onun Prezidentinə olan hörməti daha da artırdı.

 

Hüquq müdafiəçisi vurğulayıb ki, Azərbaycan Prezidentinin bu mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı mühüm qələbəsidir. Mətbuat konfransında dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana getdikcə artan maraqdan xəbər verirdi. Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə gələn, xüsusilə işğaldan azad edilmiş ərazilərdə vəziyyəti işıqlandıran xarici jurnalistlərin sayı daha da artıb. Cənab Prezidentin də qeyd etdiyi kimi, dünya mətbuatının ölkəmizə münasibəti artıq dəyişir. Əvvəllər Azərbaycan həqiqətləri ilə bağlı susqunluq nümayiş etdirən xarici media indi mövcud reallığı öz gözləri ilə görür və qiymət verir. Əlbəttə ki, bu, müharibədə Azərbaycanın qazandığı tarixi Zəfərlə yanaşı, dövlətimizin başçısının 44 gün ərzində xarici KİV-lərə 30-dan artıq müsahibə verməsinin nəticəsidir. Həmin müsahibələrdə dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasətinin əsl təcavüzkar mahiyyətini ifşa etdi ki, bu da informasiya müharibəsində ermənilərə ən böyük zərbə oldu, Azərbaycana qarşı qərəzli fikirlər müsbətə doğru dəyişməyə başladı. Azərbaycan Prezidentinin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasət bütün cəbhələrdə vəziyyəti ölkəmizin xeyrinə dəyişib.

 

Onu da xüsusi vurğulamaq lazımdır ki, bu mətbuat konfransı ilə Azərbaycana Prezidenti növbəti dəfə bir ilkə imza atdı. Bu, dövlətimizin başçısının yerli və xarici media nümayəndələri ilə dörd saatdan artıq davam edən ilk görüşü idi. Cənab Prezident bu məsələyə toxunaraq dedi: “Mən bilirəm, hərdən yerli jurnalistlər də bir növ gileylənirdilər ki, niyə Prezident Əliyev mətbuat konfransları təşkil etmir, müsahibələr vermir. Mən hesab edirəm ki, hər bir işin öz vaxtı var. Sənin vermək istədiyin bir mesaj varmı və səni dinləyəcək bir auditoriya varmı? Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur”. Bəli, dövlətimizin başçısı mətbuat konfransında bir çox önəmli mesajlar verdi və onun hər fikrini maraqla dinləyən geniş bir auditoriya var idi. Hər kəs Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu bir daha gördü.

 

Mətbuat konfransı işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərin xarici media vasitəsilə dünya ictimaiyyətinə çatdırılması baxımından da böyük önəmə malikdir. Dövlətimizin başçısı Azərbaycanın azad edilmiş torpaqlarında ermənilərin törətdikləri dağıntılar barədə ətraflı məlumat verdi, erməni vandalizminin iç üzünü bir daha açdı. Bundan başqa, Prezident azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verdi.

 

“Beləliklə, Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Bu mətbuat konfransı informasiya cəbhəsində Azərbaycanın mövqeyini daha da möhkəmləndirdi”, - deyə Çingiz Qənizadə qeyd edib.

 

Azərtac

Tarix: 1 Mart 2021, 17:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin